Kazanda 6-cı İƏT Gənc Sahibkarlar Forumu keçirilib

/ Çərşənbə, 02 Dekabr 2020 18:57
Kazanda 6-cı İƏT Gənc Sahibkarlar Forumu keçirilib

Dünən Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində  6-cı Kazan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənc Sahibkarlar Forumunun yekun mərhələsi keçirilib. İƏT Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzi və Tatarıstan Respublikası Gənclər Nazirliyinin təşkil etdiyi Forumda 44 ölkədən 200-ə yaxın gəncin startap layihələri iştirak edib. “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və İƏT Gənclər Forumu katibliyi Forumun keçirilməsində tərəfdaş kimi çıxış ediblər. Beynəlxaq ekspertlərin iştirakı ilə üç ay davam edən onlayn tədris-hazırlıq mərhələsindən sonra Forumun yekun mərhələsinə 32 startap seçilib və ümumi məbləği 20 min ABŞ dolları olan mükafatlar üçün yarışıb.

Forumdan öncə 30 noyabr tarixində İƏT Gənclər Forumunun nümayəndə heyəti Taratrıstan Respublikasının prezidenti Rüstəm Minnixanov tərəfindən qəbul edilib. Görüş zamanı İƏT Gənclər Forumunun sədri Taha Ayhan və Forumun Avrasiya üzrə Regional Mərkəzinin Baş direktoru Elməddin Mehdiyev Rüstəm Minnixanova qarşılıqlı əməkdaşlıq çərçivəsində görülən işlər və gələcək layihələr haqda məlumat veriblər. Elməddin Mehdiyev gənc sahibkaкların maraq göstərdiyi sahələri qeyd edərkən Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi nəticəsində işğaldan azad edilən ərazilərin 30 ildən sonra yenidən dünyanın iqtisadi və turistik xəritəsinə qayıtdığını və gənc sahibkarlar üçün bu ərazilərdə yeni imkanların olduğunu qeyd edib. Öz növbəsində prezident Minnixanov münaqişənin tarixi və hüquqi ədalət və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllindən məmnunluğunu və bundan sonra bölgədə dayanaqlı sülhün hakim olacağına və bunun gənclər üçün yeni imkanlar yaradacağına inamını ifadə edib.

Forumun 1 dekabr tarixində keçirilən yekun mərhələsində Rusiya Federasiyasının Gənclər üzrə Federal Agentliyinin sədri Aleksandr Buqayev, İƏT Gənclər Forumunun sədri Taha Ayhan, Forumun Avrasiya üzrə Regional Mərkəzinin Baş direktoru Elməddin Mehdiyev, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Gənc Diplomatlar Şurasının sədri Konstantin Kolpakov və Tatarıstan Respublikasının Gənclər naziri Dəmir Fəttahov çıxış ediblər. Həm onlayn, həm də oflayn (hibrid) formatda keçirilən tədbirdə startaplarla yanaşı bir sıra yerli və beynəlxalq investorlar, mütəxəsislər və xüsusi qonaqlar iştirak ediblər. Elməddin Mehdiyev öz çıxışında layihənin Covid19 pandemiyasına baxmayaraq bu il daha çox ölkəni əhatə etdiyini və onlayn təlimlər nəticəsində 44 ölkədən 200-ə yaxın startap müəllifinin lazımi bilik və bacarıqlara yiyələndiyini bildirib. O, həmçinin gənclərin obyektiv əməkdaşlığının və biznes innovatorların fəaliyyətinin beynəlxalq sülhə və inkişafa töfhə olduğunu qeyd edərək, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük iqtisadi potensiala malik olduğunu və uzun illər davam edən işğalın dünya iqtisadiyyatını, beynəlxalq investorlar və gənc sahibkarları bu imkanlardan məhrum etdiyini bildirib. 

Sonra investorların iştirakı ilə 20-dən artıq startap layihəsi müəllifləri 3 dəqiqəlik video təqdimatlar keçiriblər. Beynəlxalq ekspertlərdən ibarət münsiflər heyətinin qərarı ilə Qazaxstan, Pakistan və Rusiyadan olan startap müəllifləri İƏT Gənclər Forumu və onun Avrasiya üzrə Regional Mərkəzi tərəfindən təsis edilmiş 10 min, 7 min və 3 min ABŞ dolları məbləğində mükafatlarla təltif ediliblər.

1

3

5

6

 

Please publish modules in offcanvas position.