Öncəki məqalələr

Qəlbimiz karantində həm də ona görə sıxılır ki...

/ Çərşənbə axşamı, 07 Aprel 2020 17:51
Qəlbimiz karantində həm də ona görə sıxılır ki...

Karantin bir sıra məhdudiyyətləri nəzərdə tutur. Fitrətən azad yaradılan və azad yaşamaq istəyən insan təbiəti, əlbəttə ki, buna etiraz edir, belə bir halla barışmaq istəmir. Bu fitri barışmazlıqla bərabər digər səbəb də bir çoxlarının maddi sıxıntısıdır. Ölkə əhalisinin böyük hissəsinin gündəlik işə getmədən uzun müddət evdə oturub ancaq istehlak funksiyalarını yetirmək üçün imkanı yoxdur. Bunu söyləməklə də Amerika kəşf etmiş olmayacayıq, bu bəlli və aşkar məsələdir. Ancaq insanların karantin günlərində diskomfort və narahatlıqları yalnız azadlıqlarının məhdudlaşması və maddi sıxıntılarla əlaqəli deyil. Zənnimizcə bu halın yaşanmasına başqa bir səbəb də var...

Yəqin ki, hər kəsin həyatında heç olmasa bir dəfə belə hal olub: haqqını zay etdiyimiz, yaxud ümidlərini doğrultmadığımız, ya haqsız olaraq qəlbini sındırdığımız insanın yanından, onun olduğu otaqdan, məkandan tez bir zamanda uzaqlaşmaq istəmişik. Lap elə uşaqlıqda valideynlərimizə kiçicik yalan – “mən eləməmişəm”, “mən sındırmamışam”, “mən cırmamışam” - söylədikdən sonra onların üzünə baxmamaq üçün qonşu otağa keçməyimizi yada salmaq yetərlidir... İndi bu karantin günlərində də buna bənzər hadisələr baş verir. Amma yuxarıda qeyd edilən hallardan fərqli olaraq, yanında xəcalətli olduğumuzun hüzurundan heç cür qaça bilmirik ki, bilmirik! 

Əlində giriftar olduğumuz isə - öz qəlbimiz, ruhumuzdur. Bəli, adi günlərin qaçaqaçı və vurhavuru, nəqliyyatdakı basabas, işdəki yüklənmələr, məişət və ailə qayğıları, daha nələr və nələrlə varlığımızın dərinliyindən gələn səsi bir təhər boğa bilirdiksə, artıq bunu edə bilmirik. İndi qalmışıq qəlbimizlə baş başa. Onun da əlinə fürsət düşüb: döşəyir ard-arda, soldan da, sağdan da!.. Elə buna görə də karantin bizə daha ağır gəlir: evin hansı küncünə sığınsaq, amansız snayper kimi düz ürəyimizi nişan alır! Bizə deyiləsi sözü, bildiriləsi iradları isə çox, lap çoxdur. Nəhayət ki, Allahın hər birimizin daxilində qoyduğu o səs, - ona ənənəvi olaraq VİCDAN deyilir, - haqq etdiyini bizdən alır. Onu illərlə boğduğumuz “silahlarımız” isə indi sərəncamımızda yoxdur. Bu an üçün əsas məsələ budur ki, bu səsi susdurmaq üçün tələm-tələsik yeni silahlar aramayaq, çünki nəticəsi əvvəlcədən bəllidir: batdıqca batacağıq. Ən doğrusu isə başımızı aşağı salıb onu dinləmək, etiraf və tövbə etmək, Allaha üz tutmaqdır. Çünki belə bir vəziyyətdən çıxmağın reseptini Rəbbimiz Quranda Özü göstərib: “Qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır” (Rad, 28). Razılaşaq ki, bəşər Allahdan daha yaxşı resept icad edə bilməz... 

Bu da “hər şeydə bir xeyir var” deyiminin daha bir sübutu. Qəşəng fürsətdi. Bu günləri Allahın neməti bilib dəyərləndirmək lazımdı. Bir gün karantin bitəcək və biz yenidən əvvəlki, şeytani vəsvəsələrlə dolu həyatımızın burulğanına qayıdacağıq. Bu burulğana qəlbi ilə sülh bağlayıb adlayacaqların xoş halına! 

Please publish modules in offcanvas position.