Hicablı bacılarıma

/ Çərşənbə axşamı, 20 Noyabr 2007 18:32
Hicablı bacılarıma


Qadın üçün mühüm olan şey hicab və iffətdir. O, öz şəxsiyyətini dərk edəndə oyun-oyuncağa, alış-veriş əşyasına çevrilməz, öz gözəlliyini çirkin adamların tamaşasından qoruyub saxlayar və yalnız ərinə məxsus olar. İslam hicabı qadınlar üçün məhdudiyyət deyil, əksinə onları cəmiyyətin müxtəlif sahələrində istər tibbdə, istər maarifdə fəal bir qüvvəyə çevirir.

Allah-Təala bəşərə nəyi vacib etmişsə, bunu onun xeyri üçün etmişdir. O ki qaldı hicabın dinimizdə vacib olub olmamağına, deməliyik ki, İslam dininin yaranması ilə şəriət hökmləri Peyğəmbərimizə (s.ə.s.) Quran və hədis vasitəsilə vəhy olunub.

Quranda hicabla bağlı gəlmiş ayələr izaha ehtiyacı olan ayələrdəndir. Məsələn, Nur surəsinin 31-ci ayəsində buyurulur: "Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar, öz-özlüyündə görünən istisna olmaqla, zinətlərini göstərməsinlər, baş örtüklərini yaxalarının üstünə çəksinlər…".

Ayəni açıqlanmış şəkildə versək, görərik ki, burada "Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar, öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq, və s. naməhrəmə) göstərməsinlər, baş örtüklərini yaxalarının üstünə çəksinlər" kimi nəzərdə tutulub. Bəzi nadan insanlar özlərinə haqq qazandırmaq üçün deyirlər ki, "baş örtüklərinizi yaxanıza çəkin" ifadəsinin baş bağlamağa nə aidiyyatı var?

Bu necə ola bilər ki, qadınlar sinələrini bağlasın, qalan üzvlərin üstünə örtük çəkməsinlər. Bu hansı məntiqə sığa bilər? Təbii ki, sinənin örtülməsini əmr edən Allah, baş və ayaqları da nəzərdə tutmuşdur. Görəsən dörd bir tərəfi açıq olan bir evin qapısına qıfıl vurmağın nə mənası vardır?

Örtünməyin hikməti naməhrəmlərlə bağlıdır. Naməhrəm dedikdə insan üçün əks cinsə aid olan şəxs nəzərdə tutulur. İnsan yetkinlik yaşına çatdıqda ona bir sıra şəxslərlə görüşməyə, əl tutmağa, icazə verilməyən üzvlərini ona göstərməyə, onu cəlb edəcək şəkildə geyinməyə icazə verilmir. Allah-Təala insanda bir sıra xüsusiyyətlər yerləşdirmişdir. Bunlar əql, şəhvət, qəzəb və vahimə qüvvəsidir. Naməhrəmə olan meyil şəhvət qüvvəsinə aparır. Bu, təbii istəkdir. Amma özbaşına buraxılarsa, insanı uçuruma aparar.

Dedik ki, hicabın ən mühüm hikməti qadının özünü naməhrəmdən qorumasıdır. Buna əsaslanaraq hicablı qadın naməhrəmlə elə davranmalı, danışmalı, gülməli, baxmalıdır ki, onun diqqətini özünə cəlb etməsin. Qadın öz evində, həyat yoldaşının yanında tam azaddır. İstədiyi şəkildə geyinmək, bəzənmək, demək-gülməkdə azaddır. Lakin cəmiyyət arasında sadəliyinə, rəftarına, hərəkətlərinə fikir verməlidir.

Allah qadını gözəl yaratmışdır. Bir çoxları qadından öz istək və arzularına görə sui-istifadə edirlər. Lakin hicab qadınlara bu cür xətalardan tamamilə uzaq olmağa zəmanət verir.

Bir anlıq düşünürəm ki, sevgili Peyğəmbərimiz (s.ə.s.) indi aramıza gəlsə və hazırki halımızı görsə, nə söylərdi görən?

Allahın Rəsulu (s.ə.s.) ona yüklənən məsuliyyəti öz üzərinə götürəndə insanlığa örnək olaraq dərhal ardından getdilər səhabələri, onu yerdə qoymamağa çalışdılar aşiqləri.

Bəs bizlər, Peyğəmbər əfəndimizi (s.ə.s.) istədiyi şəkildə dərk edə bildikmi?

Onu anlaya bilmədik onun kimi. Dünya bizi aldatdı öz yalançı dəbdəbəsiylə. Qadınlarımız özlərini gizləmək əvəzinə göstərişi seçdilər. Kişilərimiz isə günah olduğunu bilərək onlara tamah saldılar.

Mən bacılarımıza demək istərdim ki, ola bilsin bu gün bəzi nadan, cahil fikirli insanlar özlərinə sərf edən şəkildə qəlblərinizə qaranlıq salmaq istəsinlər, "İslam azad, sivil bir dindir" deyib, bu sözlərdən sui-istifadə etsinlər.

Bəli, İslam dini azad və sivil bir dindir, amma vəhşipərəst azadlığın, dünyapərəstliyin deyil, həqiqi azadlığın tərəfdarıdır. Hicablı xanımlara "cəmiyyətdən təcrid olunmuş", "geridəqalmış" deyənlər bir gün öz səhvlərini başa düşsələr də, gec olacaq.

Əziz bacılar, tutduğunuz bu şərəfli yolda sarsılmayın və daim mübarizə aparın. Çünki müsəlman olan şəxs hər işdə Allahın razılığını əldə etməlidir.

Mahizər YAQUBOVA,
tələbə

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.