Tarix təkrarlanır

/ Şənbə, 18 İyul 2020 16:37
Tarix təkrarlanır

Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər...” əsərindən

I HİSSƏ

Tarixin təkrarlanmasının bir səbəbi də odur ki, həmin tarixi hadisələrin iştirakçıları fərqli zamanlarda, lakin oxşar coğrafi-siyasi şəraitdə və eyni regionda yaşayır, fəaliyyət göstərirlər. Bu isə, öz növbəsində, bənzər qərarların verilməsinə, oxşar forma və metodların seçilməsinə gətirib çıxara bilər. Əslində, başqa cür mümkün də deyildir. Hər bir dövlətin xarici siyasətinin istiqamətlərini və xarakterini məhz onun yerləşdiyi coğrafi məkanın şərtləri diktə edir.

Yuxarıdakı fikrə əsaslanaraq deyə bilərik ki, Əhəmənilər imperiyası ilə Makedoniya dövləti arasında müharibə istənilən halda baş verməli idi. Bu savaşı İranın və Yunanıstanın yerləşdikləri coğrafi ərazilərin şərtləri alovlandırmış, III Daranın bacarıqsızlığı və Makedoniyalı İsgəndərin istedadı isə bəlli nəticələri yaratmışdır. Lakin coğrafi-siyasi rakursdan baxsaq görərik ki, bu nəticələrin özü də kifayət qədər nisbidir. İranı və Orta Asiyanı işğal etmiş Makedoniyalı İsgəndər qısa müddətdən sonra özünü Əhəmənilərin varisi kimi aparmağa başladı. Onun ölümündən sonra (e.ə. 323-cü il) keçmiş Əhəməni ərazilərində möhkəmlənmiş makedoniyalılarla (Selevkilərlə) Misirdə və Yunanıstanda qurulmuş digər Makedoniya dövlətləri arasında qanlı müharibələr qısa fasilələrlə e.ə. 321-ci ildən e.ə. 168-ci ilədək davam etdi.

1514-cü ildə baş vermiş Çaldıran döyüşünü məzhəbçiliklə əlaqələndirənlər unudurlar ki, 1473-cü ildə Otluqbeli savaşında bir-birini qılıncdan keçirən hər iki tərəf – həm ağqoyunlular, həm də osmanlılar hənəfi məzhəbində olan türkmanlar idi.

Haşiyə: Yazımızın bu yerində daha iki maraqlı paraleldən söz açaq...

Birinci paralel: Həm Sultan Uzun Həsənlə Sultan Mehmed Fateh arasında Otluqbeli döyüşü, həm də Sultan Uzun Həsənin nəvəsi Şah İsmayılla Sultan Mehmed Fatehin nəvəsi Sultan Səlim arasında Çaldıran savaşı eyni vaxtda – avqust ayında (müvafiq olaraq, 11 və 23 avqust tarixlərində) baş vermişdir.

İkinci paralel: Çaldıran döyüşündə Şah İsmayılın atı vurulduqdan sonra osmanlı əsgərləri onu hər tərəfdən mühasirəyə almağa başlayarkən Şaha çox bənzəyən Əli ağa Əfşar irəli atılaraq “Şah mənəm” sözləri ilə yeniçərilərin diqqətini özünə cəlb edib hökmdarın həyatını xilas etmişdi. Əli ağanı əsir alıb qətlə yetirmiş osmanlılar Şahı öldürdüklərini güman etmişdilər. Otluqbeli savaşında isə Şah İsmayılın eyni duruma düşmüş babası Sultan Uzun Həsəni ona çox bənzəyən Alpaut Pir Muhəmməd eyni üsulla – “sultan mənəm” deyərək xilas etmiş, özü isə əsir düşmüşdü.

Bu haşiyədən sonra bəhsimizə davam edək... Şiə Şeyx Cüneydi sünni şirvanşahla şiə qaraqoyunlular, şiə Şeyx Heydəri isə sünni şirvanşahla sünni ağqoyunlular qətlə yetirmişdilər. Sünni Osmanlıya qarşı mübarizə aparan sünni Misir məmlüklərinin ən yaxın müttəfiqi şiə Səfəvilər idi. Yenə də sünni Babur şah sünni Şeybani xanla müharibədə yalnız şiə Şah İsmayıla arxalanırdı. Bu misalları ona görə çəkdik ki, orta əsr insanlarının dini fanatizmdən kifayət qədər uzaq olduqları, proseslərə rasional və praqmatik yanaşdıqları aydın şəkildə görünsün.

