Hicablı qızın başını açan direktorun adı - ...

/ Çərşənbə, 17 Fevral 2021 13:22
Hicablı qızın başını açan direktorun adı - ...

Son iki gündə sosial şəbəkələrdə Novxanı qəsəbəsindəki 1 saylı orta məktəbin direktoru Taliyə Mirzəyevanın hicablı şagirdin başını açması ilə bağlı məlumatlar yayılıb. Bu gün isə direktor açıqlama verərək şiddət olmadığını, sadəcə şagirdi hicabla məktəbə buraxmadığını etiraf edib. Səbəb isə onu göstərib ki, qəsəbədə cənub bölgəsindən olan insanlar yaşayır və onlar da qızlarının hicabla məktəbə gəlməsini istəyərlər. 

Bu yerdə deyirlər ki, məntiq od tutub alışır. Direktor açıq şəkildə hicaba qarşı “müharibə” açdığını deyir. Bu belə...

Məsələnin hüquqi və qanuni tərəfi aydındır. Yəni, direktor açıq şəkildə ölkə qanunlarını və insan hüquqlarını pozur. Bu isə aşkar cinayətdir. İkinci bir cinayət isə ayrımçılıq, bölgələrə bölmə, bütovlüyü pozmaqdır. Belə bir şəxsə uşaqlarımızı etibar edirik?!

Gələk məsələnin digər tərəfinə. Kiminsə başında yaylıq, papaq, şərf və s olmasının tədrislə nə əlaqəsi var axı? Məgər dərsdə hicabla, papaqla oturanda müəllimin dedikləri uşağın başına girmir? Yoxsa, hicabda elə bir xüsusiyyət var ki, buna mane olur?

Axı nədir bu ayrımçılıq? Axı nədir Taliyə Mirzəyevanı narahat edən? Bəlkə uşaqların qayğısına qalır? Hə, yəqin ki, elədir. Hicabda olan bu fövqəlqüvvəni aşkarlayan Taliyə Mirzəyeva uşaqların savadsız olmasını istəmir. Başqa nə ola bilər ki? Axı 40 ilin “müəllimidir.” 

İndi nə düşünək? Qanunla qadağan deyil, konstitusiya icazə verir, Təhsil Nazirliyinin heç bir göstərişi yoxdur. Yaxşı, bu qərar kimin başının altından çıxdı? Bəlkə Taliyə Mirzəyeva bununla qarşıdurma yaratmaq istəyir? Dövlət və dövlətçiliyimizə, tolerantlığımıza zərbə vurmaq fikrindədir?

Suallar çoxdur. Yəqin ki, aidiyyəti qurumlar bu məsələyə reaksiya verib müvafiq tədbirlər görəcəklər. 

P.S. Bir neçə il əvvəl məktəblərin birində direktor müəllimi hicaba görə sıxışdırıb. Gənc müəllim də dərsə girəndə gözləri yaşlı olub. Təbii ki, şagirdləri bunu görüblər. Səbəbini biləndə isə maraqlı bir addım atıblar. Növbəti gün qızlar hicab bağlayaraq dərsə gəliblər və bununla öz etirazlarını bildiriblər. Çünki sevdikləri müəllimin məktəbdən ayrılmasını istəmirdilər.

P.P.S. 44 günlük vətən müharibəsində şəhid olan minlərlə qəhrəmanımızı dünyaya gətirən analardan, bacılardan nə qədər hicablı olanı var? Görəsən Taliyə Mirzəyevanın bundan xəbəri varmı? İnanmıram ki, olsun. Çünki vətənini, xalqını, millətini dövlətini sevən biri nənələrimizin namus rəmzi olan hicabı qızın başından açıb yerə atmazdı. Bu edənin isə bir adı var. Onu isə yazmıram. Yəqin özü oxuyub başa düşər...

 

Əli Cəfəri

 

Please publish modules in offcanvas position.