Şəriət baxımından qadının kişiyə sevgisini elan etməsi və evlənmək təklifi göndərməsi icazəlidir yoxsa günahdır?

/ Cümə, 30 Oktyabr 2020 10:59
Şəriət baxımından qadının kişiyə sevgisini elan etməsi və evlənmək təklifi göndərməsi icazəlidir yoxsa günahdır?

Oxucu sual verir: Şəriət baxımından qadının (qızın) kişiyə (oğlana) öz sevgisini elan etməsi və evlənmək təklifi göndərməsi icazəlidir yoxsa günahdır?

Dinimizə görə, şəriətin icazə verdiyi çərçivələr daxilində insanların bir-birini sevməsi günah deyil. (Şəriətin izacəsi deyilərkən, məsələn, ərli qadının başqasını sevməsi kimi hallar istisna edilir, bu, günahdır). Ənənəyə görə, kişilər öz sevgilərini qadına elan edir və evlənmək təklifi irəli sürürlər. Lakin bunun əksini də etmək icazəlidir. Yəni qadın (qız) da sevdiyi kişiyə (oğlana) öz meylini müəyyən yollarla çatdıra bilər. Bu zaman qadının öz şəxsiyyətini və həyasını qoruması şərt sayılır. Əgər qadın kişini ciddi şəkildə sevirsə, məsələn, rəfiqəsi, qohumu vasitəsilə yaxud başqa bir yolla ona ərə getmək arzusunda olması barədə xəbər yollaya bilər. Tarixdən məlumdur ki, Həzrət Mühəmməd Peyğəmbərin (s) Xədicə xanımla ailə qurması bu şəkildə baş vermişdi. Həzrət Mühəmmədin (s) əmanətdar, nəcabətli və bacarıqlı bir insan olduğunu öyrənən Xədicə xanım ona ərə getmək qərarına gəlmiş və bunu qəbilədəki qohum qadınlar vasitəsilə Peyğəmbərin (s) yaxınlarına çatdırmışdı. Bir daha təkrar edirik ki, bu hərəkət naməhrəmlik şərtlərinə riayət etmək və qadının öz həyasını qorumaq şərtləri daxilində icazəlidir.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.