Gizli İnternet gunahlarımız

/ Şənbə, 26 Noyabr 2016 18:40
Gizli İnternet gunahlarımız

 

Kamilə dindar ailədə böyümüş, çox ədəbli, mərifətli, həm də çox savadlı bir qız idi. O, bu xüsusiyyətlərinə görə özünü valideynlərinə borclu hesab edirdi. Atasının ona hər dəfə Qurandan Allahın kəlamlarını oxuyub təhlil etməsini çox sevirdi. Yorulmadan atasının gözəl nəsihətlərinə qulaq asar, arabir onu maraqlandıran suallar da verərdi. Ən çox atasının bu sözlərini qulağına sırğa etmişdi: “Qızım, harda olursan ol, bil ki, Allah səni görür. Hər cür gunaha və pisliyə bulaşma ehtimalı olduğu halda bil ki, Allah sənə baxır...”

Kamilə özünü tanıyandan bu ideyaya təslim olmuşdu. Odur ki, tanıdığı və tanımadığı insanlarla rəftarından tutmuş ta namazın əvvəl vaxtının əlindən çıxmamasına qədər hər şeyə diqqətlə yanaşırdı. Onun üçün bir həqiqət vardı: “Allah baxır və görür”. Bu bir kəlmə onun bütün həyatını dəyişmişdi.

Nə yazıq ki, bu tərbiyəni ona verən atası bu həqiqətlə öz həyatını dəyişə bilməmişdi. Yalnız zahirdə özünü nöqsansız göstərməyi bacarmışdı. Əksər valideynlərin övladlara özünü nöqsansız göstərməsi kimi... Axı bütün saxtakarlıqların açılacağı bir gün var. Bu gün canından çox sevdiyi atası üçün də gəlmişdi.

Kamilə “Google Chrome”da “Tənzimləmələr” bölməsinə girib İnternetdən hansı səhifələr izlənildiyini görmək imkanının olduğunu öyrənən gündən başladı hər şey...

Öyrəndiyi bu əməliyyatı öz notbukunda tətbiq edib praktiki öyrənmək istəyirdi. Odur ki, universitetdən qayıdar-qayıtmaz kompyüterin qarşısına keçib azacıq çarpışmadan sonra nəticə alındı...

Kaş alınmayaydı...

Bütün izlənilən saytlar gününə və saatına görə burda qeyd olunmuşdu. Kamilə gözlərinə inamadı... O, atasının gecələr saat 2-yə qədər oturub əxlaqsız filmlər izlədiyini, qızlarla yazışdığı ismarıcları gördükdə az qalırdı dəli olsun. Axı bu necə ola bilərdi? Həddindən çox ehtiram bəslədiyi sevdiyi atasını heç vaxt belə yanlış addımlar atmasını görməmişdi. Onun gözündə atası ən ideal bir insan idi. Yox, bu bütün uşaqların həyatlarının ilk illərində yaşadıqları bir müddətlik hiss deyildi. Kamilə artıq universitet tələbəsi idi və yaxşını-pisi ayıracaq qədər böyümüşdü. Lakin atasına olan “ideal insan” yanaşması qalmaqda idi. Amma bu gün o yanaşma artıq yox idi...

Nəticədə sarsılan və düşüncələri alt-üst olan Kamilə özünə də nifrət edirdi, ətrafdakılara da. Bu acı həqiqət Kamilənin əxlaqın zirvəsində bildiyi rəfiqələri barədə də aşkar olmuşdu. Atası tərəfindən aldığı mənəvi zərbə azmış kimi rəfiqələrinin kompyüterlərində də eyni xoşagəlməz halları gördükdə daha özünə yer tapa bilmirdi.. . Atasını gündə məhəbbətlə öpüb qucaqlayan Kamilə indi onun üzünə belə baxmağa utanırdı.

Bütün bildiklərini qəlbində dəfn edib əvvəlki münasibətlərini davam etməkdən başqa çarəsi də yox idi...

Dostlar, bizim də bildiyimiz bir həqiqət var ki, Quran bu həqiqəti dönə-dönə vurğulayır. Məsələn, Ələq surəsi 14-cü ayə: “Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!”. Bəlkə bəzilərimiz bu ayəni əzbər bilir, bəzilərimiz böyük hərflərlə yazıb evimizdən bir tablo kimi də asmışıq. Elə Kamilənin atası kimi...

Amma çox təəssüf ki, bilmək-əzbərləmək kifayət etmir, inanmaq-etiqad bəsləmək lazım gəlir. Problemimiz bundadır. Yoxsa ki, aşkarda cəmiyyət içində hamımız təqvalı və imanlıyıq. Amma xəlvətdə, elə bu virtual (internetdə) ələmdə bəzilərimiz min hoqqadan çıxırıq. Hərçənd, o hoqqaları bir balaca uşağın gördüyünü bilsək, heç vaxt etmərik. Quranın “Bəqəqrə” surəsinin 77-ci ayəsində isə Rəbbimiz buyurur: “Məgər onlar bilmirlərmi ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir?!”

 

Eldar İlqaroğlu

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.