Öncəki məqalələr

Dindən uzaqlaşdıran əmr be məruf

/ Çərşənbə, 31 Oktyabr 2012 07:19
Dindən uzaqlaşdıran əmr be məruf

Əmr be məruf Firuiddinin tərkib hissəsidir. Əmr be məruf - yəni xalqı yaxşı işlərə və bəyənilmiş rəftarlara dəvət etmək. Bu, hər bir müsəlmana vacib olan əməldir. Bunu kim necə, hansı üsulla həyata keçirir – başqa bir söhbətin mövzusudur.

Məqsədim Azərbaycan reallığında əmr be mərufun ən çox realizə edilmə məkanına - hüzr məclislərindən söz açmaqdır. Bir nümunə olaraq isə...
Payızın əvvəlində yaxın qohumlarımdan birini itirdim. Bu yaxınlıq da mərhumun ta 40-na kimi bütün məclislərdə əvvəldən sona qədər iştirakımı labüd etdi. Müxtəlif mollalar gördüm, müxtəlif davranışlara şahid oldum: lətifə danışıb toplaşanları əyləndirən də oldu, bu kimi məclislərdə hansı taamların verilməsinin daha məqbul olduğunu müzakirə edənlər də. Amma, zənnimcə, bu mərasimlərin molla "hit-paradı"nın şəksiz qalibi Biləcəri məscidinin biz günahkarlara ərməğan etdiyi, qadınların "cümə axşamları"nı "yola verən" molla oldu. Adət-ənənələri pozub otağa daxil ola bilməzdim. Odur ki, bu "din xadiminin" odlu-alovlu çıxışlarını "canlı" deyil, yalnız ara-sıra dəhlizdən dinləməklə kifayətləndim. Amma elə bu "ara-sıralıq" mənim daxili dünyamda elə dərin iz buraxdı ki, hətta siz əzizlərlə təəssüratlarımı bölüşmək qərarına gəldim. Əvvəlcədən deyim ki, yüksək aktyorluq qabiliyyətinə malik bu şəxs çox inamla çıxış edirdi. Hətta hərdən öz-özümə düşünürdüm: "Görəsən doğrudan da dediklərinə inanır?".
Məclisin sanballı hissəsi mollanın "kəramətlərinin" izhar olunmasına həsr edilmişdi. Yuxarı başda əyləşən qadın qətiyyətlə bəyan etdi ki, "elə-belə", sıravi adam deyil. Sən demə, bunun qayınatası seyid olub, yəni Peyğəmbər nəslinin nümayəndəsi. Dünyasını dəyişəndə, bu həyata əbədi gözlərini yummazdan əvvəl isə sevimli gəlinini çağırıb və... İndi yazacaqlarıma görə üzr istəyirəm, məni qeyri-etik davranışda, murdarçılıqda və sair qəbahətlərdə ittiham etməməyinizi rica edirəm. Və bəhsimi elə o qadının dilindən davam etdirirəm: "Kişi mənə dedi ki, "ay bala, aç ağzını", mən də açdım. Sonra da ağzıma bir parça tüpürdü. Dedi ki, day bundan sonra mənim udumum (bunun nə olmasını "övliya" özü bilir - V.Ə.) keçdi sənə. Mən də elə o vaxtdan...". Belə. Düzü, bunları eşitdikdə ani olaraq harada olduğumu, yaxın adamın itkisinin acısını unudaraq, güldüm. Amma indi düşünürəm ki, əsl ağlamalı məqam imiş. Nə isə. Cuşa gələn "din xadimi" isə əmr be mərufu davam etdirirdi: "Namaz? Hə də, qılmalısan. Amma əsas bu deyil. Qılmırsan, canın sağ olsun. Əsas bilirsən nədir? Əsas odur ki, əlin açıq olsun". Bu son cümlənin toplaşanlar tərəfindən nə dərəcədə rəğbətlə qarşılanması haqqında yerbəyerdən ucalan "düz deyir də!", "az, bəs mən nə deyirdim?", "sağ ol eee!" sədalar əsasında fikir yürütmək olar. Axı necə də rəğbətlə qarşılanmasın? Toplaşanların əksəriyyəti namaz qılmayan, "Allaha canımız qurban, təki ürək saf olsun" prinsipi ilə yaşayanlar idi. Bu da belə. Məclisi ələ aldığını sezən "molla" isə, bir az da irəli gedərək, reklam kampaniyasına başlamaq və "müqəllidlərinin" sırasını sıxlaşdırmaq qərarına gəldi: "Mən bəxt də açıram, vallah. Elə qız yoxdur ki, ona əlimi toxundurum, o isə ərə getməsin...". Sadə xalqa dinin əsaslarını izah edən bəndənin repertuarında bundan savayı da maraq doğuran məqamlar var idi. Amma elə bunlar da yetər. Yetər ki, hüzn məclislərinin idarəçiliyini inhisarında saxlayanlar, "manıslara 5 min verə bilirsən, ölünü son mənzilə yola salınmasına 2 min verə bilmirsən?" deyənlər, Allahdan qorxmayaraq İslama zərbələr endirənlər heç olmasa bir dəfə papaqlarını qarşılarına qoyub düşünsünlər: axı Qiyamətdə Allaha nə cavab verəcəyik?

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.