Ümmi-Eymən kimdir?

/ Çərşənbə, 13 May 2020 11:47
Ümmi-Eymən kimdir?

Oxucu sual verir: Ümmi-Eymən kimdir?

Ümmi-Eymən Həzrət Mühəmməd Peyğəmbərin (s) dayəsi olmuşdur. Onun əsil adı Bərəkə, özü Nubiyadan (Afrikadan) idi, birinci övladının adı ilə ona Ümmi-Eymən künyəsi ilə müraciət edirdilər. Ümi-Eymən Peyğəmbərimizin (s) atası Abdullahın xidmətçisi idi (bəzi mənbələrdə o həzrətin anası Aminə xatunun kənizi olduğu yazılır). Peyğəmbərin (s) valideynlərinin vəfatından sonra Ümmi-Eymən ona qulluq etmişdir. Peyğəmbərimiz (s) onu öz anası kimi sevir, “anamdan sonra anam” adlandırırdı. O həzrət, Xədicə ilə evləndikdə Ümmi-Eyməni azad etdi. Ümmi-Eymən İslamın əvvəllərində iman gətirmişdi. Birinci həyat yoldaşından Eymən adlı oğlu doğulmuş, az sonra əri vəfat etmişdi. Bundan sonra Peyğəmbər (s) öz oğulluğu Zeyd ibn Harisə ilə Ümmi-Eyməni evləndirdi və bu izdivacdan kiçik yaşda sərkərdə təyin edilməsi ilə tarixdə məşhurlaşmış Üsamə dünyaya gəldi. İslam uğrunda cihadlarda Ümmi-Eymənin həm ikinci həyat yoldaşı Zeyd ibn Harisə, həm də oğlu Eymən şəhid oldular. Ümmi-Eymənin vəfat tarixi dəqiq məlum deyil. Bəzi məlumatlara görə, Peyğəmbərin (s) vəfatından az sonra, bəzi məlumatlara görə isə hicri 24-cü (miladi 644-cü) ildə dünyadan köçmüşdür. Mədinədə, Bəqi məzarlığında dəfn edilmişdir.  

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.