Öncəki məqalələr

Xırda buynuzlu mal-qaranın qətliamı, yoxsa...?

/ Bazar ertəsi, 22 Oktyabr 2012 07:15
Xırda buynuzlu mal-qaranın qətliamı, yoxsa...?

Qurban bayramı. Bu söz birləşməsini hələ uşağ ikən eşitmişik. Sovet hakimiyyətinin bütün qadağalarına rəğmən, Allah Öz dinini vəd etdiyi kimi qorudu, yeni nəsillərə olduğu kimi çatdırdı. Amma bu söz birləşməsinin fərqinə varmışıqmı?  “Qurban verən də bayram edərmi” sualına bir dəfə cavab tapmağa çalışmışıqmı?

Nədir qurban? Kim üçündür qurban? Kimə, nəyə lazımdır qurban? Nəyi bayram edirik?
Hər il müsəlmanların əziz günü yetişdikdə, dünyada qoyunların, dəvələrin, öküzlərin müdafiə kampaniyasına start verilir. Müxtəlif qitələrdə süni göz yaşlarına qərq olaraq İslam ardıcıllarının “qəddarlğını”, “qaniçənliyini”, “heyvanlara zülmünü” önə çəkirlər (Yeri gəlmişkən, bu zaman Pakistanda, Əfqanıstanda, İraqda, Fələstində və digər müsəlman ölkələrində günahsız insanların Qərbin “demokratik islahatlarının” qurbanına çevrildiyi unudulur). Bəs nədir bu Zilhiccə ayının 10-da baş verən hadisənin fəlsəfəsi? Əsrlər boyu bu suala müxtəlif cavablar verilib. Amma bu gün də, fərd olaraq bu suala cavab aramağa cəhdə görə kiməsə irad tutmaq olarmı? Allah Quranda təkidlə bəndələrini düşünməyə çağırmırmı? Mən də düşünürəm. Düşünürəm ki, sözsüz, Allahın sonsuz mərhəmətini bəndə tam anlaya bilməz. Amma Rəbbinin bəzi buyruqlarına nəzər salsa, nə qədər əzizləndiyini, ona nə qədər güzəşt edildiyini sezməyə qadirdir. Bizdən ildə bir dəfə, cəmi bir dəfə, qurban tələb olunur. O da ki nə? Qoyun, öküz, dəvə. Allah bizdən bəxş etdiyi əzalardan qurban istəmədi. Bəxş etdiyi övladları da qurbanlıq kimi tələb etmədi. Bu qədər nemətə görə istədiyi bir qoçdur. Biz bunu yerinə yetirib, qurbanımızı veririk. Deyirik ki, “qurban verdik”. Tarixdə başqa qurban verənlər də olub. Məsələn, Xanım Zeynəb (s.ə). İbrahimin (ə) İsmayılı (ə) qurban kəsməyini Allah rəva bilmədisə, bu yüklə peyğəmbəri yükləmədisə, Aşura günü qurban deyil, qurbanlar kəsildi. Xanım dedi ki, “Allahım, bu qurbanları bizdən qəbul et”. Biz də deyirik. Nədənsə (öz payıma deyirəm), heç qızarmırıq da. Allahın lütfünün sərin mehini duyuruqmu heç olmasa? Bəlkə, elə bunu bayram edirik? Qurbanımızın qoyun olmasını deyirəm. Təbii ki, Allah heç kimi çəkə bilmədiyi yüklə yükləmir. Rəbbimiz bizi bizdən yaxşı tanıyır. Öz əzəli elmi ilə bilir ki, əllərimizi açıb “gəlsin!” deməyimizin arxasında bəzən sadəlöhvlük, bəzən ücb, bəzən də burnumuzun ucundan o yanı görməməyimiz dayanır. Bilir ki, bu yükü biz qaldıra bilməyəcəyik, qəddimiz əyiləcək, olan-qalanlarımızı da itirəcəyik.
Məncə, Zilhiccənin 10-u həm də düşünən beyinlərin bayramıdır. Düşünən və suallarına Allahın lütfü ilə cavab tapanların. Həddini aşmayanların. Allaha Onun istədiyi qurbanı verən, vəzifəsini düzgün anlayanların bayramıdır. Yüzlərlə, minlərlə yol içində düzgününü arayıb tapanların, qəlbləri aramların bayramıdır.
Allah bizdən bəxş etdiyi nemətlərdən heç nəyi geri istəmədi (candan savayı ki, onu da qaytarmağa vəd verib). Çünki bu, onun şəninə, əzəmətinə yaraşmaz. Bizi insan yaradaraq insan olmağımızı istədi. Bu qurban da insanlığa, yəni Allaha doğru aparan yolda bir vəsilədir. Bu yolda bizi dünyaya bağlayan ismayıllardan azad olunca, mənzil başına, məqsədimizə yaxınlaşırıq, İbrahimin (ə) sücaətini öz çəkimizə, imanımıza uyğun təkrarlayırıq . Allah Quranda buyurur: “Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmarsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir!” (“Ali-İmran”, 92). Odur ki, xərcləyək, ismayıllarımızdan könüllü olaraq qurtulaq və Allaha minnət qoymayaq. Zatən, Allah bizdən istədiyi qurbanı Rəsulu vasitəsi ilə bəndələrinə aşkar çatdırıb.

P.S. Bu günü bayram edək. Ruhumuzun, qəlbimizin, imanımızın yüksəlişi üçün vəsilə olsun bu bayram. Bu gün haqqında, Allahın sonsuz lütfü haqqında düşünək ki, Zilhiccənin 10-u yalnız düşmənlərimiz tərəfindən xırda buynuzlu mal-qaranın qətliamı kimi dəyərləndirilməsin. İsmayıllarını Allah yolunda qurban verməyə hazır olan hər bir İbrahimin bayramı mübarək!

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.