KTMT niyə iclası ləğv etdi?

/ Çərşənbə axşamı, 14 İyul 2020 15:59
KTMT niyə iclası ləğv etdi?

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr Ermənistanın istəyi əsasında təcili iclasın keçirilməsinə etiraz ediblər. Çünki bu ölkələr Ermənistanın əsl niyyətini yaxşı anlayır və işğalçı ölkəyə görə hərtərəfli əməkdaşlıq etdikləri Azərbaycanla üz-üzə gəlmək istəmirlər. Bu fakt belə Ermənistanın üzv olduğu təşkilatda sözünün keçmədiyini göstərir.

İslam.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təcili iclasının ləğv edilməsi səbəbi haqda danışarkən deyib. O bildirib ki, Rusiya da Ermənistanın əsl niyyətini yaxşı bilir:

“Ermənistanın sərhəddə atəşkəsi kobud şəkildə pozub gərginliyi artırmasından sonra KTMT-yə müraciət etməsi bu ölkənin məkrli siyasətinin növbəti təzahürüdür. Məsələ ondadır ki, Ermənistan bu addımı ilə təkcə üzv olduğu KTMT deyil, bütün region ölkələri üçün potensial təhlükə mənbəyi olduğunu bir daha göstərdi. Rəsmi İrəvan faktiki olaraq KTMT-nin nizamnaməsində göstərilən hərbi yardımdan faydalanmaq istəyir. Lakin bu niyyəti bir daha puç oldu. Çünki hazırda təşkilat məsələni araşdırır, hətta ilkin əldə edilən peyk məlumatlarında erməni tərəfinin atəşkəsi qəsdən pozduğu aşkarlanıb. Bu, nəinki Ermənistanı təşkilatın üzv dövlətləri arasında gülünc vəziyyətə saldı, eyni zamanda təşkilatdan xaric edilməsi üçün də ciddi mahiyyət daşıyır”.

Politoloq deyib ki, KTMT-nin son bəyanatı bir daha Ermənistanın bu təşkilat üçün bir üzvdən çox müşahidəçi olduğunu göstərir:

“Məsələ ondadır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı bəyanatında ciddi narahatlıq keçirdiyini bildirib və tərəfləri atəşi dərhal dayandırmağa çağırıb. Burada diqqət ediləsi əsas nüans təşkilatın konkret tərəf tutmamasıdır. Halbuki Ermənistan bu təşkilatın faktiki üzvüdür və nizamnamə ilə Ermənistanı narahat edən bir məsələyə baxılmalı idi. Lakin reallıq ondan ibarətdir ki, Ermənistana görə heç kəs regionun ən yaxşı tərəfdaş ölkəsi olan Azərbaycanla üz-üzə gəlmək istəmir. Onu da deyim ki, təşkilata üzv ölkələrin bir çoxu bu gün Azərbaycanla fərqli təşkilat və sahələrdə əməkdaşlıq edir”.

Please publish modules in offcanvas position.