Əsil alim belə olar (alimlərin həyatından nümunələr)

/ Bazar ertəsi, 11 Mart 2013 11:51
Əsil alim belə olar (alimlərin həyatından nümunələr)
Ticarətdə halallıq İmam Əbu Hənifə maddi cəhətdən imkanlı idi. Ticarət işinə də sərmayə qoyur, şəriklərlə işbirliyi qururdu. Əsasən, parça alveri ilə məşğul olurdu. Amma ticarəti özü etməz, şərikləri vasitəsilə işi gördürərdi. Bir gün Əbu Hənifə nöqsanı olan bir parçanı satmalı olur. Şəriki Həfs ibn Əbdürrəhmana parçanı verib deyir: “Bu parçanın filan eybi var, satanda alıcıya bunu de, qiymətini də bu qədər ucuz et”. Həfs İmam Əbu Hənifənin dediyi qiymətə parçanı satır, amma malın eybini alıcıya söyləməyi unudur. Əbu Hənifə bundan xəbər tutan kimi Həfsdən soruşur ki, parçanı alan adamı tanıyırsanmı? Həfs o adamı tanımadığını deyir. Əbu Hənifə alıcıdan halallıq ala bilmədiyi üçün həmin parçadan əldə etdiyi gəliri özünə haram bilir, qazancına haram qatmasın deyə, bütün pulu sədəqə olaraq ehtiyaclılara paylayır. Kim xoşbəxtdir, kim bədbəxt? Məşhur sufi Şəqiq Bəlxi bir müddət İmam Əbu Hənifənin dərslərində iştirak etmişdi. Onun tələbə dostlarından biri də qazı Əbu Yusif idi. Təhsili başa vurduqdan sonra Şəqiq Bəlxi ilə Əbu Yusifin yolları ayrılır və onlar uzun müddət görüşmürlər. Şəqiq Bəlxi zahidanə həyat tərzi sürür, yun libasda gəzir, nəfsini əziyyətə salmaqla haqqa çatmağa çalışırdı. Əbu Yusif isə bir müddətdən sonra savadlı fəqih kimi məşhurlaşır və xəlifə tərəfindən məsul vəzifələrə dəvət olunur. Vaxtilə Əbu Hənifənin qəbul etmədiyi və bunun üstündə şallaqlandığı qazılar qazısı vəzifəsinə Əbu Yusif təyin edilir. Indi o, bahalı libas geyinir, dərs məclislərinin başında oturur, xəlifənin ən yaxın adamlarından sayılırdı. Bir gün Şəqiq Bəlxinin yolu yenə Bağdada düşür. Görür ki, Əbu Yusif izdihamlı bir məclisdə qəzavət edib fətva verməklə məşğuldur. Əbu Yusif də öz tələbə dostunu tanıyır, onun əynindəki köhnə və ucuz libası süzüb istehza iə soruşur: “Şəqiq, bu nə libasdır geyinmisən? Olmaya kiməsə matəm tutmusan?” Şəqiq cavab verir: “Amma sən bu əlvan və bahalı paltarda çox xoşbəxt görünürsən. Bu mənə qəribə gəlmir. Çünki sən öz məqsədinə çatmısan. Oxuyub elm öyrənməkdə məqsədin vəzifə idi, onu da əldə etdin. Amma mən oxumaqla irfan sahibi olub Allahı tanımaq istəyirdim. Illərdir çalışıram, yenə bu yolun başlanğıcında olduğumu düşünürəm. Ona görə hüzn və matəm içində gəzirəm”. Əbu Yusif Şəqiqin sözlərini eşidəndə çox tutulub, hətta gözləri yaşarır. Köhnə qazan XIX-XX əsrlərin qovşağında Nəcəfdə yaşamış Ayətullahül-üzma Seyyid Mühəmməd Kazim Təbatəbai Yəzdi şiə dünyasının böyük müctəhidlərindən idi. Onun “Ürvətül-vüsqa” adlı risaləsi o qədər məşhur idi ki, müəllifi “Sahibi-Ürvə” ləqəbi ilə çağırırdılar. Ondan sonra yaşamış məşhur müctəhidlərin böyük əksəriyyəti bu kitaba şərh və ya haşiyə yazıblar. Sahib olduğu yüksək məqama baxmayaraq, Seyyid Yəzdi çox sadə və zahidanə həyat sürürdü. Bir gün alimlərdən biri onun hücrəsinə gəlir, otağın bir küncündə qoyulmuş köhnə bir qazançaya gözü sataşır. Seyyid Yəzdidən soruşur ki, bu köhnə qazançanı niyə evdə saxlayırsan? Seyyid Yəzdi cavab verir: “Bu, mənim tələbəlik vaxtı istifadə etdiyim qazançadır. O vaxtlar nə adım-sanım vardı, nə də müqəllidlərim. Yarıac-yarıtox dolanırdım, bütün gücümü tədrisə vermişdim. Bu kiçik qazanda xörək bişirib yeyirdim. Onu tullamamışam, gözümün qabağında saxlayıram ki, ona baxanda haradan haraya yüksəldiyimi yadıma salım, indiki şöhrətim məni aldadıb təkəbbürə düçar etməsin”. Müəllif: islam.az

Please publish modules in offcanvas position.