Hesab-kitaba inananın qəlbi rahat olmaz

/ Cümə, 01 May 2020 14:33
Hesab-kitaba inananın qəlbi rahat olmaz

Dini mətnlərə görə Xızır (ə) peyğəmbər uçmaqda olan divarı qaldırır ki, onun altındakı xəzinə gələcəkdə öz sahiblərinə yetişsin. Onun sahibləri isə iki yetim uşaq idi.

Tədqiqatçılar arasında bu mövzuda mübahisə vardır, bəzisi deyir ki, orada xəzinə qızıl olub, bəzisi isə deyir ki, orada üzərində hikmətli sözlər yazılmış lövhə olub.

20 cildlik ərəbcə yazılmış məşhur "Əlmizan" təfsirinin müəllifi Əllamə Təbatəbai bu mövzuda tədqiqatçılar arasında fikirmüxtəlifliyini qeyd edir və "Üsuli-kafi" kitabına istinad edərək belə bir hədis gətirir:

“Kafi” kitabında hədisin tam sənədi ilə Səffan əl-Cəmmal bunları rəvayət edir: “Həzrət İmam Sadiqə (əleyhissəlam) Allah-taalanın وَأَمَّا الْجِدارُ فَكانَ لِغُلامَيْنِ يَتِيمَيْنِ فِي الْمَدِينَةِ وَكانَ تَحْتَهُ كَنْزٌ لَهُما (Divara gəldikdə isə: O, şəhərdə olan iki yetim yeniyetmə oğlanın idi və onun altında o ikisi üçün bir xəzinə var idi) ayəsi barəsində sual verdim. İmam (əleyhissəlam) buyurdu: “O xəzinə qızıl və gümüşdən ibarət bir xəzinə deyildi. Orada dörd kəlam vardı: 1. لا اله الاالله (Allahdan başqa ilah yoxdur); 2. Ölümə inanan necə gülə bilər?!; 3. Hesab-kitaba inananın qəlbi rahat olmaz; 4. Qədərə inanan Allahdan başqa heç kəsdən qorxmaz”.

Vüsal Hətəmov (şərqşünas-filoloq)

Please publish modules in offcanvas position.