Öncəki məqalələr

Bir daha qəbiristanlıqlar haqqında

/ Şənbə, 29 Dekabr 2012 13:37
Bir daha qəbiristanlıqlar haqqında

Şəhərimizə gələn qonaqları adətən gəzdirib, görməli yerlərlə tanış edirik. Və şəhərimizin gəzməli-görməli yerlərinin sırasında Qız qalasından, Şirvanşahlar sarayından sonra ilk yerləri küçə və parklarımızda ucaldılmış görkəmli şəxsiyyətlərin abidələri, bir də sənət əsərlərimizin – heykəl və rəsmlərin saxlandığı muzeylər tutur.

Amma fikrimcə, qonaqları Bakının tıxaclı küçələri ilə gəzdirməyə, yay vaxtı isti Günəşin, qış vaxtı küləkli şaxtanın altında saxlamağa, muzey və sərgilərə bilet üçün pul xərcləməyə bir elə lüzum yoxdur. Kifayət edər ki, onları şəhər içindəki “samballı” qəbristanlıqların birinə ziyarətə (daha doğrusu, ekskursiyaya) aparaq. Ürəkləri istəyən heykəlləri, mərmərüstü rəsmləri, qəbirüstü şeirləri burada doyunca seyr edə bilərlər. Onlar üçün nə fərqi var ki? Azərbaycanlı deyillər ki, milli təəssübləri olsun. Ya Füzulinin, Xətainin abidəsi olsun, ya da qəbristanlıqda uyuyan hər hansı şəxsin büstü. Ya Qobustandakı qayaüstü rəsmlər olsun, ya da mərmər üstündəki mərhumların portretləri. Ya Nizaminin Xəmsəsi olsun, ya da başdaşılarında cızılan və mərhumun fəzilətlərini sadalayan “poeziya” nümunələri – onlar üçün fərqi yoxdur...

Amma bizim üçün fərqi var. Çünki qiyməti ortabab bir ailənin aylarla dolanışığına bərabər olan bu mərmər parçaları, adam boyundan da xeyli hündürə yüksələn başdaşları, qəbristanlıq torpağını parçalara və şəxsi hissələrə ayıran məhəccərlər – bütün bunlar torpağın altında uyuyan ölülərə və onların xatirəsini bu şəkildə əbədiləşdirməklə yaxşı iş gördüyünü düşünən dirilərə birbaşa aidiyyatı olan məsələlərdir. Ölü də, diri də bizim həmvətənimizdir, əzizimizdir. Biz həm bu dünyada, həm də o biri aləmdə onların vəziyyətinin yaxşı olmasını istəyirik. Bu tənqidlər də elə məhz həmin istəyə xidmət edir.

Əziz oxucum, amma məni düzgün başa düş. Mən vəhhabilər kimi qəbristanlıqlara traktor salıb bütün başdaşlarını yerlə yeksan etməyi və torpağı şumlamağı təklif etmirəm. Çünki bu, çıxış yolu deyil; müəyyən mənada torpağın altında yatanların ruhuna, xatirəsinə və onların diri olan əzizlərinə qarşı təhqirdir. Mən bəzi ölkələrdə olduğu kimi, basdırılan şəxsin qəbri üzərində adi bir “kubik” daşından savayı heç bir əlamət qoyulmamasının, bütün qəbrlərin torpaqla bərabər olmasının, hətta başdaşını əvəz edən “kubik” in üzərində mərhumun adının belə, yazılmamasının da tərəfdarı deyiləm. Çünki əvvəla, bunu tələb etmək onsuz da qeyri-mümkün işdir. Ikincisi, milli adət-ənənəsinə, nəslinə, soykökünə, tarixinə bağlı olan əksər həmvətənlərimiz kimi mən də heçab edirəm ki, hər kəsin haqqı var ki, öləndən sonra məzarı iki-üç nəsil tərəfindən tanınsın və ziyarət edilsin. Ata-anasını torpağa tapşıran və qəbrinin yerini birdəfəlik unudan bəzi “yeni müsəlmanlar” kimi olmağı heç bir azərbaycanlıya arzu etməzdim. Amma gəlin insaflı olaq da. Etiraf edək ki, hər bir sıravi müsəlmanın məzarı oğul-uşağına, nəvəsinə və ən uzağı, nəticəsinə bəlli və maraqlı olur. Bundan sonrakı nəsillər onsuz da ulu əcdadlarının dəfn məkanı ilə ilgilənmirlər və hətta bəlkə həmin əcdadın adını belə, öyrənməyi artıq bilirlər. (Bununla milli və ya dini əhəmiyyət kəsb edən böyük şəxsiyyətlərin məzarını nəzərdə tutmuram; çünki bu məzarlar həmişə ziyarət və ibrət məkanı olublar, bundan sonra da olmalıdırlar). Boynumuza alaq, hansı birimiz babamızdan (və ya ən yaxşı halda atamızın babasından) o yana əcdadımızla maraqlanırıq? (Məsələni başqa şəkildə qoysaq, hansı birimizin ata-anası öz babasından o yana əcdadları haqqında bizə məlumat verməyə qadirdir?).

