Tarix baxımından Zülqərneynin hekayəsi və Yəcuc ilə Məcucun qarşısını kəsən sədd

/ Cümə, 08 May 2020 12:08
Tarix baxımından Zülqərneynin hekayəsi və Yəcuc ilə Məcucun qarşısını kəsən sədd

Qədim tarixçilərin heç biri öz əsərlərində nə “Zülqərneyn” adlı bir hökmdar haqqında, nə də Yəcuc və Məcuc adlanan qövmlər və onların qarşısını kəsən sədd barədə söz açmamışdır. Əlbəttə, Yəməndə mövcud olmuş Himyar[1] dövlətinin padşahları barədə bəzi işarələr mövcuddur. Onları mədh edən şeirlərdə tubbalılardan olan və adı “Zülqərneyn” kimi qeyd edilən bir hökmdar haqqında söz açılır. Eyni zamanda, həmin şeirlərdə onun məğribə və məşriqə səfər etməsindən, Yəcuc və Məcuc səddini tikməsindən danışılır. Allahın izni ilə, növbəti fəsildə həmin şeirlərdən bəzilərini oxucuların diqqətinə çatdıracağıq.

Həmçinin Yəcuc və Məcucun adı Əhdi-Ətiqdə də çəkilir. Belə ki Tövratın “Təkvin” bölümündə deyilir: “Onlar Nuhun övladlarıdır. Sam, Ham və Yafəs tufandan sonra övlad sahibləri oldular. Yafəsin övladları Yəcuc (Cumer), Məcuc, Madai, Bavan, Nubal, Maşik, Nəbras...” Bundan başqa, Tövratın “Hezqiyal” fəslində otuz səkkizinci səhifədə deyilir: “Rəbb mənə xitab edərək buyurdu ki, de: “Ey Adəm oğlu! Məcuc diyarına, Maşek və Nubala yönəl. Öz peyğəmbərliyini elan et və de ki, Rəbbim və sərvərim deyir: “Ey Maşek və Nubalın rəisi Yəcuc! Mən sənin əleyhinə qalxmışam, səni geri qaytaracağam və ağzına cilov taxacağam. (Yəni səni ram edəcəyəm). Sənin bütün qoşununu, istər piyada olsun, istər də süvari, məğlub edəcəyəm. Hətta onların əynində öyündükləri (zirehli) libasları olsa belə; qüdrətli və qalxanlı kişilərdən təşkil olunsa belə; hamısının əlində qılıncı olsa belə; Fars, Kuş və Fut onlarla olsa belə və hamısının qalxanı və dəbilqəsi olsa belə; Cumer (Məcuc), onun bütün ordusu və ailəsi şimalın sonuna kimi səninlə olsalar belə...” Daha sonra deyilir: “Elə bu səbəbə görə, ey Adəm oğlu, gərək peyğəmbərliyini iddia edəsən (və elan edəsən). Yəcuca de ki, sərvərim olan Rəbb deyir: “Məgər bilmirsən ki, sən şimalın sonundan gələcəksən?” Yenə də otuz doqquzuncu səhifədə deyilir: “Ey Adəm oğlu! Yəcuca öz peyğəmbərliyini elan et və de ki, sərvərim olan Rəbb deyir: “Ey Maşekin, Nubalın, Ərdəkin və Əqudəkin rəisi Yəcuc, mən sənin əleyhinəyəm. Səni şimalın yuxarılarından qovacağam. İsrail dağlarına gətirəcəyəm. Kamanı sol əlindən, oxları sağ əlindən vurub salacağam. Sənin bütün qoşunun və səninlə olan qəbilələr məğlub olacaqlar. İstəyirsən səni yırtıcı quşlara və səhranın yırtıcılarına yem edim?! Üzü-üstə düşüb yerdə qalasan? Mən sərvərim olan Rəbbin sözlərini deyirəm. Mən Məcucun və qorunan adaların sakinlərinin üzərinə od göndərəcəyəm. O vaxt biləcəklər ki, mən Rəbbəm...”

“Yəhyanın yuxuları” bölümünün iyirminci səhifəsində deyilir: “Səmadan nazil olan bir mələk gördüm. Əlində Cəhənnəmin açarı və uzun bir zəncir tutmuşdu. (Əslində) İblis və şeytan olan həmin əjdahanı (ilanı) tutdu və onu min il müddətində zəncirlədi. Onu Cəhənnəmə ataraq qapıları bağladı ki, gələcək ümmətləri azdırmasın. Əlbəttə, min ildən sonra o, azad olmalıdır və az bir müddətə sərbəst buraxılmalıdır...” Daha sonra deyilir: “Elə ki min il tamam olunca şeytan öz zindanından sərbəst buraxılacaq, Yəcuc və Məcuc da daxil olmaqla, yer üzünün dörd bir tərəfində olan insanları müharibə üçün cəm edəcək. Onların sayı dəryaların qum dənələri qədərdir. Onlar yerin genişliyi üzərində süvari halında müqəddəs ordunu və sevilən şəhəri mühasirəyə alacaq. Bu zaman Allah tərəfindən bir yandırıcı od nazil olacaq və onların hamısını “yeyəcək”. Onları yoldan çıxarıb azdıran İblis yırtıcı və yalançı peyğəmbərlə birlikdə kükürd və atəşdən olan bir dəryaya salınacaq. Onlara əbədiyyətin sonuna qədər gecə və gündüz əzab veriləcək...”

