Hindistana “od salan” üç hadisə: Hindu və müsəlmanlar arasında gərginliyin üç səbəbi - TƏHLİL

/ Cümə, 28 Fevral 2020 17:11
Hindistana “od salan” üç hadisə: Hindu və müsəlmanlar arasında gərginliyin üç səbəbi - TƏHLİL

Bazar günündən etibarən Hindistanda müsəlmanlar və hindlilər arasında toqquşmalar yenidən alovlanıb. Son məlumata görə, paytaxt Dehli və ətraf məntəqələrdə baş verən qarşıdumalarda ölənlərin sayı 27, bəzi mənbələrə görə, 35 nəfərə çatıb.

İslam.az Oxu.az-a istinadən xəbər verir ki, bu, son illərdə qeydə alınan ən böyük tələfatdır. Dehlidə millətçi hindlilər müsəlmanlara məxsus evlərə, mağazalara və ayrı-ayrı şəxslərə hücum edir. Artıq iki məscid də radikallar tərəfindən yandırılıb.

Yerli media artıq bir çox müsəlmanın evlərini tərk etdiyini xəbər verir. Baş nazir Modi sakitləşmə çağırışı etsə də, hücumlar davam edir. Belə görünür, hələ bir müddət davam edəcək. Çünki baş nazir və onun radikal sağçı partiyasının siyasəti müsəlmanları sıxışdırmağa, onlara qarşı ayrı-seçkiliyə səbəb olur. 

Müsəlmanlara qarşı ayrı-seçkilik qanunu

Hindistanda müsəlman və hinduslar arasında qarşıdurma yeni olmasa da, axırıncı hadisələrin səbəbi hazırkı hökumətin qəbul etdiyi qanundur. Ötən ilin sonlarında qəbul olunan qanuna əsasən, Pakistan, Banqladeş və Əfqanıstandan Hindistana köçən insanlara vətəndaşlıq verilməsi qanunu dəyişdirilir və şərtlər yumşaldılır. Ancaq bu güzəşt yalnız müsəlman olmayan altı etnik və dini qrupa – hindu, sinkh, buddist, xristian kimi azlıqlara şamil edilir.

Yeni qanuna əsasən, bu şəxslərin Hindistanda vətəndaş olması üçün tələb olunan 12 il şərti altı ilə endirilir. Altı il Hindistanda yaşadığını sübut edən adıçəkilən ölkələrdən gəlmiş qaçqınlar vətəndaşlığa qəbul olunacaq. 

Ancaq qanunda istisnanın müsəlmanlara şamil edilməsi ölkədəki 200 milyona yaxın müsəlman icmasının narazılığına səbəb olub. Müsəlman icması bu dəyişikliyə bir neçə yürüş-mitinqlə etirazını bildirib.

Onlar bu qanunun Hindistanın dünyəvi dövlət statusu ilə üst-üstə düşmədiyini, müsəlmanlara qarşı ayrı-seçkilik mahiyyətdə olduğunu bildirirlər. BMT də qanunun ayrı-seçilik yaratması ilə bağlı bəyanat yayıb.

Hakim hindu millətçisi BJP isə yeni qanunun “dini zəmində təzyiqlərdən qaçanlara” hüququ status verilməsini nəzərdə tutduğunu, müsəlmanların adı qeyd olunan ölkələrdə azlıq statusunda olmadığını və bu səbəbdən də qanunun müsəlmanlara aid edilmədiyini bəyan edib. 

İlk qarşıdurmaların baş verdiyi bazar günü Hindistanda səfərdə olan ABŞ Prezidenti Donald Tramp isə jurnalistlərin sualına cavab olaraq baş verənləri Hindistanın “daxili işi” adlandırıb. Lakin hökumətin bu hadisələrə reaksiyasından “çox təsirləndiyini” bildirib.

Son hadisələr ciddi narahatlıq doğurur. Çünki Hindistanda da son illərdə radikal millətçilik sürətlə güclənir. Hindistanın hakim milliyyətçi “Bharatiya Janata” (BJP) partiyasının lideri Kapil Mişra müsəlmanları hədələyərək, Tramp Hindistandan getdikdən sonra etirazçıların zorla dağıdılacağını bildirib. 

Belə də olub. İndi isə hadisələr gündən-günə şiddətlənir və Hindistanın müasir tarixində qara ləkə kimi düşən hadisələri xatırladır. Halbuki son bir neçə onillikdə Hindistanda, xüsusən də Dehlidə bu səviyyədə gərginlik və qarşıdurmalar baş verməyib. 

Sonuncu dəfə 36 il əvvəl - 1984-cü ildə Baş nazir İndra Qandinin sinkh mühafizəçiləri tərəfindən qətlə yetirildiyi hadisədən sonra baş verən qarşıdurmalarda üç minə yaxın insan ölmüşdü. 

Son illərdə Hindistanda radikal sağ millətçiliyin sürətlə yüksəlişi yenidən keçmişdəki hadisələrin baş verəcəyi ilə bağlı narahatlıqları artırır. Xüsusən hazırkı Baş nazir Narendra Modinin 2014-cü ildə hakimiyyətə gəlməsindən sonra bu narahatlıq sürətlə artır. 

