Öncəki məqalələr

Şabanın 15-nə ithaf: Ümiddən öncə ölənlər

/ Çərşənbə, 08 Aprel 2020 23:20
Şabanın 15-nə ithaf: Ümiddən öncə ölənlər

“Ümid sonuncu ölür” ifadəsini çoxumuz eşitmişik. Əminəm ki, müxtəlif variasiyalarda bu deyim dünyada danışılan bütün dillərdə mövcuddur. İlk baxışdan çox nikbin, həyat yolunda daim mübarizəyə səsləyən və heç bir etiraz doğurmayan sözlərdir. Amma...
Məsələ burasındadır ki, bu ifadə heç də hamı üçün keçərli deyil. Çünki uzun əsirlərdir planetdə bir zümrə yaşayır ki, ona mənsub insanlar bu dünyaya gözlərini əbədi yumsalar da, ümidlərini elə bu dünyada buraxıb gedirlər. Min il bundan əvvəl də belə olub, bu gün də belədir. O ümid bu səfdə olanların qəlbində, beynində, bütün vücudunda yaşayır. Onlar ümid əhlidir desək, qətiyyən yanılmarıq. Onlar hər gün gözləyirlər. Ömür bitir, amma ümid estafeti bu dünyada qalanlara ötürülür. Ola bilsin ki, elə mən də ümidimi bu dünyada qoyub gedəcəm. Ümid estafetini övladıma, camaat namazında mənimlə çiyin-çiyinə dayanan cavana, Mehran buraxılış məntəqəsindən İraq torpağına qədəm qoyduqda qeyri-ixtiyari gözü nəmlənərək üzünü Kərbəlaya tutub “gəlirəm, artıq lap yaxındayam, Ağa” pıçıldayan gəncə, pəncərədən gizlin bir ümidlə çoxdan yatmış şəhərin gecə sükutuna boylanan ahıla ötürüb gedəcəm. Ola bilsin. Amma nə qədər ki varam, ümid də mənimlə birlikdədir. Və bu gün, Şabanın 15-i, mən və mənimlə eyni əqidəni bölüşənlərin ÜMİDinin dünyaya gəldiyi gündür.
Belə əlamətdar gündə, təbii ki, təbrik yazarlar. Etiraf edim, ilk olaraq təbriki belə yazmaq istədim: “Bütün məsləkdaşlarımı bu gözəl gün münasibəti ilə təbrik edirəm!” Amma sonra fikrimdən daşındım. Bir anlıq o günü, - əsirlərin ümidinin həyata keçən günü təsəvvür etdim. Anladım ki, əslində bu gün ancaq bizim günümüz deyil. Həyatında bir dəfə də olsa Allah dərgahına əl açmayan, ümumiyyətlə “Şaban” adlı ayın mövcudluğundan xəbəri olmayan, istirahətsiz-bayramsız gündə 14 saat işləyən və dünyanın giriftarçılığını axşamlar bir “çubuş”la boğmağa çalışan, “Quran bizə kifayətdir, digəri boş şeydir” söyləyən, “insan meymundan, dünya isə bir partlayışdan yaranıb” iddiasını irəli sürən və daha kimlər, kimlər – bu onların da günüdür. Çünki bizim ÜMİDimiz təkcə bizə aid deyil axı! O gələndə özü ilə İlahi bir eşq gətirəcək. İlahi eşq isə göydən yağan yağış kimidir – dənəcikləri hamının üzərinə səpələnir. Və o günü yaşamaq taleyinə yazılacaq hər kəs, əqidəsindən asılı olmayaraq, başına çəkilən İlahi tumarı hiss edəcək. Bu tumarın necəliyini təsəvvür etməyə isə sadəcə fantaziyam yetmir. Amma möhtəşəmliyinə də əminəm. Odur ki, BAYRAMIN MÜBARƏK, EY BƏŞƏR ÖVLADI!
P.S. “Heyif ki, o günü görmək filankəsə nəsib olmadı”... Bu da bir başqa məşhur deyimdir. İstədim sonda qeyd edim ki, onun da bizə qəti aidiyyəti yoxdur. Bilirsiniz niyə? Çünki o günü Allahın bizə bəxş etdiyi iki gözlə görməsək də, qəlb gözü ilə çoxdan görmüşük və görürük. Həmd olsun aləmlərin Rəbbinə!

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.