Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) sonra daha bir neçə ərəb dövləti İsraillə diplomatik münasibətlərin qurulması istiqamətində danışıqlar aparır.
Axar.az xəbər verir ki, bu bəyanatla BƏƏ-nin Xarici İşlər naziri Ənvər Qarqaş çıxış edib.
Nazir ABŞ-ın “Atlantic Council” düşüncə təşkilatına virtual müsahibəsində qeyd edib ki, digər ərəb dövlətləri bu danışıqların müxtəlif mərhələsindədir.
“Regionumuz strateji parçalanmaya deyil, sabitliyə möhtacdır”, - deyə o vurğulayıb.
Nazir əlavə edib ki, bütün ərəb dövlətlərinin İsraillə saziş bağlamasının əsas şərti Fələstin ərazilərinin ilhaqının dayandırılmasıdır. Yalnız belə olan halda regionda sülhə və sabitliyə nail olmaq mümkündür.
BƏƏ-nin naziri İsraillə münasibətlərin qurulmasının ABŞ-la strateji əlaqələrə də müsbət təsir edəcəyini söyləyib.