Öncəki məqalələr

Daha bir Aşura: müşahidələr və mülahizələr

/ Bazar ertəsi, 24 Noyabr 2014 13:40
Daha bir Aşura: müşahidələr və mülahizələr

Aşura günü gəlib-çatdı. Keçən illərdə olduğu kimi yenə dini mühitdə canlanma müşahidə edilir. Əslində bu canlanmanın özü də qəribə xüsusiyyətlərə malikdir.

İl ərzində azanı qorxa-qorxa verən məscilərdən məhərrəm ayı başlayandan bəri hər axşam mərsiyə və rövzə səsi ətrafa yayılır. Bu səslərin içində istədiyin avazı eşidə bilərsən. Ən çox da cənub qonşumuzun ləhcəsi ilə, avazı ilə oxunan mərsiyələr üstünlük təşkil edir. Elə ən asan yol da budur: qonşu ölkənin məscidlərində keçirilmiş köhnə təziyə məclislərini qeyri-canlı olaraq translyasiya etmək. Ya da ən uzağı, həmin növhələri, mərsiyələri olduğu kimi “kopirovka” edib oxumaq, adını da qoymaq “yerli istehsal”. Amma diski qoymazdan əvvəl dinləyicilər üçün təlimat keçmək yenə yaddan çıxır. Halbuki, çox yerinə düşərdi. Məsələn, rövzədəki “baba” sözləri ata deməkdir, “nənə”ni də ana kimi qəbul etməliyik və sairə və ilaxır.

Məscidlərdən yayılan avazlar klassik musiqi sənətimizin incəlikləri barədə dolğun təsəvvür yaratmağa tam kifayət edər. Burada bütün muğamlarımızın ahəngini, təsnif və dəramədlərimizi, hətta məşhur el havalarımızın ritmini eşitmək mümkündür. Əslində bu çox da qəribə deyil. Axı insafla desək, bir çox dərviş və məddahlarımız mükəmməl musiqi savadına malikdirlər və hər mümkün yolla bunu sərgiləməyə çalışırlar.

Ilin qalan aylarında mobil telefonların “zvonok”ları sayəsində ən rəngarəng nəğmələri eşitmək imkanımız olurdu. Məhərrəm ayı başlayanda bir çox dindarlar imicin tərkib hissəsi kimi, telefon musiqisini və zəngimseli də dəyişdilər. Indi onlara zəng edəndə telefondan ya rövzə səsi eşidilir, ya da “yerli istehsal”ın bir növü olan dini meyxanalar. Bu sonuncu dediyim da qəribə bir tendensiyadan xəbər verir. Bizlər adət etmişik ki, maşının qiymətini və sürücünün səviyyəsini maşında oxutdurulan musiqidən bilmək olar. Avtomobilin dinamiklərindən partlayışla çıxıb, ətrafdakıların qulaq pərdəsini hədsiz canfəşanlıqla sığallayan musiqinin səsi nə qədər yüksəkdirsə, deməli, o maşının sahibi bir o qədər “vurub-yıxan” oğlandır (amma intellekt səviyyəsi ilə də tərs mütənasibdir). Musiqinin ritmi gərək maşını tərpətsin, küçədən keçəndə birinci mərtəbədəki evlərin pəncərələri gərək səs dalğasından cingildəsin. Yoxsa o musiqidən nə fayda? Amma indi məhərrəmlikdir, ağır aydır. Bəs neyləyək? Musiqisiz iki ay dözmək olmur axı. Bunun da çıxış yolu var. Ya meyxana üslubunda, ya da hətta rok, rep, daha nə bilim nə ritmində oxunan dini nəğmələrin diskini maqnitofona qoyub, səs düyməsini axıra kimi burursan. Həm “savab” qazanırsan, həm də hamı xəbər tutur ki, sən dindarsan.

Hər şey inkişaf edir, tərəqqiyə doğru gedir, imkanlar və vasitələr sivilləşir. Amma bəzi adətlərimiz və dəblərimiz dəyişmir ki dəyişmir. Yenə ilin 10 ayını kef-damaqda olub, iki ay məhərrəmlik vaxtı dilinə içki vurmamaqla; ilin 365 günü yediyi haramları halallaşdırmaq üçün aşura günü məscidin həyətində sinə vurmaqla; hər gün geydiyi qısa yubkaya bu gün əl vurmayıb abırlı geyinməklə, hətta məscidə gedirik deyə başına yaylıq örtməyə belə, razı olmaqla (baxmayaraq ki, sifətidəki kosmetika heç də məscidə gəlməkdən xəbər vermir; təbii ki, bu sonuncu qeyd qadınlara aiddir) vəzifəsini bitmiş sayanlar çoxdur. Bununla vicdanının çiynindəki ağır yükü kənara tulladığını, bütün günahlarını sildiyini, az qala məsum səviyyəsinə yüksəlib cənnət bağlarında pərvaz etdiyini düşünürlər. Bəli, böyük iş görmüşük – bir saat mərsiyəyə qulaq asıb, dünyadan gedən əzizlərimizi, bütün dərdlərimizi, kasıblığımızı, ailədəki narazılığımızı yada salıb ağlamışıq, nəzir qutusuna qulpumuzdan çıxan qədər pul salmışıq, hətta məsciddəki xəlfə minbər üçün pul yığanda simiclik etməmişik, yaxşı pul verib əvəzində axundun dilindən ölülərimizə rəhmət qazanmışıq, içki içməmişik, günortaya – qətl sınana kimi dükanımızı bağlayıb cibimizə ziyan vermişik (amma qətl sınandan sonra yenə dükanı açıb araq satmaq olar)... Gör nə qədər fədakarlıq etmişik. Imam Hüseynlə (ə) silahdaşları Kərbəlada fədakarlıq ediblər, biz də burada edirik.

 

Hər kəsin əvəzini Allah versin...

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.