Öncəki məqalələr

“Kəsilməli idi başımız, kəsildi sünnətimiz”

/ Cümə axşamı, 20 Noyabr 2014 13:31
“Kəsilməli idi başımız, kəsildi sünnətimiz”

İslamda, bəlkə də, heç bir sahəyə elmə verilən qədər dəyər  verilməyib.

Lakin əfsuslar olsun ki, müsəlman dünyası elmə ciddi yanaşmır. Bunun nəticəsində də müasir elmi nailiyyətlərdən kənar qalır. Bu boşluğu isə, təbii ki, radikallaşma, təriqətləşmə, dözümsüzlük doldurur. Hazırda dünyada hansısa bir elmi ixtiralarda müsəlman adı eşitdikdə, az qalırıq dünyanı dağıdıb deyək ki, İslam planeti fəth edir. Bəşəriyyətə Farabilər, İbn Sinalar, Xəyyamlar, Birunilər, Tusilər, Bəhmənyarlar bəxş edən İslam dünyası indi son 20-30 ildə terrorçu “qəhrəmanlarla” tarixə düşür. Səbəb isə yenə də birdir. Cəhalət, özündən razılıq, elmə ciddi yanaşmama. Halbuki İslam peyğəmbəri Həzrət Məhəmməd (s) buyurur: "Elm möminin itkisidir, müşriklərin əlində olsa belə, onu öyrənin".

Bəs indi?!!  Bu hədisə nə dərəcədə riayət edirik? Ərəb ölkələri fəxrlə dünyaya şeyxlərinin maşınlarını, dəbdəbəli həyatlarını göstərəndə, avropalılar Tusinin 13-cü əsrdə astronomiya ilə bağlı verdiyi hesablamalardan istifadə edərək qalaktikaları fəth edir. Məmləkətimin möminləri “Aləmi-zərr” mövzusunda kəlmələri zərrə-zərrə incələmək zövqündə boğulan zaman Qərb dünyası maddələri zərrələrə bölür, texnologiyanı nanosistemə, nanotexnologiyaya, zərrə texnologiyasına keçirir. Şərq dünyası qəlyan tüstüsünün  qoxusunda yeni “kəşflər” apararkən, Qərb dünyası tüstüsüz avtmobillər haqda düşünür. İslam təriqətləri əllərin namazda açıq, yoxsa bağlı olmasını təhlil edərkən, kafirlər bu əllərin necə kəsilməsi yollarını araşdırır.

Bəli, dərdimiz böyükdür. Amma ki, Cənnət adlı bir (özümüz də səmimi inanmadığımız) məkanla özümüzü “straxofka” edirik: “Eybi yox, o dünya ki bizimdir!” Yerin üstünü ağ günə qoymuşduq, qalmışdı bir altı.

Necə də dahi adammışsan, Allah sənə rəhmət etsin, Mirzə Ələkbər! Necə demişsən? “Kəsilməli idi başımız, kəsildi sünnətimiz!”

Belə qalmaz. Qələmə qiymət verməsək, Allah dövrümüzə əli qələmli yox, əli qılınclı bir Mirzə Ələkbər Sabir yetirəcək!

Please publish modules in offcanvas position.