Dövlətə xəyanət edən MTN zabitinə ömürlük cəza verildi

/ Çərşənbə axşamı, 25 Fevral 2020 16:46
Dövlətə xəyanət edən MTN zabitinə ömürlük cəza verildi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi olmuş Zakir İsmayılov və Nəzakət İsmayılovanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

İslam.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Hərbi prokuror Xanlar Vəliyevin apelyasiya protesti təmin olunub və Bakı Hərbi Məhkəməsinin hökmü dəyişdirilib.

Zakir İsmayılov ömürlük azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin olunmayıb.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Zakir İsmayılov 19 il, Nəzakət İsmayılova isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ictimai əlaqələr şöbəsinin yaydığı məlumata görə, keçmiş Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi olmuş Zakir İsmayılov xarici xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində xüsusi təxəllüs verilməklə məxfi əməkdaşlığa cəlb edilib.

Zakir İsmayılov keçmiş Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi və digər məsul vəzifələrdə işlədiyi dövrdə Azərbaycanın dövlət təhlükəsizliyi və milli maraqları zərərinə fəaliyyət göstərərək tutduğu vəzifələrə görə ona məlum olan, habelə əldə edə bildiyi əks-kəşfiyyat fəaliyyəti üzrə sənədlər, şəxsi heyət barədə və digər məxfi məlumatları, eləcə də 2015-ci ildən etibarən təqaüddə olduğu dövrdə keçmiş əlaqə və imkanlarından istifadə edərək təhlükəsizlik orqanlarında baş verən dəyişikliklər barədə məlumatları, Azərbaycan xüsusi xidmət orqanlarına qarşı kəşfiyyat işlərinin mümkün üsulları barədə təhlillərini müntəzəm olaraq xarici xüsusi xidmət orqanına təqdim etməklə dövlətə xəyanət edib.

İstintaq araşdırması zamanı Nəzakət İsmayılovanın da eyni əməlləri üzə çıxıb.

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.

Please publish modules in offcanvas position.