Beynəlxalq təhsil layihəsi çərçivəsində azərbaycanlı tələbələr üçün onlayn mühazirələrə start verildi

/ Çərşənbə, 15 Aprel 2020 16:16
Beynəlxalq təhsil layihəsi çərçivəsində azərbaycanlı tələbələr üçün onlayn mühazirələrə start verildi

Bakıda yerləşən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən İƏT Modeli təhsil layihəsi onlayn qaydada işinə başlayıb.

Ənənəvi olaraq hər il təşkil olunan və İƏT Modeli – Beynəlxalq Münasibətlər Akademiyası və İƏT Modeli simulyasiya konfransından ibarət olan layihə COVİD19 pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq tərəfdaşların birgə qərarı ilə onlayn formata keçirilib. Karantin rejimində gənclərin asudə vaxtlarını səmərəli dəyərləndirməsi və həmçinin milli və beynəlxalq səviyyədə daha çox gəncin layihədən faydalanması üçün layihə ayrı-ayrılıqda azərbaycan və ingilis dillərində aparılır və gənclərin iştirakı üçün say və digər məhdudiyyətlər qoyulmur.

13 aprel tarixində layihənin beynəlxalq formatının ilk mühazirəsi Regional Mərkəzin Baş direktoru Elməddin Mehdiyevin iştirakı ilə “Beynəlxalq təşkilatların regional əməkdaşlıqda rolu” mövzusunda ingilis dilində keçirilib. Dünən, 14 aprel tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri Nicat Məmmədli layihənin milli formatının ilk mühazirəçisi olaraq “Müasir dünya düzəni və post-pandemiya gözləntiləri” mövzusunda çıxış edib. Hər iki mühazirəyə ümumilikdə 5000-dən artıq onlayn baxış olub. Layihənin formatına uyğun olaraq hər həftə İƏT ölkələrindən birinin səfiri mühazirə üçün dəvət edilir. Bugün saat 19:00-da Fələstin Dövlətinin Azərbaycandakı səfiri cənab Nasir Əbdül Kərim A. Rəhim bu ilki proqramın ilk səfir qonağı olaraq “Fələstindən baxış və Sülh üçün perspektivlər” mövzusunda çıxış edəcəkdir. Mühazirələr Regional Mərkəzin rəsmi Facebook səhifəsi üzərindən canlı yayımlanır (https://www.facebook.com/icyferc/).

 

Please publish modules in offcanvas position.