Məsələ ondadır ki, Hindistanda müsəlmanları narahat edən yalnız yeni vətəndaşlıq qanunu deyil. Ötən il Modi hökuməti daha bir radikal qərara imza ataraq, Kəşmir əyalətinin xüsusi statusunu ləğv edib, onu mərkəzi hökumətə tabe etdirib. Kəşmirin statusu ilə bağlı Konstitusiyanın 370-ci maddəsi əhalisinin əksəriyyətinin müsəlmanlardan ibarət olan Kəşmirin muxtariyyət statusunu təmin edirdi. Ancaq ötən ilin avqustunda Modi hökuməti 370-ci maddəni ləğv edib. 

XVIII əsrin ortalarında Böyük Britaniya tərəfindən işğal olunan Hindistan 200 il müstəmləkə olduqdan sonra - 1947-ci ildə müstəqilliyini əldə edib. Lakin bu dövrdə ölkədə hindu və müsəlmanlar arasında böyük qarşıdurmalar yaşanıb və nəticədə, Hind coğrafiyasında iki müstəqil – Hindistan və Pakistan dövlətləri yaranıb.

Hinduların dövləti Hindistan, müsəlmanların ölkəsi isə Pakistan adı ilə. 1970-ci illərdə növbəti gərginlik Pakistanda baş qaldırıb və Banqladeş müstəqil dövlət kimi Pakistandan ayrılıb. Lakin bu bölgü şərti olur, çünki çoxlu sayda müsəlman Hindistan ərazisində qalır. Onların bir çoxu zorakılıq və ölüm təhdidləri altında evlərini tərk etməyə məcbur qalsalar da, bir hissəsi öz evlərindən çıxmır. Bu səbəbdən də hazırda planetdə İndoneziyadan sonra ən çox müsəlman Hindistanda yaşayır. 

Lakin Hindistan və Pakistan arasında gərginlik iki ölkə müstəqil olduqdan sonra da davam edir. Bu dəfə Himalay bölgəsində Kəşmir vilayəti iki ölkə, daha sonra da Çinin də iddia etdiyi mübahisəli əraziyə çevrilir.

Hindistan və Pakistan Kəşmir uğurunda ötən 73 ildə üç dəfə müharibə edib. 1999-cu ildə iki ölkə dördüncü müharibənin eşiyinə gəlsələr də, böyük müharibə olmayıb. Ötən il də hər iki dövlət müharibənin astanasından dönüb. 

Kəşmir uğrunda birinci müharibə 1947-ci ildə Hindistan-Pakistan arasında qeydə alınıb. Birinci müahribə zamanı Kəşmirin kiçik bir hissəsi Pakistanın nəzarətinə keçib. 1952-ci ildə Kəşmirdə keçirilən referendumdan sonra vilayətin əsas hissəsi Hindistana verilib.

Ancaq Pakistan Kəşmirin itirilməsi ilə barışmayıb. 1965-ci ildə ikinci Kəşmir müharibəsi, 1971-ci ildə isə üçüncü müharibə baş verir. Hələ də hər iki ölkə Kəşmiri öz ərazisi hesab edir. 2014-cü ildə isə millətçilərin hakimiyyətə gəlməsindən sonra Kəşmir məsələsi yenidən aktuallaşıb və ötən il Dehli Kəşmirin muxtariyyət statusunu ləğv etməklə bölgədə yeni müharibə riski yaradıb.

Hindistan müsəlmanlarının hökumətlə üçüncü ciddi problemi Banqladeşdən köçən müsəlmanların statusları ilə bağlıdır. Hindistanın şimalında yerləşən Assam əyalətində Banqladeşin müstəqilliyini elan etdiyi 1971-ci ildən əvvəl Hindistana köçdüyünü sübut edən şəxslərin siyahısı var.

Belə bir siyahı Konqres Partiyasının zamanında hazırlanıb. İndi isə Modi hökuməti bu siyahını yenidən ortaya çıxararaq, “gəlmələri” müəyyən etməyə başlayıb. Yeni qaydalara əsasən, vətəndaşlıqlarını mövcud qanunlara əsasən isbat edə bilməyən şəxslərə xarici ölkə qaçqını statusu veriləcək.

Məhz bu siyahı yenilənməsi nəticəsində Assam əyalətində iki milyon müsəlman vətəndaşlıqdan çıxarılıb. Hindistanın ən qarışıq əyaləti olan Assamın 32 milyon sakini var. Bunların 10 milyondan çoxu müsəlmandır. Modi hökumətinin bu addımları isə Assamda müsəlman əhalinin sayını azaltmağa xidmət edir.

Görünən odur ki, son illərdə radikal millətçilik yalnız Avropada deyil, Şərqdə də sürətlə yüksəlir. Bu isə milyardlarla insanın yaşadığı, etnik və dini zənginliyin olduğu Şərq üçün ciddi təhlükə vəd edir. Xüsusən də Hindistan kimi milyard yarım əhalisi olan ölkənin yenidən etnik və dini münaqişəyə, vətəndaş müharibəsinə sürüklənməsi böyük faciəyə səbəb ola bilər.

Ancaq radikal sağ hindu millətçiliyi dünyada müsəlmanlara qarşı hücumlardan ilhamlanaraq, Hindistan əhalisinin 15 faizdən çoxunu təşkil edən və uzun illər bu ölkəni idarə edib böyük tarixi irs qoymuş müsəlmanları əzməyə çalışır. Bu gərginlik ilk növbədə Hindistanın özü üçün böyük faciə vəd edir. 

 

 

Please publish modules in offcanvas position.