Çin Pekin bazarında tapılmış COVID-19 virusunun genini açıqladı

/ Cümə, 19 İyun 2020 10:56
Çin Pekin bazarında tapılmış COVID-19 virusunun genini açıqladı

Çinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzi ötən həftə yenidən yayılmağa başlamış və Pekinin topdansatış bazarında tapılmış COVID-19 virusunun geni barədə məlumatları dərc edib, bununla yanaşı, genin nümunələrini Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) verib.

"İyunun 18-də axşam Çin Xalq Respublikasının Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzi yeni koronavirusla bağlı Elmi-Texniki resursların Dövlət Sistemi vasitəsilə "Sinfadi" bazarında epidemiologiya vəziyyəti və virusun geni haqqında məlumatları rəsmən dərc edib", - mərkəzin saytında dərc edilmiş xəbərdə deyilir.

Xüsusi halda mərkəz Pekində xəstələnənlərdə tapılmış virusun genini (NMDC60013902-01, NMDC60013903-02) və ətraf mühitdən tapılmış virusun geninin nümunələrini (NMDC60013903-03) dərc edib. 

"Bununla birlikdə Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəz epidemiologiya vəziyyəti və virusun geni barədə bütün məlumatları Ümumdünya Səhiyyə Təşkilatına və qrip barədə məlumatların mübadiləsi üzrə Qlobal təşəbbüs qrupuna (GISAID) verdi", - xəbərdə deyilir.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Dünyada 8,4 milyondan çox insan yeni virusa yoluxub, yüz minlərlə insan pandemiyanın qurbanı olub.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Please publish modules in offcanvas position.