Öncəki məqalələr

Bu sözlərin qərb dillərinə ərəb dilindən keçdiyini bilirdinizmi?

/ Çərşənbə axşamı, 25 Dekabr 2012 13:42
Bu sözlərin qərb dillərinə ərəb dilindən keçdiyini bilirdinizmi?

Orta əsrlərdə elm və mədəniyyət sahələrində müsəlmanların aparıcı yerə malik olmasının sübutlarına az qala addımbaşı rast gəlirik. Qərbin geyim, mətbəx, davranış mədəniyyətindən tutmuş astronomiya, coğrafiya, tibb, riyaziyyat, kimya, dənizçiliyə kimi, memarlıqdan tutmuş musiqiyə kimi bir çox sahələrdə müsəlmanların əldə etdiyi nailiyyətlərin izini görürük.

Bu tendensiyanı daha yaxşı anlamaq üçün Qərb dillərində mövcud olan ərəb mənşəli sözləri yada salmaq faydalı olar. Dilçi alimlər qeyd etmişlər ki, bu gün ingilis, fransız, ispan, italyan, rus, alman və sairə dillərdə istfadə edilən minlərlə kəlmənin kökü məhz ərəb dili ilə bağlıdır. Məsələn, ispan dilindəki sözlərin 10 faizi ərəb dilindən keçib. Rus dilində isə ərəb dilindən götürülmüş 450-dən artıq söz mövcuddur. Bu sözlərin Qərb dillərinə və qərblilərin həyatına keçməsinin əsas səbəbkarı indiki Ispaniya ərazisində ərəb mühacirlər tərəfindən qurulmuş və 700 ilə yaxın ömür sürmüş Əndəlus (Kordova) dövləti idi. Salnamələrdə yazılıb ki, orta əsrlərdə Əndəlusda hakim dil ərəb dili sayılırdı; özü də bu, heç bir təzyiqsiz baş vermişdi. Qərblilər könüllü surətdə ərəb dilini öyrənir, bu dil vasitəsilə ən müxtəlif elm sahələrinə yiyələnir, müsəlmanlar kimi geyinir, onlar kimi yeyib-içir, onlar kimi davranırdılar. Rus dilində ərəb mənşəli sözlərin bolluğunu isə monqol-tatar əsarəti ilə bağlayırlar. Monqollar rus dilini xeyli türk mənşəli söz və ifdalələrlə zənginləşdirmiş, bununla yanaşı, özləri də müsəlman olduqları və ərəb sözlərindən qismən istifadə etdikləri üçün bu dilə məxsus bəzi sözləri də rus dilinə daxil etmişlər. Həmçinin, rus dilindəki ərəb mənşəli kəlmələrin bir hissəsi digər Qərb dillərindən (xüsusilə, ingilis və fransız) keçmişdir.

Heç kimə gizli deyil ki, riyaziyyatın əsas terminlərindən sayılan alqoritm sözü müsəlman alimi əl-Xarəzminin adının latınlaşdırılmış variantıdır. Həmçinin, Xarəzminin «əl-Cəbr vəl-müqabələ» əsərinin adındakı «əl-cəbr» sözü Qərb dillərinə «alqebra» kimi daxil olmuşdur. «Alkoqol» sözü ərəb dilindəki «əl-kühül» kəlməsindən qaynaqlanır. Ərəb dilində 0 (sıfır) rəqəmini ifadə edən «sifr» kəlməsi Qərb dillərində «zero» kimi səslənir. Rus dilindəki «tsifra» və «şifr» sözləri də eyni mənşəlidir. Qeyd etmək yerinə düşər ki, bu gün işlətdiyimiz 10-luq say sistemini təşkil edən rəqəmlər də elmi ədəbiyyatda «ərəb rəqəmləri» adlandırılır. Ərəblər bunları hindlilərdən öyrənmiş və Qərb dünyasına ötürmüşlər. O zamana kimi Qərbdə Roma say sistemi işlədilirdi ki, bu da hesabat üçün uyğunsuz idi və narahatlıqlar törədirdi.

Yəqin ki, bir çoxları dilimizdə tez-tez işlətdiyimiz «admiral», «arsenal», «maqazin», «azimut», «almanax» kimi sözlərin Qərb mənşəli olduğunu düşünür. Amma bu kəlmələrin hamısı məhz ərəb mənşəlidir. «Admiral» ərəb dilində «əmirəl-bəhr» (hərfi mənada dəniz hökmdarı), «arsenal» sözü «darüs-sənaye» (istehsal yeri), «maqazin» kəlməsi «məxzən» (xəzinə) və ya «ma xəzənə» (saxlanılan yer), «azimut» - «əs-səmt» (yön, cəhət) kökündən qaynaqlanır. «Almanax» sözü ərəbcə «əl-mənax» kəlməsindən törəyib, tərcüməsi iqlim deməkdir. Orta əsrlərdə Günəşin və Ayın çıxma və batma vaxtını, sair astronimik cədvəlləri özündə əks etdirən toplu belə adlanırdı.

