Xocalı faciəsinə həsr olunmuş “İnsani faciələrin izləri: vətəndaş fəallığının gələcəyi” adlı beynəlxalq konfrans keçirildi

/ Bazar ertəsi, 24 Fevral 2020 19:01
Xocalı faciəsinə həsr olunmuş “İnsani faciələrin izləri: vətəndaş fəallığının gələcəyi” adlı beynəlxalq konfrans keçirildi

Xocalıya Ədalət beynəlxalq kampaniyası çərçivəsində, bugün Avropa Şurasının Budapeştdə yerləşən Avropa Gənclər Mərkəzində İslam Əməkdaşlığı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏGF-ARM), Sosial Birlik uğrunda Avropa Müsəlman Təşəbbüsü (EMISCO) və Soyqırımlar və Kütləvi Qırğınlara qarşı Beynəlxalq Budapeşt Mərkəzinin (SKQBBM) birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş “İnsani faciələrin izləri: vətəndaş fəallığının gələcəyi” adlı beynəlxalq konfrans keçirilib.

Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin təşkilati baxımdan dəstək göstərdiyi  tədbirin əsas məqsədi dünya ictimaiyyətinin, xüsusilə gənclərin insanlığa qarşı törədilən cinayətlər haqda məlumatlılıq səviyyəsini artırmaq, eləcə də onların silahlı konfliktlər zamanı dinc əhaliyə qarşı törədilən qırğınlar və amansızlıqlarla bağlı media və sosial media vasitələrindən istifadə etməklə fəal mübarizə aparmasına dəstək verməkdir. 

Pakistan, Türkiyə və Meksikanın Budapeştdəki səfirləri ilə yanaşı digər ölkələri təmsil edən səfirlik əməkdaşlarının, beynəlxalq ekspertlərin və ictimai fəalların iştirak etdiyi konfrans Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyevin və İƏGF Avrasiya Regional Mərkəzinin Baş Direktoru Elməddin Mehdiyevin açılış çıxışları ilə öz işinə başlayıb. “75 il əvvəl birgə səylərlə faşizm üzərində qələbə bizə ümid verdi ki, bu fəlakət tarixin girdabında qalacaq. Əfsuslar olsun ki, etnik, dini və siyasi münaqişələrlə yadda qalan sonrakı illər bu ümidlərin puça çıxdığını göstərdi” deyərək konfrans iştirakçılarına müraciət edən səfir Vilayət Quliyev dünyanın “qırmızı xəttə” yaxınlaşdığını və bu səbəbdən zəruri tədbirlər təkcə dövlət və siyasi təşkilatlar səviyyəsində deyil, həm də qeyri-hökumət təşkilatları və ayrı-ayrı şəxslər səviyyəsində görülməli olduğunu bildirib. Elməddin Mehdiyev öz çıxışında Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Xocalıya Ədalət kampaniyası çərçivəsində İƏGF-nin 2009-cu ildən fəal iş apardığını və kampaniya başladıqdan sonra qısa zamanda konkret nəticələr əldə olunduğunu qeyd edib. O həmçinin bildirib ki, hal-hazırda kampaniya ilə bağlı fəaliyyətlər İƏGF Avrasiya Regional Mərkəzinin prioritet istiqamətidir və Budapeştdəki konfransla yanaşı bu günlərdə Regional Mərkəzin dəstəyi və iştirakı ilə müxtəlif ölkələrdə, o cümlədən Pakistan, Banqladeş və İndoneziyada tədbirlər keçirilməkdədir.   

Konfransın ilk panelində Soyqırımlar və Kütləvi Qırğınlara qarşı Beynəlxalq Budapeşt Mərkəzinin sədri Qeorqi Tatar, ATƏT sədrinin diskriminasiya və dözümsüzlüyə qarşı sabiq şəxsi nümayəndəsi professor Bülent Şenay və Avropa Şurası Cənub-Şərq Mərkəzinin sabiq rəhbəri və ictimai fəal Jan-Mari Heydt çıxışçı kimi iştirak edərək mövzu ilə bağlı məruzələrini təqdim ediblər. Çıxışçılar dünya ictimaiyyətinin xüsusilə yaxın keçmişdə baş vermiş insani faciələr, kütləvi qırğınlar və dinc əhaliyə qarşı törədilən amansızlıqlarla bağlı lazımi şəkildə məlumatlandırılmasının və həmçinin beynəlxalq qurumların bununla bağlı konkret addımlar atmasının gələcəkdə bu faciələrin yenidən təkrarlanmaması baxımdan xüsusi əhəmiyyət daşıdığını bildiriblər. Həmçinin qeyd edilib ki, Avropa Şurası və ATƏT kimi Avropada yerləşən qurumlar Xocalı soyqırımı ilə bağlı müvafiq araşdırmalar aparmalı və faciəyə hüquqi-siyasi qiymət verməlidirlər. 

Konfransın ikinci panelində İƏGF Avrasiya Regional Mərkəzinin əməkdaşı Sevinc İskəndərova Xocalı faciəsi ilə bağlı xüsusi təqdimatla çıxış edib. EMISCO-nun Baş katibi Başi Qureyşi  öz çıxışında Xocalı soyqırımının bir sıra dünya dövlətləri tərəfindən tanındığını ancaq aparıcı və xüsusilə Avropa mərkəzli beynəlxalq təşkilatların və müvafiq beynəlxalq qurumların bu məsələdə səssiz qalmasının qəbuledilməz olduğunu bildirib. Paneldə çıxış edən Rasizmə qarşı Avropa Şəbəkəsinin idarə heyətinin üzvü Marsel Lorinz Xocalı facisəinin ancaq Azərbaycan xalqının məsələsi olmadığını, bütün dünya sülhsevərlərinin, insan hüquqları və ədalət uğrunda mübarizə aparanların bu məsələdə beynəlxalq səviyyədə lazımi iş aparmalı olduqlarını və Azərbaycan xalqı ilə həmrəy olmalı olduqlarını qeyd edib. 

Konfrans çərçivəsində Xocalı soyqırımı haqda məlumatları əks etdirən Xocalıya Ədalət kampaniyasına aid broşürlər və məlumat bukletləri tədbir iştirakçılarına təqdim edilib.

Please publish modules in offcanvas position.