Öncəki məqalələr

Uşaqlarını dilənçi vəziyyətinə salmış ata müsəlman sayılmaz

/ Çərşənbə, 09 Yanvar 2013 13:44
Uşaqlarını dilənçi vəziyyətinə salmış ata müsəlman sayılmaz

Dinimiz orta yol dinidir, nə ifratı, nə də təfriti bəyənir. İslamda hər bir işi ədalətlə, öz yerinə və vaxtına uyğun, mütənasib şəkildə etmək vacibdir. Həddi aşmaq (həm azlığa, həm də çoxluğa doğru) günah sayılır. Mal-dövlətə münasibətdə də bu orta yolu izləmək İslamın vacib əmrlərindəndir.

İnsanın öz malından kasıblara sədəqə verməsi, hətta kasıbları öz axırıncı çörək tikəsinə şərik etməsi çox bəyənilir. Bunu edən adamın axirətdə nə kimi böyük mükafatlar alacağı barədə saysız hədislər vardır. Amma bununla belə, malı israf etmək, hətta sədəqə və ehsanda belə, ifrata varmaq düzgün deyil. Çünki əgər insan hər şeyini başqalarına versə, özü ac və miskin vəziyyətə düşər, başqalarına möhtac olar. Özgələrə yük olmaq, başqasının əlinə baxmaq, imkanı ola-ola özünü dilənçi vəziyyətinə salmaq İslam dininin ruhu ilə daban-dabana ziddir. Müqəddəslərimiz həmişə bu hərəkəti tənqid və məzəmmət etmiş, günah adlandırmışlar.

Doğrudur, valideyn övladına səxavət, mərhəmət, ehsan duyğusunu aşılamaq üçün kasıblara əl tutmalı, uşağın da bunu müşahidə etməsinə və öyrənməsinə şərait yaratmalıdır. Həm də edilən ehsanlar ailəyə bərəkət gətirər, necə deyərlər, ata-ananın yaxşılığı gələcəkdə övladın qarşısına çıxar. Amma valdieyn öz övladının dolanışığına, sağlam, ehtiyacsız böyüməsinə cavabdeh olduğunu da unutmamalıdır. Həmişə ölümü düşünməli, qəfil vəfat edərsə, azyaşlı uşaqların ondan sonra necə dolanacağını ftktrləşməlidir. Uşaqlar kiçik yaşda ikən valideyn vəfat edərsə, onun buraxdığı sərvət yetim uşaqların çox köməyinə çatar. Elə buna görə İslamda miras hüququ nəzərdə tutulub və mirasın düzgün bölünməsi üçün qayda-qanunlar qoyulub. Əlbəttə, elə düşünməyin ki, burada valideynin dünya malını hərisliklə toplamasını və övladları üçün milyonlarla irs qoymasını təşviq edirik. Yuxarıda dediyimiz kimi, hər şey ədalət əsasında və orta yol üzərində olmalıdır. Uşaqları nə mirasla qudurtmaq, nə də ac-susuz halda taleyin ixtiyarına buraxmaq olar.

Məşhur hədis kitablarından olan «Qürbül-isnad»da yazılıb: İmam Cəfər Sadiq (ə) atası İmam Mühəmməd Baqirdən (ə) rəvayət edir ki, Həzrət Mühəmməd Peyğəmbərin (s) zamanında ənsardan bir nəfər vəfat etdi. O, ölümündən əvvəl əlində olan bütün pulu və mal-dövləti kasıblara sədəqə verdi, bütün kölələrini azad etdi ki, Allahın hüzuruna üzüağ getsin. Amma öz övladları üçün irs qoymadı. Ənsardan olan kişinin vəfatından sonra uşaqları pulsuz qalb dilənçilik etməyə məcbur oldular.

Həzrət Mühəmməd Peyğəmbər (s) məsələdən xəbər tutanda soruşdu: «O kişinin cənazəsini neylədiniz?». Səhabələr cavab verdilər: «Qüsl-kəfən edib dəfn etdik». Peyğəmbər buyurdu: «Əgər bunu daha əvvəl bilsəydim, icazə verməzdim ki, cənazəsini müsəlmanların yanında (yəni müsəlman qəbristanlığında) basdırasınız. Çünki o, uşaqlarını camaatın öhdəsinə buraxıb getdi».

Bu hədisdə Peyğəmbər öz övladının taleyini düşünməyən, atalıq borcunu yerinə yetirməyən adamın müsəlman qəbristanlığında dəfn edilməyə layiq olmadığını söyləyir. Bununla da əslində belə bir adamın İslam adına ləkə olduğunu və müsəlman adlandırılmağa haqqı çatmadığını dilə gətirmiş olur.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.