Öncəki məqalələr

Hələ hər şey itirilməyib

/ Cümə, 17 Aprel 2020 12:09
Hələ hər şey itirilməyib

Bir dostum var, mətbəədə çap maşınında işləyir. İşi 3 növbəlidir, elə həftə olur ki, bütün gecəni ayaq üstə dəzgahın yanında keçirir. İki övladı var, kirayədə qalır. İki gün əvvəl evin kirayə haqqını ödəmə gününə az qalmış evin sahibi zəng vurub ona. Deyib ki, “səndən bu ayın kirayə haqqını istəmirəm, bu öz yerində. Pul və ərzaq ehtiyacın da varsa, de, çəkinmə, canla-başla qulluğundayam. Bu imtahan hamımıza aiddir”. 

Gözəldir, deyilmi? Amma gözəllik bununla bitməyib. Davamı, məncə, heç də az maraqlı deyil. Ev sahibinin bu təklifinə ailə gəmisini bu ayın maaş limanından o biri ayın maaş limanına təlatümlü maddi çətinliklər okeanında böyük zəhmətlərlə aparıb çıxaran dostum belə cavab verib: “Çox sağ ol, qardaş. Allah köməyin olsun. Amma lazım deyil. Hələ ki, işləyirəm. Vəziyyətdən niyə sui-istifadə edim ki?! Yəqin ki, bu yardıma daha ehtiyaclılar var, sən onlara kömək elə...”

Belə. Pandemiya və karantin bir çox mətləbləri üzə çıxardı, bir çox maskaları cırdı, dünənə qədər əhəmiyyətsiz hesab etdiyimiz detalların əsl dəyərini bilməyə vadar etdi. Kimisi məhdud büdcəsindən ehsan etdi, kimisi də dəbdəbəli qəsrinin darvazalarını kilidləyib mağarasına çəkildi: kim öləcək, kim qalacaq – nəyinə lazım? 

Sevindirici haldır ki, bu çətin günlərdə dini icmalar, məscid əhli xüsusi fəallıq nümayiş etdirir. Kimsəsizlərə, maddi imkanları aşağı olan ailələrə ərzaq yardımları dağıdılır. Bu xeyriyyəçilikdə diqqət çəkən daha bir məqam isə yardım ünvanları seçilərkən cəmiyyətdə dindar - qeyri-dindar bölgüsünün aparılmamasıdır. Dindarların əli namaz qılana da, namaz qılmayana da, müsəlmana da, yəhudiyə də, Allahın mövcudluğuna inanana da, inanmayan da uzandı. Və sözsüz ki, dəstək kampaniyaları davam edəcək. 

Yekunda isə xüsusi ilə qeyd etmək istərdik ki, koronavirus xalqımızın milli-mənəvi dəyərlərinin Qərb mədəniyyəti və dəyərləri ilə müqayisəolunmaz dərəcədə daha yüksək və dərin olduğunu sübuta yetirdi. Qərblilər bir rulon tualet kağızı üçün əlbəyaxaya çıxdıqda bizimkilər əllərində olanla ehtiyaclılarla bölüşməyi özlərinə borc bildilər. Deməli, uzun illər bu millətin beynini, milli və dini yaddaşını yuyub aparmağa xidmət edən TV-lər, şoular, gecə klubları, pozğunluğun təbliği və pozğunların super-insanlar kimi təqdimatı müəlliflərin gözlədikləri effekti verməyib. Bir ciddi sınaq, silkələnmə kifayət etdi ki, hər şey öz yerini alsın. Ümid etmək istərdik ki, xalqın, gənclərin mənəvi tərbiyəsinə cavabdeh olan rəsmi qurumlar da baş verənlərdən nəticə çıxaracaqlar, nəhayət ki, yanlış yoldan və üsullardan əl çəkib, xalqı və milləti özünə qaytaracaqlar.

 

Please publish modules in offcanvas position.