Müharibədə son nöqtə qoyuldu. İndi növbə sizindir...

/ Cümə axşamı, 10 Dekabr 2020 18:55
Müharibədə son nöqtə qoyuldu. İndi növbə sizindir...

Faktiki olaraq Qələbə paradı ilə Vətən müharibəsində son nöqtə qoyuldu. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı hərbçilərə şəfa versin.  

İndi isə şairlərin, nasirlərin, kino xadimlərinin, bəstəkarların və digər incəsənət adamlarının üzərinə böyük məsuliyyət düşür. Bu 44 gün ərzində cərəyan edən tarixi hadisələri ən yüksək səviyyədə bədiiləşdirmək lazımdır. Şəhidlərimizin ruhuna, qəhrəmanlarımıza, xalqımıza yaraşan tərzdə...

Təəssüf ki, Birinci Qarabağ müharibəsindən ötən illər ərzində qeyd olunan təbəqə vəzifəsinin öhdəsindən layiqincə gələ bilmədi. Məsələn, təqribən 30 illik zaman kəsiyində Azərbaycanın kino sənayesi sözügedən mövzuda vur-tut 2 yadda qalan film ərsəyə gətirdi – “Fəryad” və “Dolu”. Vəssalam. Ha yaddaşıma güc gəlirəm, amma bir düz-əməlli film xatırlaya bilmirəm. Digər sahələr də eyni ilə. Əlbəttə ki, “Sarı gəlin” və dolmanın milli mənsubluğu istiqamətində mübarizə aparmaq da lazımdır. Ancaq bununla iş bitmir axı! Nəticədə... “Bəyin oğurlanması” filmindəki o məşhur epizod yadınızdadı? “İndeyski” “Brodyaqa” (“Avara”) filminə 43 dəfə baxan qəhrəmanı deyirəm... Bax, nəticə elə olur, tamaşaçı öz filmlərimizdən üz döndərir. Hərçənd qeyd olunan mövzu milli qürurun və mənliyin, gənc nəslin  formalaşmasında olduqca əhəmiyyətli amildir. 

Bir nümunə kimi isə SSRİ mirasına, İkinci dünya müharibəsindən sonra ərsəyə gələn kinofilmlərə, bəstələrə, nəsr əsərlərinə nəzər salmaq, bu təcrübədən yararlanmaq olar. Sovetlər dönəmində bu iş çox yüksək səviyyədə qurulmuşdu. Hətta Birinci Qarabağ müharibəsini tərənnüm edən yüksək bədiiliyə malik əsərlərin ərsəyə gəlməsi də mümkündür. Gecdir? Əsla! Qəhrəmanlıq elə bir nəsnədir ki, illər onun əzəmətini zərrə qədər azalda bilməz. Ötən əsrin 90-cı illərində isə kifayət qədər əfsanəvi qəhrəmanlarımız və parlaq şəxsiyyətlərimiz olub. Bir misal da yerinə düşər yəqin. 

Yaşlı və orta nəslin nümayəndələri bəstəkar David Tuxmanovun “Den pobedı” (Qələbə günü) mahnısını yaxşı xatırlayırlar. Hər il 9 may Qələbə günü münasibəti ilə bu mahnı dəfələrlə SSRİ-nin bütün televiziya kanallarından, müxtəlif tədbirlər zamanı səslənirdi. Elə indi də sözügedən bəstə Rusiyada çox populyardır. Amma yəqin çox az adam bilir ki, bu mahnı alman faşizmi üzərində qazanılan qələbədən düz 30 (!) il sonra bəstələnib, 1975-ci ildə. Odur ki, bugünkü əzəmətli paraddan ilhamlanaraq işə başlamağın əsl zamanıdır. Bu işin ustaları canlarını Vətən yolunda fəda edənlər qarşısında mənəvi borclarını nəhayət ki, ödəməlidirlər. Hərb və siyasi meydanda məğlub edilən düşməni incəsənət müstəvisində də susdurmağın zamanı yetişib. Allah müvəffəq eləsin!

V.Əliyev

 

Please publish modules in offcanvas position.