Etiraf

/ Çərşənbə axşamı, 02 Aprel 2013 18:34
Etiraf

Hörmətli oxucular! Diqqətinizə təqdim etdiyimiz yazı poçtumuza daxil olub. Oxucumuz Arzu Quliyeva həyatını tam dəyişən hadisə, keçirdiyi hisslərlə bölüşür. Qeyd edək ki, hər bir oxucumuzun qələmə aldığı məqalə saytımızın "Oxucu qələmi" bölməsində dərc edilə bilər. Fürsətdən istifadə edib Arzu xanıma dəyərli yazıya görə minnətdarlığımızı bildiririk.

"Mən yazar olmadığım üçün yazdıqlarımı kitab dili ilə ifadə edə bilməyəcəm. Sadəcə qələmi əlimə alıb ürəyimdən keçən sözləri, həyatımda heç bir vaxt etmədiyim etirafımı sizinlə bölüşmək istədim. Hər kəsdən xahişim budur ki, bu yazını oxuduqdan sonra və ya oxuyarkən məni qınamasınlar.

...10 il bundan öncə başlamışdım namaz qılmağa. Ruhun paklanması deyilən bir deyim var, həqiqətən mən onu hiss edirdim. Amma bir müddətdən sonra şeytanın vəsvəsəsimi deyim, öz məsuliyyətsizliyimmi deyim, yetəri qədər imanlı olmadığımdanmı deyim, bilmirəm, nədənsə namazı yarıda saxladım, qılmadım. Düz 10 il….. Bu illər ərzində sanki mən ALLAHımı unutmuşdum…Səhvlər, günahlar, haram işlər, bir sözlə dinə zidd olan hər şey. Az da olsa imanım var idi, amma bu məni dinə yönəldəcək qədər deyildi. Hicablı xanımlar gördükcə, namaz qılan kəslərə baxdıqca həddindən artıq çox utanırdım, etdiyim səhvləri düşünürdüm. Amma yenə də bir nəticə çıxara bilmirdim. Özüm-özümü qınayırdım. Haqsız olaraq özümü haqlı çıxarmağa çalışırdım. Bizim ailədə az sayda olsa da, namaz qılanlarımız var: xalam Dilşad, xalam qızı Ruhiyyə və həyat yoldaşı Vüqar, bir də dayım oğlu Mahir. Düzü, Ruhiyyə və Vüqar çox deyirdilər namaza başla, ən çox da Vüqar “sən imanlı qızsan, namaza başlasan hər şey yaxşı olacaq” və s…. Onların dediklərinə əməl etmədiyimə görə pis olurdum, hər dəfə onlara gedəndə, namazda onlara baxdıqca çox xəcalət çəkirdim. Öz cahilliyimə, anlamadığıma görə pis olurdum. Gec-gec gedirdim onlara. Hər gedəndə dini söhbətlər olduqca narahat olurdum, o söhbətlərdən qaçmaq istəyirdim. Elə bil ürəyimə daş bağlanmışdı, qulaqlarım möhürlənmişdi. Heç cür özümü islah edə bilmirdim. Ta, o günə qədər…. Yuxu gördüyüm günə qədər….

Gözləmədiyim, fikirləşmədiyim bir vaxtda gecə yatarkən qəribə yuxu gördüm. Yuxuda necə öldüyümü gördüm. Qaranlıq və çox soyuq bir məkandaydım. Üşüyə-üşüyə məzara doğru yavaş addımlarla gedirdim. Hər şeyin sonu gəldi, hər şey bitdi və budur, “hesabat vaxtıdır, ay Arzu” dedim. Təsəvvür edin insan həmin an nələr keçirir! Peşmançılıq hissi ilə məzara yaxınlaşdığım an fikrimdə ancaq “sən neynəmisən o dünyada” sualı sanki üsyan edirdi. Və bu an qəfildən çevrilib üzü bu dünyaya, işıqlı dünyaya yenidən qayıtdığımı gördüm. Qışqıraraq dediyim sözlər hələ də qulağımdadır: “Mən hələ ölməməliyəm, mən heç nəyə hazır deyiləm, mən namaz qılmalıyam!!!”... Və yuxudan ayıldım... Nə qədər ağladım!

Sanki yenidən dünyaya gəldim. Bu dəfə hər şeyi düşünərək, dərk edərək əməl etmək üçün gəldim. Və….və namaz qılmağa başladım. Yarımçıq qoymaq üçün yox, məzara girəndə “mən ölməməliyəm, mən hələ hazır deyiləm” sözlərini deməmək üçün. Mənim imana gəlməyim üçün gördüyüm yuxu ALLAH tərəfindən göndərilən bir vasitədir.

ALLAHım mənə ikinci həyatı verdi. ƏLHƏMDULİLLAH….. ŞÜKÜRLƏR OLSUN!

ALLAHımın (c.c.), Peyğəmbərimizin (s.a.s.) və Əhli-beytimizin (ə) yolunu tutmaq qədər şərəfli heç nə görmədim bu həyatda. Nə gec anladım, heyiflər olsun. Boşa verdiyim 10 ilimə görə o qədər peşmanam ki! Amma milyonlarca şükürlər olsun ALLAHA ki, etdiyim günahları, səhvləri düzəltmək üçün, tövbə etmək üçün, ibadət etmək üçün mənə möhlət verir. İNŞALLAH, artıq ölənə qədər bu yoldayam. ALLAHın izni ilə.

Daha xala qızı Ruhiyyə gilə utana-utana getmirəm, əksinə, tez-tez gedirəm. Çünki orda olanda namazlarımızı birlikdə qılırıq, dini söhbətlər edirik. Bunun sevincini sözlə anlada bilmərəm. Hətta artıq gəlnimiz Elnurə də namaza başlayıb. ALLAH davamlı eləsin. Amin!

Bu yazını sizinlə ona görə bölüşdüm ki, əgər aranızda mənim kimisi varsa, indidən düşünsün. Mənim kimi etməsin, heç nəyi sonraya saxlamasın. Sonradan çox peşman olacağaq, bu andan başlasın. ALLAH hər kəsdən razı olsun. ALLAH hər birimizi hidayət etsin və əməli saleh insanlardan qərar versin. ALLAH ibadətlərimizi qəbul eləsin. Amin!

Arzu Quliyeva

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.