Putinin nefti ucuzlaşdırmaqda hədəfi budur – Açıqlama

/ Cümə, 13 Mart 2020 17:38
Putinin nefti ucuzlaşdırmaqda hədəfi budur – Açıqlama

Neftin qiymətinin aşağı düşməsi Rusiya Prezidenti Vladimir Putinin Donald Tramp administrasiyasına cavabıdır.

İslam.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri azərbaycanlı politoloq Zaur Məmmədov deyib.

“Bir neçə gündür ki, bəzi ekspertlər neftin qiymətinin aşağı düşməsi ilə “Rusiyanın çökdürüləcəyi” proqnozunu verirlər. Əslində isə neft hasilatının azaltmaması qərarını verən Rusiya bunun nəticəsi olaraq qara qızılın qiymətinin düşəcəyini bilirdi və siyasətini də bunun üzərində qurub”, - deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, Rusiya hazırda dünyanın ən böyük neft hasilatçısı olan ABŞ-ın neft sənayesini ağır duruma salmağa çalışır:

“İstisna deyil ki, Rusiyanın hasilatı azaltmaması və neftin qiymətinin aşağı salınması Şimal Axını-2 layihəsinə sanksiya tətbiq edən ABŞ-a qarşı Rusiya tərəfindən bir müddət əvvəl bəyan edilən cavabdır. Çünki 2016-cı ildən indiyə qədər OPEK+ çərçivəsində anlaşmanın nəticəsi olaraq istər Səudiyyə, istərsə də Rusiya neft hasilatını azaltmaqda davam edirdi. Bu isə Moskvanın təklifinə baxmayaraq, OPEK+ formatına qoşulmayan ABŞ şist neftinin bazarda payının ildən-ilə artmasına səbəb olurdu. Nəticədə ABŞ dünyanın ən böyük neft hasilatçısına çevrildi.

“Rostneft” çoxdan idi ki, OPEK+ anlaşmasının Rusiya milli maraqlarına zidd olduğunu bildirir və hasilatı azaltmağın əleyhinə çıxış edirdi. Rus ekspertlərinin bildirdiyinə görə, neftin qiymətinin aşağı düşməsi bir müddət davam edəcək, bir müddətdən sonra qiymətlər sabitləşəcək ki, bununla da Kreml istəyinə nail olacaq. Yəni nəticə etibarilə bir müddət sonra Səudiyyə Ərəbistanının büdcəsi problemlərlə üzləşəcək, krallıq qiymətlərin qalxması üçün hərəkətə keçəcək, bazarda ABŞ şist neftinin payı azalacaq (çünki şist neftin maya dəyəri bahadır və hazırkı qiymətlərlə o neftin hasilatı rentabelli sayılmır) və Rusiya neftin həcmini azaltmadan (əksinə artıraraq) bazarda payını artıracaq”, - deyə Məmmədov qeyd edib.

Please publish modules in offcanvas position.