İqtisadiyyatın vacib terminlərindən olan «tarif» kəlməsinin də mənşəyini ərəb dili ilə bağlayırlar. Bu söz ərəb dilində «tərif» kökündən meydana gəlib. Avropa və Afrika qitələrini ayıran Cəbəlüt-tariq boğazı üzərində yerləşən, müsəlmanlar tərəfindən salınmış Tarif şəhərində gəmilərdən gömrük haqqı yığılırdı. Gömrük dəftərləri tərtib etmək ənənəsi sonralar buradan başqa məntəqələrə də keçdi və tarif termin kimi işlənməyə başladı. Yeri gəlmişkən, Cəbəlüt-tariq adlı boğazın adının mənası «Tariq dağı» deməkdir. Bu yer həmin boğazı adlayıb Əndəlus torpağına qədəm qoymuş ilk müsəlman sərkərdəsi Tariq ibn Ziyadın adı ilə adlandırılıb. Amma müasir dünyada buranı Qibraltar adı ilə tanıyırlar. Daha bir coğrafi məkanın – Trafalqarın adı da ərəb mənşəlidir və mənası «tərəf əl-ğar» (mağaranın bir tərəfi) deməkdir.

Rus dilindəki «karta» ərəb dilindəki «xəritə» sözündən, «sunduk» «sənduq» kəlməsindən, «şafran» - «zəfəran»dan, «qazel» (ceyran) ərəb dilindəki «ğəzal» sözündən, «kanon» (həm qəbul edilmiş normativlər, həm də musiqi aləti mənasında) - «qanun»dan, «şarovarı» - «şalvar» kökündən yaranıb. Ilin bəzi vaxtlarında əsən mütəmadi küləyin – mussonun adı da ərəb dilindəki «mövsüm» sözündən keçib. Barja, qalera kimi gəmi növlərinin adı da dənizçilik sahəsində yüksək nailiyyətlər əldə etmiş müsəlmanların töhfələridir («əl-baricə» - hərbi gəmi, «ğürab» - qarğa).

Ərəb dilində «fətələ» feili burmaq mənasını verir. Buradan da «fitil» sözünün mənşəyi aydın olur. Ərəb dilində «cəridə» sözü yarpaqları yolunmuş xurma ağacının budağı mənasını bildirir. Keçmişdə məsafə etalonu kimi bu cür çubuqlardan istifadə edirdilər. Sonralar bu kökdən ingilis dilinə «yard» adlı ölçü vahidi, rus dilinə isə «jerd’» (şüvül, uzun çubuq) sözləri keçdi. «Kalibr» sözünün də kökü ərəb dilinə gedib-çıxır. Məlumdur ki, kalibr – odlu silahın lüləsinin en kəsiyinin diametrini ifadə edir; tüfəng lülələrini metal qəliblərdə hazırladıqları üçün bu söz ərəb dilindəki «qəlib»dən törəyib.

Qərb dillərində mövcud olan daha bir neçə sözün də mənşəyini araşdıranda ərəb dili ilə bağlı məqamlara rast gəlirik. Məsələn, «sirop» - «şərab» (içəcək), «kofe» - «qəhvə», «kamfora» - «kafur», «talisman» - «tilism», «karat» - «qirat» (ərəblərin xırda çəki vahidi), «safari» - «səfər», «abrikos» (ərik) - «əl-burquq», ingilis dilindəki «gamel» - «cəməl» (dəvə), «sofa» (divan) – «süffə» (səki), «qrafin» - «ğiraf» (böyük su qabı), rus dilindəki «udod» (şanapipik) quşunun adı ərəb dilindəki «hüdhüd» sözündən, «kaftan» adlı geyimin adı ərəbcədəki «quftan» sözündən, Moskvanın ən qədim və məşhur küçələrindən olan Arbatın adı ərəb dilindəki «ər-ribat» (karvansara) kəlməsindən, kimyəvi termin olan «alkaloid» ərəb dilindəki «əl-qilvi» (şoranlıq torpaq, dilimizdəki «qələvi» sözü də buradandır) sözündən keçmədir. İngilis və sairə dillərdə işlədilən, muzdlu qatil mənasını verən «assassin» sözünün tarixi isə XII-XIII əsrlərdə Orta Şərqdə terrorçu təriqət kimi fəaliyyət göstərən, ismaili təriqətinə mənsub həşşaşilərlə bağlıdır. Bu təriqətin başçıları yeni üzv olanları narkotik maddələrlə (ərəb dilində həşiş) uydurub zombi halına salır və terror əməli törətmək üçün səfərbər edirdilər.

Nəhayət, sonda bunu qeyd edək ki, astronomiya terminlərindən də bir çoxunun adı ərəb dilindən latın dilinə ötürülmüşdür. Məsələn, məşhur ulduz adları Aldebaran (əl-Dəbəran), Altair (əl-Tair), Betelgeyze (Batül-cövza) və s.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.