“Yeyib-içən” oğlanların xətrinə dəyməsin, amma...

/ Bazar ertəsi, 30 Noyabr 2020 13:25
“Yeyib-içən” oğlanların xətrinə dəyməsin, amma...

Hər bir azərbaycanlı Vətən müharibəsində qazanılan zəfər sevincini yaşamaqla yanaşı həm də bu qələbəyə aparan yolda verilən şəhidlərin itkisinə, yaralıların əzablarına üzülür. Amma bu üzüntüyə, bu kədərə rəğmən etiraf etməliyik ki, hər birimiz bu günlərdə Azərbaycan xalqının və dövlətçiliyinin tarixində ən parlaq səhifələrdən birinin yazılmasının canlı şahidi olduq. Bu qələbəyə aidiyyəti olan, onu xatırladan hər zərrəcik də, rəmz də artıq müqəddəsləşmiş sayıla bilər. Zaman ötdükcə isə onların müqəddəslik dərəcəsi azalmayacaq, əksinə, ancaq artacaq.

Belə rəmzlərdən biri də artıq hər azərbaycanlının qəlbində igidliyi və qorxmazlığı ilə məskən salmış topçu Vüsal Şahkərəmovun o məşhur “Rembo duruşu”dur. Müdafiə Nazirliyinin cəbhə xəttindən hazırladığı qısa məlumat çarxında yer alan Vüsalı bir anın içində bütün ölkə tanıdı və sevdi. Hətta sosial şəbəkələrdə və bəzi saytlarda belə xəbər də yayıldı: orta məktəblərdə tədris olunan Azərbaycan tarixi dərsliyinin üz qabığında Vüsalın söz açdığımız fotosu yer alacaq. Amma bu danışılanlar hələ müzakirə edilərkən, Vüsalın görüntüsü başqa yerdə peyda oldu. Nə Ordumuza, nə azərbaycançılığımıza, nə bayrağımızın yaşıl rənginə, nə də şanlı qələbəmizə yaraşmayan bir yerdə - araq butulkasının üzərində. 

Bu məhsulu ərsəyə gətirən “Azqranata” MMC-nin rəhbərliyi ilk baxışdan ona ünvanlanacaq iradları qabaqlayaraq tədbir görüb, Vüsalın atasından razılıq məktubu alıb. Amma bu yalnız ilk baxışdandır.

128309254 213294663645902 6913523889821489631 n

Əvvəla, həddi-buluğa çatmış bir şəxsin əvəzinə heç kim qərar qəbul edə bilməz. İkincisi, sözügedən fotonun hüquqları bilavasitə Müdafiə Nazirliyinə məxsusdur və bu qurumun icazəsi olmadan heç yerdə istifadə oluna bilməz. Üçüncüsü isə, hətta qeyd edilən razılıq məktubunda da ciddi qüsur var. Belə ki, Vüsalın atasının adı bu kağız parçasında gah İslam, gah da Hacıağa kimi göstərilib. Bu 3 qüsurdan yalnız biri kifayətdir ki, sözügedən razılığın sənəd yox, həqiqətən də yararsız kağız parçası olduğunu sübuta yetirsin.

Etirazların, qınaqların məğzi nədən ibarətdir? Əslində, hər şey aydın olmalıdır. Amma yenə də... 

Vətən yolunda canından keçən hər kəsə, - yaşından, milli və dini mənsubiyyətindən asılı olmayaraq, şəhid deyirik. Bu, sırf İslama aid termindir. Və indiyə qədər heç kimin ağlına gəlməyib ki, bu terminə etiraz etsin. Döyüşə yola salınanları da dindarlıq dərəcəsindən asılı olmayaraq, hamı Allaha tapşırır, Quran altından keçirir, hər gün Allaha üz tutub əzizin salamat qayıtması üçün dua edir. Amma neçə-neçə igidlərin özləri deyil, bayrağımıza bürünmüş tabutları döndü evlərinə, əzizlərinin yanına. Şəhid kimi döndülər. İslamın ən yüksək dəyər verdiyi şəhid. İndi Azərbaycan əsgərinin şəklinin dinimizin murdar saydığı məhsulun üzərinə vurulması dinimizə də, Ordumuza da, dövlətimizə də, şəhidlərin ruhuna da təhqir deyil, bəs nədir? 

Bir əlavəni də zəruri bilirik. Bəzən deyilir ki, Vətən müharibəsində həm də “yeyib-içən” oğlanlar, namazdan, ibadətdən uzaq olanlar, azad edilən ərazilərdə ilk olaraq şükür namazı qılan deyil, çaxır butulkasını açanlar da vuruşublar. Bəli, tamamilə doğrudur. Bu, həqiqətən də belədir. Çünki Azərbaycan Ordusu da cəmiyyətimizin bir parçasıdır. Cəmiyyətdə də eyni mənzərə müşahidə olunur. Ancaq nəzər saldığımız məsələyə yanaşma tam fərqli olmalıdır. Heç kim qələbəni şampan partlatmaqla, araq içməklə qeyd edənə qadağa qoya bilməz. Özü bilər, Allahı bilər. Amma elə dəyərlər var ki, onu heç kimin murdarlamasına icazə verilmir. Məsələn, Azərbaycan bayrağı istənilən təbəqəyə aid vətəndaş üçün müqəddəsdir, toxunulmazdır. Ona hörmətsizlik dövlət səviyyəsində cinayət kimi qiymətləndirilir. “Topçu” arağını satışa çıxarmaq istəyən işbazlar bunu bəlkə də anlamazlar, çünki onları ancaq pul, maddi gəlir maraqlandırır. Ancaq müvafiq qurumlar anlamağa və zəruri tədbir görməyə borcludurlar. Belə rəzalət həm keçmişimizə, həm bu günümüzə, həm gələcəyimizə, həm də bu möhtəşəm qələbəmizə qara ləkədir.

 

Please publish modules in offcanvas position.