Lənkəranda yol kənarında yeni doğulmuş körpə tapıldı

/ Bazar, 03 May 2020 18:18
Lənkəranda yol kənarında yeni doğulmuş körpə tapıldı

Lənkəran rayonun Liman şəhərində yol kənarında yeni doğulmuş körpə aşkar edilib.

İslam.az Oxu.az-a istinadla verdiyi xəbərə görə, körpəni 1972-ci il təvəllüdlü Camal Mustafa oğlu Kazımov tapıb.

Belə ki, Camal Kazımov heyvanları örüşə apardıqdan sonra evə qayıdarkən şəhərin M.Ə.Sabir küçəsində dəmir yol xəttinin yaxınlığındakı yaşayış olmayan həyətin qarşısında bağlama görüb.

Evdə yaşayış olmadığını bildiyi üçün qapı ağzına qoyulan kağız qutu onun diqqətini çəkib. Qutunu açanda içərisində qalın örtüyə bürünərək yatan körpənin olduğunu görüb.

Körpəni evə gətirib yuduqdan sonra Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə məlumat verib. Bundan sonra, körpə polis əməkdaşlarının iştirakı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə təhvil verilib.

Xəstəxanadan körpənin təxminən bir həftəlik qız uşağı olduğu bildirilir. Həkimin sözlərinə görə, körpənin vizual müayinəsi aparılıb, vəziyyəti orta ağırdır.

Xəstəxanaya daxil olanda temperaturu aşağı olub, bu səbəbdən də küvetə yerləşdirilib. Hazırda temperaturu normallaşıb, qida verilib.

Qeyd olunub ki, hazırda körpənin səhhəti həkimlərin tam nəzarətdədir. İlkin müayinələr zamanı körpədə hər hansı bir travma aşkar edilməyib. Gün ərzində zəruri müayinələrin aparılacağı bildirilir.

Faktla bağlı araşdırma aparılır.  

 

Please publish modules in offcanvas position.