Öncəki məqalələr

Bir qonağin müşahidələri

/ Şənbə, 12 Yanvar 2013 13:46
Bir qonağin müşahidələri

Bir neçə ayın söhbətidir. Yay vaxtı idi. Ailəmlə birlikdə yoldaşımın yaxın qohumlarından birinin evinə qonaq getmişdim. Bəri başdan deyim ki, yaşlı ata, ana və yeniyetmə oğuldan ibarət olan bu kiçik ailənin üzvləri dinsiz deyillər. Amma dindar olub da bir elə hünər göstərməyiblər. Valideynlərin dindarlığı hər gün evdən çıxmazdan əvvəl üzü qibləyə durub üç dəfə Qül hüvəllah və ayətül-kürsi oxumaqla, oruc tutmadıqları Ramazan ayı bitəndə adambaşına 3 kilo buğdanın pulu qədər fitrə zəkatı verməklə (etiraf edim ki, bu da çox zaman bizim təkidimiz və hətta məcburiyyətimizlə olur), Allaha işləri düşəndən-düşənə pirləri gəzib ziyarət etməklə məhdudlaşır desəm, səhv etmərəm. Evin yeniyetmə oğlu bizim dəvətimizlə bir müddət namaz qılıb oruc tutdu, hətta iki il məhərrəmlik vaxtı məsciddən ayağı kəsilmədi. Amma... sonra həvəsdən düşdü, “şəraitim imkan vermir” deyə, ibadətin daşını atdı. (Ümid edirəm ki, heç olmazsa, birdəfəlik yox).

Nə isə, qeybət olmasın... Bu evdə qonaq idik. Evləri geniş və ikimərtəbəli idi, gecəni onlarda qalmalı olduq. Axşam ev sahibləri televiziyanın qarşısına yığıldılar, hər həftə baxdıqları hansısa əyləncəli şou başlamalı idi. Bizim kiçik ailə də etika xatirinə onlara qoşuldu. Amma mənim belə verilişlərlə aram olmadığı üçün ikinci mərtəbəyə, sakit bir guşəyə çəkildim. Evin oğlunun vaxtilə namaz qıldığı canamazın üzərində namazımı qıldım. Bürkülü yay axşamı idi. Pəncərələri açmışdım ki, içəri bir az hava gəlsin. Namazımı qılıb qurtarandan sonra sakitçilikdən istifadə edib Quran oxumaq istədim. Həmin günlərdə mərhum qohumlarımın ruhuna bir Quran başlamışdım. Namaz qıldığım otaqdakı kitab şkafının ən yuxarı rəfində qoyulmuş Quranı götürdüm. (Daha keçib, qoy bunu da deyim ki, həmin Quranı evin yeniyetmə oğluna vaxtilə mən hədiyyə etmişdim), hansı səhifədə qaldığımı yadıma salıb həmin yerdən oxumağa başladım. Bir elə də gözəl səsim və xoşagələn avazım yoxdur, amma Quranı bacardığım qədər xoş səslə tilavət etməyə çalışıram. Çünki “hər şeyin bəzəyi olduğu kimi, Quranın da bəzəyi gözəl səsdir”. Sən demə, başım elə qarışıb ki, səsimi yüksəltdiyimi də unutmuşam. Oxuduğum ayələrin mənasını anladığım səviyyədə düşünərək həzz alırdım ki, həyat yoldaşımın səsi məni bu həzzdən ayırdı. Arxamca ikinci mərtəbəyə qalxmışdı. Və mənə evin xanımının mesajını gətirmişdi. Evin xanımı xəbər göndərib xahiş edirdi ki, Quran oxumağı qurtarım. Çünki “evdən bu səsi eşidəndə ürəyimə pis gəlir, elə bilirəm ki, evdə kimsə rəhmətə gedib, onun üçün molla Quran oxuyur. Həm də ki, qonşulardan ayıbdır, evimizdən Quran səsini eşidəndə nə fikirləşərlər? Deməzlər ki, bu kimdir axşam vaxtı mollalıq eləyir?”.

Tapşırığa əməl etməkdən başqa çarəm qalmadı. Gəmidə oturub gəmiçi ilə dava etməyəcəkdim ki. Ev onlarındır, mən qonağam, onların dediyinə əməl etmək borcumdur. Quranı büküb yerinə qoydum. Məsələni açıb-ağartmağı da lazım bilmədim. Nə mənası var? Bilirdim ki, sözümü qəbul etməyəcəklər, qanqaraçılıq salmağa da ehtiyac yoxdur. Yalnız axirətin əlamətləri haqqında oxuduğum hədislərdən birini yada salmaqla ürəyimdəki ağrı-acını uda bildim: “O zaman ki, Quranı dinləmək camaata çətin və ağır gələr, əksinə, batili eşitməkdən xoşlanarlar”...

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location
Type the text presented in the image below

Please publish modules in offcanvas position.