Allaha nə üzlə cavab verəcəyik?

/ Çərşənbə, 27 Mart 2013 12:00
Allaha nə üzlə cavab verəcəyik?
Qum dini elmlər mərkəzinin yaradıcısı mərhum Ayətullahül-üzma Şeyx Əbdülkərim Hairinin xidmətçisi Şeyx Əli rəvayət edir ki, soyuq bir qış gecəsində qapı döyüldü. Ağa içəri otaqda yatmışdı. Mən durub qapını açdım, gördüm ki, soyuqdan büzüşmüş bir qadın qapıda durub. Qadın hansı məhəllədə yaşadığını söylədi. Məlum oldu ki, əri evdə xəstə yatır. Nə yeməyə çörəkləri, nə dərman almağa pulları, nə də evi isitməyə odun və kömürləri var. Mən bilirdim ki, ağanın maddi imkanı çox aşağıdır, qadına yardım edə bilməyəcək. Həm də ağa dərsdən və mütaliədən sonra yorğun düşüb yatmışdı. Ona görə qadını əliboş qaytarmağa məcbur oldum. Qapını örtüb içəri keçəndə ağanın (yəni Şeyx Hairinin) yataqdan qalxdığını gördüm. Bildim ki, bizim söhbətimizi eşidib. Üzünü mənə tutub həyəcanlı səslə buyurdu: “Şeyx Əli, Qiyamət günündə Allah-təala səndən və məndən soruşacaq ki, qışın soyuğunda bir bəndəmi sizin qapınıza kömək üçün göndərdim, amma onu əliboş qaytardınız. O zaman Allaha nə üzlə cavab verəcəyik?” Mən heyrətlə dedim: “Ağa, axı neyləyə bilərdim? Bilirəm ki, sizin pulunuz yoxdur”. Ağa soruşdu: “Sən o qadının evini tanıyırsan?” Dedim ki, bəli, bayaq ünvanını söylədi. Ağa buyurdu: “Dur, geyin, onların evinə gedək”. Biz qar-palçıq içində olan yollardan keçib həmin məhəlləyə çatdıq. Evə girəndə hər şeyin qadın deyən kimi olduğunu gördük. Evi sahibi ağır xəstə halda yatırdı. Ağa mənə tapşırdı: “Tez filan həkimin evinə get. De ki, Şeyx Əbdülkərim tapşırıb ki, mənimlə gedib bir xəstəni müayinə edəsən”. Mən həmin həkimin yanına gedib ağanın sözlərini çatdırdım. Heç bir etiraz etmədən həmin yerə gəldi, xəstəni müayinə edib dərman yazdı. Sonra ağa dərmanların adı yazılmış kağızı (resepti) mənə verib tapşırdı ki, filan əczaçının evinə gedib bu dərmanları al. Pulunu da mənim hesabıma yazdır. Mən dərmanları alıb gətirdim. Xəstə yatan kişi dərmanı içdi. Ağa sonra məni bir tacirin yanına göndərib, ondan ərzaq və kömür aldırdı, pulunu isə öz hesabına yazdırdı. Beləliklə, həmin gecə bu ailənin bütün zəruri tədarükünü gördük. Sonra birlikdə evə qayıtdıq. Evə çatanda ağa məndən soruşdu ki, hər gün bizim üçün bazardan nə qədər ət alırsan? Mən aldığım ətin miqdarını dedim. Ağa buyurdu: “Bu qədər ətin yarısı da bizim ailəyə bəs edər. Bundan sonra hər gün ətin yarısını həmin xəstə kişinin evinə apar”. Ayətullah Hairi öz ailə üzvlərinə qarşı da çox tələbkar idi. Özü sadə və təmtəraqsız həyat sürür, ailə üzvlərini də bu həyatla qane olmağa çağırırdı. Bir gün eşidir ki, mədrəsədə təhsil alan oğluna bir nəfər bahalı əba bağışlayıb. Ayətullah Hairi oğlunu çağırıb onunla söhbət edir və bahalı libas geyinməyin bu ailəyə yaraşmadığını bildirir. Oğluna məsləhət görür ki, həmin əbanı satıb, puluna üç ədəd ucuz əba alsın; birini özü geyinsin, qalan ikisini də kasıb tələbə yoldaşlarına bağışlasın. Ömrünün sonlarına yaxın şiə dünyasının böyük bir hissəsinin mərceyi-təqlidi, Qum hövzəsinin rəisi sayılan bu böyük şəxsiyyətdən soruşurlar: “Bu qədər yüksək məqama necə nail olmusunuz?” Şeyx Hairi cavab verir: “Mənim fikrimcə, hər nə əldə etmişəmsə, ustadımın bərəkətindən və xeyir-duasının təsirindəndir. Ustadım Seyyid Mühəmməd Fişarəki ömrünün axırına yaxın yataq xəstəsi olmuşdu və mən ona qulluq edirdim. Hətta altı ay ərzində təbii ehtiyacını ödəmək üçün onun altına teşt aparırdım. Amma nəinki bu işdən gileylənmir, hətta bu böyük insanın xidmətində durmağımla fəxr edirdim”.

Please publish modules in offcanvas position.