Öncəki məqalələr

Yeni hacılara xahişnamə

/ Cümə axşamı, 08 Noyabr 2012 07:20
Yeni hacılara xahişnamə

Giriş əvəzi: 3-4 ilin söhbətidir. Torpaq sahəsi almaq arzusunda olan bir nəfəri bu işlə məşğul olan hacı ilə tanış etmişdilər. Xırdalanın ucqar yerində bir sahəni müştərisinə təqdim edərkən “Hacı, buranın qazı necə, var?” sualına alqı-satqı üzrə mütəxəssis “Bax, bu da qazın “turbası” deyərək, əli ilə sarı rəngə boyanmış borunu göstərdi.

Elə bu zaman yaxınlıqdakı evin qapısından çıxan ağsaqqala dəqiqləşmə üçün eyni sual ünvanlandı. “Ay Allah evinizi tiksin! Nə qaz? Qaz nə gəzir? Qışda “işıq pulunu” zorla çatdırırıq” cavabını verdi. Ətrafdakıların kinayəli baxışlarının nə məna kəsb etdiyini anlayan və daha sual gözləməyən hacı sifətində dərin təəccüb hissi yaradaraq dilləndi: “Mən məgər dedim burda qaz var? Dedim ki, bu qaz “turbasıdır”! Vəssalam”.

Növbəti Həcc mövsümü sona çatdı. Bu ilahi missiyanı başa vuran 2600 azərbaycanlı artıq vətənə dönüb. Hər birinə kiçik qardaş kimi “Allah qəbul etsin!” deyirəm. Və bir kiçik qardaş kimi də özümdə cürət tapıb məhz qardaşlarıma müraciət edirəm.

Əziz hacılar! Sizin hansı hisslər keçirdiyinizi anlamaq iqtidarında deyiləm. Çünki nə Kəbəni təvaf etmək, nə Məscidün-Nəbəvidə namaz qılmaq, nə də Peyğəmbərin (s) məzarını ziyarət etmək mənə nəsib olmayıb. Sözsüz ki, hardan qayıtdığınızı, Kimin qonağı olduğunuzu məndən yaxşı dərk edirsiniz. Amma yenə də, özümə borc bilirəm ki, deyim: lütfən, diqqətli olun! Bir neçə gün öncə Şeytanı daşladınız. Sözsüz ki, bu daşların, onların atıldığı ünvanın da rəmzi olduğunu bilirsiniz. Təbii ki, Şeytanın belini tam qırmadığınızı, mübarizənin davam etdiyini də anlayırsınız. Odur ki, hazır olun. Şeytan sizə rəmzi daş atmaqla kifayətlənməyəcək. O, artıq bütün ordusunu toplayaraq, üzərinizə nəhəng qaya parçaları yuvarlamaqdadır. Əvvəlki Həcc mövsümünün neçə-neçə iştirakçısı buna oxşar qayalar altında əzilib, xürt-xəşil olub – buna hamımız şahidik. Lütfən, siz belə acınacaqlı aqibət yaşamayın. Çünki siz Azərbaycan İslamının ön cərgəsisiniz, simasısınız. Çünki məhz sizə, sizin davranışlarınıza baxaraq İslam haqqında fikir yürüdülür, bəzən isə hətta “namaza başlayım, ya yox?” sualına cavab verilir. Çünki qeyri-hacıların bəzən buraxdıqları səhvlərin cəmiyyətdə doğurduğu rezonans sizin səhvlərinizlə müqayisədə heç nədir. Bir sözlə, siz artıq yalnız özünüzə deyil, faktiki olaraq Allahın dininə görə cavabdehsiniz.

Əziz hacılar! Heç birinizin imanını, təqvasını, inamını, ixlasını şübhə altına almaq fikrində deyiləm. Amma... Ola bilər ki, kimsə Səudiyyə Ərəbistanına qürbətən-ilallah yollanmayıb (razılaşaq ki, belə şeylər olur hərdən). Niyyət olub “qürbətən-kolbasa istehsalı”, “qürbətən-“həci” titulu” və s. Əgər həqiqətən də belə hallar olubsa, zənnimcə, o müqəddəs məkanları gördükdən sonra, niyyət elə ordaca dəyişib. Bu niyyətin saflaşması da, ümid edirəm ki, əməlinizdə öz təzahürünü tapacaq.

Əziz hacılar! Siz Azərbaycanın müsəlman ümmətinin seçilmişlərisiniz. Sizi Allah belə bir İlahi missiya ilə şərəfləndirdi. Məmləkətimizdə minlərlə insan var ki, hər namazda zilhiccə ayının 10-u məhz Minada qurban kəsməyi Allahdan diləyir. Bu duaların nə üçün qəbul olmaması ilə işimiz yoxdur – bu Allahla bəndə arasında olan bir məsələdir. Ancaq Rəbbimiz sizə bu səadəti nəsib etdi. Lütfən, Allahın bu seçimini, bu etimadını zay etməyin.

Yekunda isə yenə də bir müsəlman, kiçik qardaşınız olaraq deyirəm: “Allah Həccinizi qəbul etsin!”.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.