Dünyada qaçqın və köçkünlərin sayı AÇIQLANDI

/ Cümə axşamı, 18 İyun 2020 12:32
Dünyada qaçqın və köçkünlərin sayı AÇIQLANDI

Ötən ilin sonuna qədər bütün dünyada 79,5 milyon insan evini tərk etmək məcburiyyətində qalıb.

Bu barədə TASS Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) açıqlamasına istinadla xəbər yayıb.

Cümə axşamı yayımlanan illik hesabata görə, dünya əhalisinin 1%-dən çoxu qaçqın və ya köçkündür, 12 ay ərzində onların sayı təxminən 9 milyon nəfər artıb.

2019-cu ilin sonunda evlərini tərk etmək məcburiyyətində qalan 79,5 milyon insandan 45,7 milyonu öz ölkəsində köçkün kimi yaşayır, 29,6 milyonu isə sərhədi keçərək, başqa ölkələrdə qaçqın vəziyyətindədir. Daha 4,2 milyon nəfər xaricdə sığınacaq prosedurunun tamamlanmasını gözləyir. 2018-ci ilin sonunda dünyada 70,8 milyon qaçqın və köçkün qeydə alınmışdı.

Məlumatda qeyd edilir ki, 2019-cu ildə xüsusilə Konqo Demokratik Respublikasında, Afrikanın Sahel regionunda, Yəmən və Suriyada yerli əhali köçkün düşüb. 13,2 milyon suriyalı qaçqın və məcburi köçkün vəziyyətindədir.

Ali Komissarlıq qaçqınların geri qayıtma perspektivlərinin azaldığı qənaətinə gəlib. Halbuki, 1990-cı illərdə hər il orta hesabla 1,5 milyon nəfər vətənə qayıtmışdısa, son on ildə bu rəqəm bir ildə orta hesabla 385 min nəfərə düşüb. Beləliklə, bu gün evlərini tərk etmək məcburiyyətində qalanların sayı onlara təklif olunan həllərdən qat-qat çoxdur.

Məlumatda qeyd edilir ki, son 10 ildə dünyada qaçqın və məcburi köçkünlərin sayı, demək olar ki, iki dəfə artaraq, 41 milyondan 79,5 milyona çatıb. Beş ölkədən - Suriya, Venesuela, Əfqanıstan, Cənubi Sudan və Myanmadan olan qaçqınların sayı dünya üzrə bu statusa malik insanların üçdə ikisini təşkil edir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib ki, dünya birliyi bu qədər böyük əzabın yaranma səbəbi olan, uzun illər davam edən münaqişələrin həllini daha qətiyyətlə axtarmalıdır.

Xatırladaq ki, Ermənistanın Azərbaycana məxsus Qarabağ ərazisini işğal etməsi nəticəsində bir milyondan çox soydaşımız köçkün vəziyyətində yaşayır.

Please publish modules in offcanvas position.