Əfv və güzəşt

/ Çərşənbə, 31 Oktyabr 2007 18:29
Əfv və güzəşt


Həyatda iki şeyin savabını hesablamaq olmaz: Əfv etmək və ədalətli olmaq. Allah-Təala Qurani Kərimdə Əraf surəsinin 199-cu ayəsində buyurur: "Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!". Unutmaq olmaz ki, əfv və güzəşt dedikdə insan yalnız bəzi hallarda deyil, bütün şəraitlərdə bu xüsusiyyətə sahib olmalı və bu, bir növ onun üçün vərdiş və adət halına çevrilməlidir. Əgər insanlar bir-birlərinə güzəşt etməsə, biri digərinin səhvinə göz yummasa, cəmiyyətdə özbaşınalıq baş alıb gedər və hər cür hərc-mərclik böyük bir problemə çevrilər. Belə bir şəraitdə müqəddəs İslam dininin öz davamçılarına tövsiyə etdiyi şey də səbirli və təmkinli olmaq, hər işdə mümkün qədər güzəştə getməkdir.

Başqa bir ayədə əfv və güzəşt etmək mömin və əməlisaleh şəxslərin xüsusiyyətlərindən biri kimi göstərilir: "… O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını) yoxsullara xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər". Digər iki ayədə Allahın güzəştə getməyə əmr etdiyi və bunun müqabilində Allah tərəfindən bağışlanmalarına müjdə verildiyi göstərilir:

"… Məgər (bu yaxşılıq müqabilində) Allahın sizi (günahlarınızı) bağışlamasını istəmirsiniz? Allah (bəndələrini) bağışlayan və rəhm edəndir!".

"… Amma (tövbə edəcəkləri təqdirdə) onları əfv etsəniz (təqsirlərindən keçsəniz və bağışlasanız, bilin ki,) Allah günahları çox bağışlayan və rəhm edəndir".

Peyğəmbər (s) hər zaman müsəlmanlara bu gözəl xüsusiyyətə yiyələnməyi tövsiyə etmişdir: "Allah çox bağışlayan, rəhm və əfv edənləri sevəndir".

Əfv və güzəşt etmək yalnız o zaman həqiqi dəyərini tapa bilər ki, insan intiqam almağa qadir olsun, lakin alicənablıq üzündən buna yol verməsin.

Bir şeyi nəzərdən qaçırmaq olmaz ki, əfv və güzəşt yalnız öyüd-nəsihətdən ibrət alan və bunun qədrini bilən şəxslərə edilməlidir. Çünki onlar xəbərdarlıq olunarkən buraxdıqları səhvə birdəfəlik son qoyur və düzgün nəticə çıxarırlar. Nadan insanlar isə, əksinə, əvvəlkindən daha çox başqalarının haqqını tapdalayır və onlara edilən öyüd-nəsihətdən heç bir nəticə çıxarmırlar.

Bağışlamağı bacarın, bağışlamaqla dostlar qazanacaqsınız. Qəlbinizdəki kin-küdurətin, nifrətin yox olduğunu hiss edəcəksiniz. Bağışlamaqla qəlbinizin zəkatını ödəmiş oladaqsınız. Bağışlamağı bacarın. Bacarın ki, insanlara təbəssüm bəxş edəsiniz.

Gəlin bir-birimizi bağışlayaq. Bağışlayq ki, əllərimizi açıb dua etdikdə Rəbbimiz də bizləri bağışlasın.

İnsan bir ömür yaşayır. Bu ömür ya sevgi, şəfqətlə olub rahat və firavan keçəcək, ya da kin, düşmənçilik, nifrətlə xəstələnib çürüyüb gedəcəkdir. Biz isə sevgi, şəfqət insanlarıyıq.

Ey Rəhman və Rəhim olan Allahım! Rəhmət dolu buludlarınla günahlarımızı yu, bizləri bağışla! Bizləri axirətdə Peyğəmbər şəfaətindən binəsib etmə! Amin!

Mahizər YAQUBOVA, tələbə

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.