Digər tərəfdən, özümüzə sual verək: bu bahalı başdaşları, sinə daşları, mərmərlər, portretlər kimə fayda gətirir? Bunun ölüyə bir xeyri varmı? Ümumiyyətlə, ölüyə yaxınlarının rəhmət duasından savayı nəyinsə faydası varmı? Bəlkə, borc-xərclə, balalarımızın boğazından kəsərək qəbirüstü abidələrə ətək-ətək pul xərcləmək xoş gəlir bizə? Hətta balalarımızın boğazından kəsməsək belə, bu xərcləri çəkmək üçün gen-bol maddi imkanımız olsa belə, yenə düzgün etmirik vallah. Çünki mərmərə verdiyimiz pulu balamızın boğazından kəsməsək də, qonşunun balasının boğazından kəsirik. Çünki ətrafımız, yan-dövrəmiz ehtiyaclılarla doludur. Çünki Allah onların ruzisini bizim əlimizlə verməyi istəyir. On minlərlə pul xərcləyib, Rusiyadan, nə bilim haralardan ekstravoqant rəng və ölçülərdə mərmər qayaları gətizdirməkdənsə, beş il məktəbə eyni çantanı aparan, qışda “bosonojka” ilə məktəbə getməyə məcbur olan uşaqları, yataqda ağrı ilə qovrulub dərman intizarı çəkən və dərman almağa imkanı olmadığını bildiyi üçün də dişi bağırsağını kəsən xəstələri, televizor ekranında al-əlvan konfet və oyuncaq reklamlarını görən uşağın “ata, bundan mənimçün alarsan?” sualına nə cavab verəcəyini bilməyən ataları, heç olmazsa, ayda bir dəfə ət xörəyi bişirib balararını sevindirməyi xoşbəxtliyin son həddi sayan anaları, bir ucu küçənin o biri başına uzanan növbədən sonra təqaüdünü bankomatdan çıxaran və dükanda birdəfəlik bazarlığa xərcləyən ağsaqqalları fikirləşsək daha yaxşı olmazmı?

Çıxış yolunu inzibati qaydalarda axtarmaq doğru deyil. Çünki bu istiqamətdə hər hansı inzibati tədbirin atılmasını gözləmək sadəlövhlük olardı. Unutmayaq ki, qəbristanlıqları heykəllərlə bəzəyənlərin əksəriyyəti imkanlı adamlardır və qanunu da onlar yazırlar. Aidiyyatlı qurumların və şəxslərin bu barədə dini fətvasının da intizarını çəkmək mənasızdır. Əlac qalır yenə özümüzə. Allah qarşısında, xalq qarşısında, vicdan qarşısında, ölülərimizin ruhu qarşısında məsuliyyətimizi dərk edərək, bu problemi özümüz həll etməliyik. Əgər ölülərimizin torpaq altında rahat yatmağını istəyiriksə, bundan sonra onların cismini ağır mərmər piltələrlə, ruhunu isə bu işin günahı ilə yükləməməliyik...

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location
Type the text presented in the image below

Please publish modules in offcanvas position.