Əhdi-Ətiqdən nəql olunan bu hissələrdən aydın olur ki, “Məcuc” və ya “Cuc və Məcuc” böyük bir xalq, yaxud müxtəlif böyük xalqlar olmuş, Şimali Asiyanın ucqarlarında yaşamış, olduqca döyüşkən və qarətə meyilli olmuşlar. Elə burada insanın ilk zehninə gələn o olur ki, Zülqərneyn bu azğın ümmətlərin yolunu kəsən böyük padşahlardan olmuşdur; aydın olur ki, onun inşa etdiyi sədd Şimali və Cənubi Asiyanı ayıraraq arasını kəsən bir sədd olmuşdur. Məsələn, eynilə Çin səddi, Babul-əvbab[2] səddi, Dariyal[3] səddi və s. kimi.

O dövrün tarixini araşdıran tədqiqatçılar yekdilliklə o qənaətdədirlər ki, şimal-şərq nahiyəsi, o cümlədən Çinin şimalı həddən ziyadə olan müxtəlif yırtıcı təbiətli xalqların məskəni olmuşdur; daima artan demoqrafik çoxluğa görə vaxtaşırı öz qonşularına hücumlar edirdilər. Elə Çinin özünü buna misal göstərmək olar, hücum edib zəbt etdikləri ərazilərdə artıb çoxalaraq Orta Asiyaya və Orta Şərqə enmiş, dağları aşaraq Şimali Avropaya qədər getmişlər. Bu tayfalardan bəziləri elə hücum edib ələ keçirdiyi torpaqlarda oturaq həyat sürməyə başlamış və oranı özlərinə vətən etmişlər. Şimali Avropada yerləşən xalqların bir çoxu məhz belələri olmuşdur; həmin torpaqlarda bir mədəniyyət yaradaraq əkinçilik və s. peşələrlə məşğul olmuşlar. Bu irticaçı tayfaların bəzi qisimləri isə öz yoluna və adətinə sadiq qalmışdır.

Bəzi tarixçilərin qənaətinə görə,  Yəcuc və Məcuc Şimali Asiyadan Tibetə qədər, Çin də daxil olmaqla, Şimal Buzlu okeanına qədər, oradan da Türküstan[4] əraziləri də daxil olmaqla qərbə uzanan ərazilərdə yaşamışdır. Bu sözlər İbn Miskəveyhin[5] “Fakihətul-xuləfaə” və “Təhzibul-əxlaq”[6] kitablarında, o cümlədən “İxvanul-səfa”[7] risalələrində qeyd edilmişdir. Bu nəzər bundan əvvəl bizim ehtimal etdiyimiz fikri, yəni səddin Şimali Asiyada şimalla cənub arasında olması fikrini qüvvətləndirir.

 

[1] Himyar dövləti (ərəbcə: مملكة حِمير) Ərəbistan yarımadasının cənubunda, bizim eradan 110 il əvvəl tarix səhnəsinə çıxan bir dövlət olmuşdur.

[2] Məşhur hədisə əsasən, Allahın Rəsulu (səllallahu əleyhi və alihi və səlləm)  “Məscidül-nəbəvi”yə açılan bütün qapıları bağlayaraq yalnız Həzrət Əlinin (əleyhissəlam) evindən məscidə açılan qapını açıq saxlamışdır. Bu da öz-özlüyündə bir sədd hesab olunur və Həzrət Əlinin (əleyhissəlam) fəzilətləri sırasına daxildir.

[3] Gürcüstanla Rusiya sərhədində, Böyük Qafqazın “Yan” silsiləsinin kəsişməsində Terek çayının kanyonu.3 km. məsafədə çayın hövzəsi üzərində qayalar 1000 metr hündürlüyə yüksəlir. Bura qədim coğrafiyaçılara “Qafqaz darvazaları” və ya “Alan qapıları” kimi tanış idi.

[4] Mərkəzi Asiyanın tarixi Türküstan ərazisinə müasir Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Çinin Sintsyan-Uyğur milli rayonu, Sibir cənubunun türkdilli regionları, Əfqanıstanın şimalı və İranın şimal-şərq hissəsi aid edilir.

[5] Tam adı Əbu Əli Əhməd ibn Məhəmməd ibn Yaqub ibn Miskəveyh (940-1030).

[6] “تهذیب الاخلاق” və “فاکهة الخلفاء”.

[7] “رسائل اخوان الصفا و خلان الوفاو اهل العدل و ابناءالحمد”.

Hazırladı : Siyavuş Yəhyayev, Vüsal Hətəmov

Birlik.az

Please publish modules in offcanvas position.