Rüşvətlə vəzifə qazanmaq istəyən şəxsin aqibəti

/ Şənbə, 16 Mart 2013 11:53
Rüşvətlə vəzifə qazanmaq istəyən şəxsin aqibəti
Məşhur şair və ədib Əsməi nəql edir ki, ədaləti ilə tanınan Əməvi xəlifəsi Ömər ibn Əbdüləzizin hakimiyyəti zamanı Kufədən Bilal ibn Əbu Bərdə adlı bir nəfər Diməşqə gəlir. Əbu Bərdə Kufədə abid və zahid bir adam kimi tanınırdı; amma sonrakı hadisələr göstərdi ki, özünü bu cür təqdim etməkdə məqsədi varmış. Bilal ibn Əbu Bərdə Diməşqə gələndən sonra burada da özünü dünya işlərindən kənara çəkilmiş və ibadətə qapanmış bir adam kimi göstərməyə başlayır. Vaxtını məsciddə keçirir, günlərlə etikafa çəkilirdi. Hətta xəlifənin özü də məscidə gələndə ona diqqət yetirməyə başlayır. Bilalın dindar və təvazökar davranışı Ömər ibn Əbdüləzizdə rəğbət hissi yaradır. Nəhayət, bir gün xəlifə öz yaxın adamlarından və müşavirlərindən olan Əla ibn Müğeyrəyə deyir: “Bu adamın ibadətə aludəliyi məni heyrətə salır. Əgər onun batini aləmi də zahirinə uyğundursa, onu İraqa vail təyin etmək fikrindəyəm. Çünki bu cür insan ədaləti qoruyar, qanunu pozmaz, xalqın malını qarət etməz, Allahdan qorxar”. Xəlifənin müşaviri ona cavab verir: “İcazə verin, mən bu adamla tanış olub onun xasiyyətini öyrənim. Əgər niyyəti də əməlinə uyğundursa, bu vəzifəni ona verərsiniz. Əks halda, daha bir riyakarı ifşa etmiş olarıq”. Əla ibn Müğeyrə həmin gündən Bilal ibn Əbu Bərdə ilə ünsiyyət qurmağa başlayır. Qısa müddət ərzində onun etimadını qazanır, arada-bir xəlifəyə çox yaxın olduğunu da Bilalın diqqətinə çatdırır. Nəhayət, bir gün ona söyləyir: “Mənim xəlifə ilə yaxın dostluğum var. O, bir çox işlərdə, xüsusilə insanları vəzifəyə təyin edərkən mənimlə məsləhətləşir. Mən bir kəlmə sözlə xəlifənin fikrini istiqamətləndirə bilərəm. İstəsən, hətta sənin də İraq valiliyinə təyin olunmağını xəlifədən xahiş edə bilərəm. Amma gərək bunun üçün mənə mükafat verəsən. Indi de görüm, mən səni Iraqa vali etsəm, sən mənə nə qədər pul verərsən?” Bilal iç üzünü tam açaraq cavab verir: “Özümün bir illik məvacibimi və bütün gəlirlərimi sənə bağışlayaram”. O zamanlar İraq valisinin bir illik məvacibi 120 min dirhəmdən artıq idi ki, bu da nəhəng məbləğdə pul sayılırdı. Əla təklif edir: “Əgər doğru deyirsənsə, onda öz vədini kağıza yazıb mənə ver. Qorxuram ki, vəzifəyə keçəndən sonra sözünü danasan. Amma arada yazılı sənəd olsa, mən arxayın olaram”. Bilal ibn Əbu Bərdə dərhal öz vədini kağıza yazıb imzalayır və Əlaya verir. Əla kağızı götürüb Ömər ibn Əbdüləzizin yanına gəlir. Baş verənləri xəlifəyə anladıb kağızı göstərir. Ömər ibn Əbdüləziz həqiqəti vaxtında öyrəndiyinə və böyük bir xətadan qurtulduğuna görə Allaha şükr edir. Sonra hadisəni məktub vasitəsilə o zamankı İraq valisinə xəbər verib tapşırır ki, Bilalın hiylələrinə uymasın və bu riyakar adamı heç bir məsuliyyətli dövlət işlərinə yaxın buraxmasın.

Please publish modules in offcanvas position.