Geosiyasətin eyni məkanda, lakin müx­­tə­lif dövr­lər­­də do­ğur­­duğu digər analoji nəticələrə nəzər sa­­­laq:

VI əsrin ortalarında Orta Asiya regionunda böyük və güclü Abdalı imperiyası mövcud idi. Altayda və Monqolustanda isə tarixin ən qüdrətli imperiyalarından biri – Göytürk xaqanlığı qurulmuşdu. 560-cı ildə Abdalı şahı Qatfar göytürklərin diplomatik missiya ilə göndərilmiş karvanına hücumun təşkil olunması barədə göstəriş verdi və Göytürk elçiləri qətlə yetirildi. İstemi xaqanın əmri ilə böyük Göytürk ordusu Orta Asiyaya soxuldu. Abdalı qoşunları həlledici döyüşü qəbul etməyib geri çəkildilər. Buxara, Səmərqənd və digər şəhərlər göytürklərin əlinə keçdi, Daşkənd şəhəri yandırıldı. 565-ci ildə Qarşi şəhəri yaxınlığındakı döyüşü uduzduqdan sonra  abdalılar Faqoniş adlı knyazı özlərinə yeni şah seçərək müqaviməti davam etdirsələr də, bir neçə illik aqoniyadan sonra Abdalı dövləti süquta uğradı.

XIII əsrin əvvəllərində bu faciəli hadisələrin üstündən təxminən yeddi əsrə yaxın bir vaxt keçmişdi. Orta Asiya regionunda böyük və güclü Xarəzmşahlar imperiyası mövcud idi. Altayda və Monqolustanda isə tarixin ən qüdrətli imperiyalarından biri – Yekə Monqol Ulusu qurulmuşdu. 1218-ci ildə Xarəzmşah Əlaəddin Muhəmməd monqolların ticarət karvanına hücumun təşkil olunması barədə göstəriş verdi, ardınca isə bunun səbəbini aydınlaşdırmaq üçün gəlmiş monqol elçiləri qətlə yetirildi. 1219-cu ildə Çingiz xaqanın əmri ilə böyük monqol ordusu Orta Asiyaya soxuldu. Xarəzm qoşunları həlledici döyüşü qəbul etməyib geri çəkildilər. Buxara, Səmərqənd və digər şəhərlər monqollar tərəfindən məhv edildi. Yandırılmış şəhərlərdən biri yenə də Daşkənd idi. 1220-ci ildə Orta Asiya türkləri şahzadə Cəlaləddini yeni xarəzmşah kimi tanıyaraq onun rəhbərliyi altında müqaviməti davam etdirsələr də, 12 illik aqoniyadan sonra, 1231-ci ildə Xarəzmşahlar dövləti süquta uğradı.

Abdalı–Göytürk və Xarəzm–Monqol münasibətlərinin hər ikisində karvanların qarət edilməsi, elçilərin öldürülməsi, daha doğrusu, bu hadisələrin müqayisəsindən ortaya çıxardığımız paralel bir təsadüf olsa da, bunların ardınca baş vermiş müharibələr zərurət idi. İlk baxışdan elə görünə bilər ki, hər iki halda hərbin səbəbi məhz səfirlərin qətli olmuşdur. Əslində isə, coğrafi-siyasi məkanlar arasında müharibənin zərurətə çevrilməsi elçilərin öldürülməsinə gətirib çıxarmışdır. Savaşa başlamaq üçün istənilən halda bir bəhanə tapılmalı idi.

