Rövşən Abdullaoğlunun “Ləpirçi” silsiləsindən ilk romanı çapdan çıxdı

/ Çərşənbə axşamı, 09 İyun 2020 13:47
Rövşən Abdullaoğlunun “Ləpirçi” silsiləsindən ilk romanı çapdan çıxdı

Müasir ədəbiyyatımızın ən çox oxunan imzalarından olan Rövşən Abdullaoğlu dünyanın ən uzaq, diqqətdən kənar nöqtələrinə etdiyi səfərləri ilə də tez-tez gündəmə gəlir. Müxtəlif Afrika ölkələrinə etdiyi səfərlərindən sonra Rövşən Abdullaoğlu qara materikin sakinləri barədə bir neçə kitab qələmə alacağı barədə məlumat vermişdi. Müəllifin dediyinə görə, ˝Ləpirçi˝ silsiləsi Afrika tayfalarının gizli və aşkar düşmənlərindən, böyük bir materikin taleyini dəyişməyə cəhd edən insanların mübarizəsindən bəhs edir. Yazıçı bu silsisə ilə müxtəlif Afrika tayfalarının qədim mədəniyyəti, inanc və əfsanələri, həyat fəlsəfəsi, yaradılış, insan və cəmiyyətin psixologiyası ilə bağlı mühüm suallara aydınlıq gətirməyə çalışır.

Silsilənin ilk kitabı olan “Mən yeməli deyiləm” Afrika xalqları arasında ən çox zülmə məruz qalmış tayfalardan biri olan piqmeylərdən bəhs edir. Digər tayfaların bir heyvan kimi ovlayıb yediyi bu insanlar daha sonra yerlilərlə yanaşı, həm də ağdərili istilaçılar tərəfindən hər cür təcavüzə məruz qaldılar. Dünyanın ən qısaboy xalqı olan piqmeylər XX əsrin əvvəllərində Avropa və Amerika heyvanxanalarında “təkamülü tamamlanmamış insan” adı ilə canlı eksponat kimi qəfəsdə saxlanılırdılar. “İnsan olduğunu isbat etməyin bir yolu varmı?” Oxucunun üzləşdiyi bu fəlsəfi sual özündə yalnız piqmeylərin deyil, irqi, milli, dini diskriminasiyaya məruz qalmış, sadəcə başqalarından fərqləndiyi üçün ən amansız soyqırımlarla üzləşmiş bütün xalqların faciəsini yaşadır.

Öz əsərlərində bəşəri problemlərdən danışan, oxucunu sosial, ictimai, psixoloji mövzular ətrafında düşündürməyə çalışan müəllifin digər kitabları kimi “Mən yeməli deyiləm” romanı da çox böyük maraqla qarşılanıb. “Qədim Qala” Nəşriyyatının bildirdiyinə görə, iyunun 4-də romanın ilk nəşri artıq çapdan çıxdıqdan dərhal sonra, karantin günləri olmasına baxmayaraq, növbəti gündəcə bitib. Kitaba olan böyük marağı nəzərə alaraq onun bu həftə təkrar nəşr olunacağı gözlənilir.

Please publish modules in offcanvas position.