Tarixi abidə zibillik içində: nazirlikdən reaksiya

/ Cümə, 10 İyul 2020 15:37
Tarixi abidə zibillik içində: nazirlikdən reaksiya

Bakının Maştağa qəsəbəsindəki XVII-XVIII əsrlərə aid “Qum hamamı” baxımsız vəziyyətdə qalaraq zibilxanaya çevrilib.

İslam.az Kult.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkədə fotolar paylaşılıb. Görüntülərdə zibilxanaya çevrilən tarixi abidənin bir hissəsinin torpağın altında qalması əks olunub.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib ki, hamamın olduğu əraziyə zibil tökülməməsi ilə bağlı sakinlərə dəfələrlə xəbərdarlıq olunub, onlarla maarifləndirici söhbətlər də aparılıb:

“Tarixi abidə əvvəllər də bir neçə dəfə zibildən təmizlənib, ətrafda yaşayan insanlara məlumat verilib. Buna baxmayaraq, yenə də zibil tökürlər. Vətəndaşlar yaxınlıqda zibil qutularının olmamasından şikayət edirlər. Yaxınlıqda zibil qutularının qoyulması üçün icra hakimiyyətinə də, bələdiyyəyə də müraciət olunub”.

Qurum rəsmisi onu da bildirib ki, hazırda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tarixi abidənin yerləşdiyi ərazidədir:

“Bələdiyyə və icra nümayəndəsi də əraziyə dəvət olunub. Artıq hamamın təmizlənməsi işlərinə başlanılıb. Günün sonunadək yaxınlıqda zibil qutuları da qoyulacaq. Həmçinin abidənin bərpa olunması məsələsi də gündəmdədir”.

 

Please publish modules in offcanvas position.