Haşiyə: Maraqlı bir məsələyə də diqqət yetirək... Tarixşünaslıqda Göytürk imperiyasının 552–603-cü illərdə mövcud olduğu göstərilmişdir. Lakin Göytürk dövlətinin əsası, faktiki olaraq, 545-ci ildə qoyulmuşdur. O vaxt oğuzlar on birinci jujan xaqanı Anaxuana qarşı qiyam qaldıraraq Aşina nəslindən olan Bumını özlərinə xaqan seçmişdilər. 603-cü ildə bu xaqanlıq iki hissəyə – Qərbi və Şərqi Göytürk xaqanlıqlarına bölünmüşdür. Beləliklə, göytürklərin vahid dövlətçilik dövrü 58 il çəkmişdir.

Yenə də, tarixşünaslıq Monqol imperiyasının 1206-cı ildə qurulduğunu, 1294-cü ildə ayrı-ayrı xanlıqlara bölündüyünü qəbul edir. Əslində isə, Monqol dövlətinin təməli 1203–1204-cü illərdə Çingiz xanın həyata keçirdiyi islahatlarla qoyulmuş, 1205-ci ildə naymanlar və merkitlər, eləcə də Çingiz xanın əsas rəqibi olan Camuqa üzərində həlledici qələbələr qazanılmışdır. 1206-cı ilin qurultayında isə artıq baş vermiş fakt, sadəcə, rəsmiləşdirilmişdir. 1262-ci ildə Hülakü xanla Berke xanın ulusları arasında başlanmış və fasilələrlə 1358-ci ilədək davam etmiş qanlı müharibələr monqolların mərkəzləşdirilmiş imperiya sisteminə güclü zərbə vurmuş, onun tamlığını, bütövlüyünü pozmuşdur. Göründüyü kimi, monqolların da vahid dövlətçilik dövrü 58-59 il sürmüşdür.

Belə bir nəticəyə gələ bilərik ki, Xarəzmşahlar dövlətinin taleyi Abdalı dövlətinin taleyinə, Monqol xaqanlığının taleyi isə Göytürk xaqanlığının taleyinə bənzəyir. Xarəzm–Monqol münasibətləri Abdalı–Göytürk münasibətlərinin təkrarıdır. Bu paralellərin əsas səbəbi odur ki, sözügedən dövlətlər eyni coğrafi məkanlarda yerləşirdilər. Xarəzmşahlar dövləti Abdalı dövlətinin, Monqol xaqanlığı isə Göytürk xaqanlığının varisi və davamı idi.

Beləliklə, xalqlar, dillər, dinlər, quruluşlar dəyişir, amma coğrafi şəraitin diktə etdiyi şərtlər dəyişməz olaraq qalır. Eyni yanaşma yalnız müharibələrə və konfliktlərə aid deyildir. Sonuncu İran–Türkiyə savaşı Osmanlı imperiyasının təşəbbüsü ilə 1821-ci ildə başlanmış, 1823-cü ilədək davam etmiş və tarixə ən humanist müharibələrdən biri kimi düşmüşdür. Şahzadə Abbas Mirzə Qacarın türk ordusu Osmanlı qoşununu məğlub edib Şərqi Anadolunun əhəmiyyətli bir hissəsini ələ keçirmişdi. Diqqətəlayiq haldır ki, hərbi əməliyyatların gedişində Qacar döyüşçüləri nə hərbi əsirləri öldürmüşdülər, nə də mülki əhalini qarət etmişdilər. Qacarlar cəng meydanında qalib gəlsələr də, məhz onların təşəbbüsü ilə 1823-cü ildə Ərzurum sülh müqaviləsi imzalanmış və Şahzadə Abbas Mirzə öz döyüşçülərini Osmanlı torpaqlarından çıxarmışdır. 1824-cü ildən bugünədək – 196 ildir ki, bu iki ölkə arasında heç bir ciddi münaqişə baş verməmişdir. Sözsüz ki, iki əsrlik sülh dövrü də xalqların və liderlərin xoş məramlarına görə deyil, yenə də həmin coğrafi məkanların iradəsi ilə davam edir. Konkret bu situasiyanın səbəbləri və şərtləri bəlli olsa da, başqa tədqiqatın mövzusu olduğuna görə bəhsi burada yekunlaşdırırıq.

 

 

 

Araz ŞƏHRİLİ

Please publish modules in offcanvas position.