Azərbaycanda Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiyməti artırıldı

/ Çərşənbə axşamı, 05 Yanvar 2021 10:47
Azərbaycanda Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiyməti artırıldı

4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Belə ki, Dövlət Neft Şirkəti (SOCAR) Şuraya müraciət edərək ölkədə təbii qazın, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasını təklif edib.

Təbii qazın qiymət artımı təklifinin iqtisadi cəhətdən əsaslandırılmasına baxmayaraq, aparılan sosial siyasət nəzərə alınaraq, Tarif (qiymət) Şurası təbii qazın tariflərinin artırılmasını məqsədəmüvafiq hesab etməyib.

İclasda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.

Yeni tariflər 5 yanvar 2021-ci il tarixindən tətbiq ediləcəkdir.

Please publish modules in offcanvas position.