Yeni rektor kollektivə təqdim olundu

/ Çərşənbə, 13 May 2020 13:17
Yeni rektor kollektivə təqdim olundu

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilən Aqil Şirinovu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ali təhsil müəssisəsinin rəhbər heyətinə təqdim edib.

İnstitutdan verilən məlumata görə, Mübariz Qurbanlı mövcud sərəncamı kollektivin diqqətinə çatdırıb.

Dövlət Komitəsinin sədri çıxışı zamanı İnstitutun yaradılma məqsədi, qarşıda duran vəzifələri haqqında danışıb. İnstitutun yetişdirdiyi kadrların milli-mənəvi dəyərlərimizin qorunmasına öz layiqli töhfələrini verəcəyinə ümidvar olduğunu qeyd edib. Aqil Şirinovun elmi fəaliyyətindən bəhs edən Mübariz Qurbanlı yeni təyinatı münasibətilə onu təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra çıxış edən rektor Aqil Şirinov ona göstərilən böyük etimada və inama görə, ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib. Vurğulayıb ki, bundan sonra öz fəaliyyətini ali təhsil müəssisəsinin daha da inkişaf etməsinə həsr edəcək.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb. Yeni təyin olunan rektor institutun Elm və innovasiyalar üzrə prorektoru vəzifəsində çalışıb.

Please publish modules in offcanvas position.