Bakı Belarusun qərarını təkrarlamayacaq

/ Çərşənbə axşamı, 05 May 2020 15:37
Bakı Belarusun qərarını təkrarlamayacaq

Koronavirus pandemiyası zamanı hərbi parad keçirmək təhlükəlidir.

İslam.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov bu il pandemiya şəraitində Belarusda 9 May Qələbə Gününün keçirilməsi qərarı haqqında danışarkən deyib. O bildirib ki, Azərbaycanda koronavirus pandemiyası səbəbindən görülən bir çox qabaqlayıcı tədbirlər Qələbə Günü tədbirləri üçün də keçərlidir:

“Ölkə başçısı da hər dəfə çıxışlarında qeyd edir ki, bizim üçün birinci dərəcəli məsələ vətədaşlarımızın sağlamlığıdır. Buna görə də istər dövlət əhəmiyyətli, istərsə də digər tədbirlərin keçirilməsi karantin rejimin tələbləri əsasında aparılır. Qarşıdan Qələbə Günü gəlir. Bu tarix müharibədə iştirak edən hər bir xalq kimi, azərbaycanlılar üçün də önəmlidir. Biz bu günü hər il qeyd edirik: müxtəlif tədbirlər keçirilir, ölkə başçısı müharibə veteranları ilə görüşür. Bu il isə ötən illərə nəzərən 9 May tədbirləri geniş formatda keçirilməyəcək. Çünki pandemiya müddətidir və insanların kütləvi toplanması təhlükədir. Digər tərəfdən, müharibə veteranlarının yaşı 65-dən çoxdur. Bu mənada deyə bilərəm ki, hazırda genişmiqyaslı bir tədbirin keçirilməsi ilk növbədə onların özləri üçün də təhlükəlidir”.

Polkovnik qeyd edib ki, bəzi ölkələr koronavirus pandemiyasına baxmayaraq, 9 May Qələbə Günü ilə bağlı hərbi paradlar keçirməkdə qərarlıdır:

“Pandemiya öncəsi bir çox ölkələrdə 9 May Qələbə Günü şərəfinə hərbi paradların keçirilməsi planlaşdırılırdı. Lakin pandemiyanın dünya miqyasında yayılması bu mötəbər tədbir üçün planlaşdırılan paradların təxirə salınmasına gətirib çıxardı. Hətta Rusiya belə hərbi paradın keçirilməyəcəyini elan etdi. Buna baxmayaraq, Belarus hərbi paradın keçiriləcəyini bildirib. Hər halda Belarus müstəqil ölkədir və onların pandemiyaya baxışı fərqlidir. Onların qərarına hörmət edirik. Ancaq hesab edirəm ki, Azərbaycan belə təhlükəli tədbirlər keçirməyəcək”.

Please publish modules in offcanvas position.