İƏGF Avrasiya Regional Mərkəzinin nümayəndə heyəti Pakistan Prezidenti tərəfindən qəbul edildi

/ Bazar ertəsi, 10 Fevral 2020 15:11
İƏGF Avrasiya Regional Mərkəzinin nümayəndə heyəti Pakistan Prezidenti tərəfindən qəbul edildi

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) bağlı beynəlxalq qurum olan İslam Əməkdaşlığı Gənclər Forumunun (İƏGF) Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin İdarə heyəti və rəhbərliyi Pakistan İslam Respublikasının Prezidenti cənab Arif Alvi tərəfindən qəbul edilib. 

Daha öncə məlumat verdiyimiz kimi, İƏGF Avrasiya Regional Mərkəzi Pakistanın Dini Məsələlər və İnanclararası Harmoniya Тazirliyi və Pakistan Gənclərə Dəstək Şəbəkəsi ilə birlikdə “Gənc qadınların və qızların zorakı ekstremizmə qarşı mübarizədə rolu” mövzusunda paytaxt İslamabadda 6 fevral tarixində beynəlxalq seminar təşkil edib. Fərqli ölkələrdən və o cümlədən, Azərbaycandan və Pakistandan olan çıxışçıların iştirak etdiyi tədbir çərçivəsində Pakistanın Prezidentdi cənab Arif Alvi İƏGF Avrasiya Regional Mərkəzinin idarə heyətini və rəhbərliyini, eləcə də tədbirdə iştirak edən xarici qonaqları 7 fevral tarixində öz iqamətgahında qəbul edib. 

Görüş zamanı İƏGF Avrasiya Regional Mərkəzinin baş direktoru Elməddin Mehdiyev Prezident Afir Alviyə göstərilən diqqət və tədbirin Pakistanda yüksək səviyyədə keçirilməsi üçün yaradılmış şəraitə görə təşəkkür edib və beynəlxalq seminarın məqsəd və nəticələri haqda ətraflı məlumat verib. E. Mehdiyev tədbir çərçivəsində İƏGF-nin 15 illik yubileyi ilə bağlı rəsmi qəbul təşkil edildiyini bildirərək, qurumun 2004-cü ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının himayəsi ilə Bakıda təsis edilməsindən bu yana görülən işlər və hal-hazırda həyata keçirilən layihələr haqda, həmçinin fəaliyyət coğrafiyasına Pakistanın da daxil olduğu və Azərbaycan hökumətinin ev sahibliyi etdiyi İƏGF Avrasiya Regional Mərkəzinin fəaliyyətləri haqda Pakistan prezidentini məlumatlandırıb. Prezident Arif Alvi Azərbaycan Respublikasının İƏT-dəki aktiv fəaliyyətini və verdiyi töhfələri yüksək qiymətləndirib. O, həmçinin beynəlxalq tədbirin Pakistanda təşkil edilməsinə görə İƏGF Avrasiya Regional Mərkəzinə və digər təşkilatçılara təşəkkür edib və tədbirin mövzusunun əhəmiyyətini vurğulayaraq, görüşdə iştirak edən Pakistanın Dini Məsələlər və İnanclararası Harmoniya naziri cənab Pir Nur ul-Haq Qədriyə bu əməkdaşlığın daha da inkişaf etdirilməsini tövsiyə edib.

Görüş zamanı, E. Mehdiyev 5 fevral beynəlxalq Kəşmir Günü və qarşıdan gələn 26 fevral Xocalı faciəsinin anım gününü nəzərə alaraq, tədbir zamanı xüsusi panelin təşkil edildiyini və həm Kəşmir problemi, həm də Xocalı soyqırımı haqda tədbirin mövzusu kontekstində təqdimatların keçirildiyini bildirib. Bununla bağlı, öz məmnuniyyətini ifadə edən Pakistan Prezidenti Azərbaycanın haqlı mübarizəsinə və mövqeyinə toxunaraq bu məsələlərdə beynəlxalq səviyyədə gənclərin lazımi şəkildə məlumatlanırılmasına xidmət edən analoji təşəbbüslərin vacibliyini qeyd edib.

Sonda Prezident Arif Alvi görüş iştirakçıları ilə xatirə şəkli çəkdirib və ən yaxın zamanda onların Pakistana yenidən səfər edəcəyinə və yeni layihələrə imza atacaqlarına ümidini ifadə edib. 

Səfər çərçivəsində İƏGF Avrasiya Regional Mərkəzinin nümayəndə heyətinin və digər beynəlxalq qonaqların Pakistan Baş Nazirinin gənclər məsələləri üzrə müşaviri cənab Usman Dar ilə də görüşü olub. Cənab Usman Dar görülən işləri və tədbirin uğurlu təşkilini yüksək qiymətləndirərək, qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinin Pakistan gəncliyi üçün əhəmiyyətini vurğulayıb. 

 

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.