ABŞ prezidenti Çinlə ticarət sazişini dayandırır

/ Çərşənbə axşamı, 23 İyun 2020 10:24
ABŞ prezidenti Çinlə ticarət sazişini dayandırır

ABŞ prezidenti Donald Tramp Çin Xalq Respublikası ilə ticarət sazişini dayandırmağa qərar verib.

Bu barədə Ağ Ev yanında Ticarət üzrə Milli Şuranın başçısı Piter Navarro bildirib. 

O, qeyd edib ki, bu, Uhan laboratoriyasında koronavirus pandemiyasının mənşəyi ilə bağlı Birləşmiş Ştatlar kəşfiyyatının artan əminliyi fonunda baş verib.

"Bu sondur", - Piter Navarro deyib.

"Budur dönüş anı. Onlar yanvarın 15-də bura ticarət sazişini imzalamağa gəldilər və artıq o vaxtdan tam iki ay keçdi, onlar bildilər ki, virus yayılır", - Navarro əlavə edib.

ABŞ və Çin yanvarın 15-də ticarət sazişinin birinci hissəsini imzalayıb. Sazişə əsasən Vaşinqton Çinin 250 milyard ABŞ dolları məbləğində mallarına 25%, 120 milyard dollar məbləğində mallarına isə 7,5% rüsumu saxlayıb.

Saziş Çinin qarşı tərəfin 75 milyard ABŞ dolları məbləğində sənaye mallarını, 50 milyard ABŞ dolları dəyərində enerji daşıyıcılarını, 40 milyard ABŞ dolları məbləğində kənd təsərrüfatı məhsullarını almasını nəzərdə tutur. Çin ən yaxın iki ildə xidmətlərə daha 35-40 milyard ABŞ dolları xərcləməlidir.

Qeyd edək ki, ABŞ rəsmiləri koronavirusun dünyaya Çinin Uhan şəhərindəki laboratoriyasından məqsədyönlü şəkildə yayılıdığını iddia edirlər. Birləşmiş Ştatlar rəhbərliyi buna dair kəşfiyyat materiallarının olduğunu bildirir. Çin tərəfi isə öz növbəsində bu barədə söylənilənləri təkzib edir.  

Koronavirus pandemiyasından ən çox zərər çəkən ölkə də ABŞ-dır. Bu günə olan son məlumatlara görə, Birləşmiş Ştatlarda 2 388 153 nəfər koronavirusa yoluxub. Bununla yanaşı, ABŞ-da daha 122 610 insan təhlükəli infeksiyadan ölüb.  

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

Please publish modules in offcanvas position.