“COVİD-19: Gənclərin onlayn fəaliyyətinin stimullaşdırılması” video konfransı keçirilib

/ Çərşənbə, 29 Aprel 2020 10:06
“COVİD-19: Gənclərin onlayn fəaliyyətinin stimullaşdırılması” video konfransı keçirilib

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin təşkilatçılığı ilə “COVİD-19: Gənclərin onlayn fəaliyyətinin stimullaşdırılması” mövzusunda video konfrans keçirilib.

Regional Mərkəzin fəaliyyət coğrafiyasına aid ölkələrin 25 aparıcı gənclər təşkilatının iştirakı ilə keçirilən video konfrans öz işinə müqəddəs Quranın ayələrinin oxunması ilə başlayıb. Tədbirin açılış hissəsində Regional Mərkəzin Baş direktoru Elməddin Mehdiyev, Əfqanıstanın İnformasiya və Mədəniyyət Nazirinin Gənclər üzrə Müavini Acmal Şapur, Tatarstan Respublikasının Gənclər Nazirinin Müavini Timur Süleymanov və İndoneziya Gənclər Şurasının sədri, eləcə də Asiya-Afrika Gənclər Hökumətinin başçısı Tantan Tofiq Lubis çıxış ediblər. Konfransın davamında aparıcı gənclər təşkilatlarının rəhbərləri, o cümlədən, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Məryəm Məcidova və gənclik fəaliyyəti sahəsində çalışan beynəlxalq ekspertlər müvafiq təqdimatlarla çıxış ediblər. İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin Baş direktor müavini Sevinc İskəndərova pandemiya ilə əlaqədar dünyada tətbiq edilən karantin rejimi dövründə Regional Mərkəzin yerli və beynəlxalq səviyyədə keçirdiyi fəaliyyətlərin nəticəsi və həmçinin, yeni başlayacaq layihələr haqda iştirakçılara məlumat verib. Konfrans 10 ölkəni təmsil edən 25 gənclər təşkilatı nümayəndlərinin ümumi müzakirələrdə iştirakı ilə öz işini bitirib.

Konfransda çıxış edənlər vurğulayıblar ki, gənclər pandemiya şəraitindən irəli gələn fəsadlara cəmiyyətin ən çox məruz qalan seqmentlərindən biri olmalarına baxmayaraq, COVİD-19 virusunun yayılması ilə mübarizədə, həmçinin fəsadlarının aradan qaldırılmasında cəmiyyətdə ən aktiv rolu oynayırlar. Bu baxımdan, onların fəallığının təmin olunması dövlətlər və müxtəlif beynəlxalq qurumların qarşısında mühüm vəzifələrdən biridir.

Çıxışlar və müzakirələr zamanı pandemiya ilə mübarizədə Azərbaycanın və Qazaxstanın, eləcə də Tatarstan Respublikasının uğurlu örnəkləri konfrans iştirakçıları tərəfindən təqdir olunub.

photo 1

photo 3

photo 4

 

Please publish modules in offcanvas position.