Sufilərin hikmət dəryasından damlalar

/ Cümə axşamı, 02 May 2013 12:07
Sufilərin hikmət dəryasından damlalar
Bizə sahib çıxarlar Məşhur təsəvvüf xadimi, Misir övliyalarından olan Fəxrül-Farisidən bir gün tələbəsi soruşur: “Mən cəhənnəmdən çox qorxuram. Həmişə bunun fikrindəyəm ki, görəsən, cəhənnəm əzabından qurtula biləcəyəmmi?” Fəxrül-Farisi cavab verir: “Axirət haqqında düşünməyin çox yaxşıdır, oğlum. Amma ümidini üzmə. Inşallah, qurtularsan”. Tələbə heyrətlə soruşur: “Təki olsun, ustad. Amma necə qurtulacağam? Bu qədər günahla Allahın qarşısına necə çıxacağam?” Təmkinini pozmayan Farisi deyir: “Ümidimiz budur ki, qiyamətdə böyüklərimiz (yəni bizdən əvvəlki övliyalar) bizim barəmizdə şəfaət edərlər, bizə sahib çıxarlar”. Tələbə: “Deməli, ümidimiz şəfaətə qalır? Bəs, əgər böyüklərimiz bizə sahib çıxmasalar, halımız necə olar?” Fəxrül-Farisi eyni aramlıqla söyləyir: “Üzülmə, oğlum. Əgər biz bu gün onlara sahib çıxsaq, onlar da qiyamət günündə bizə sahib çıxarlar”. Tələbəsinin sualla dolu gözlərinə baxan Fəxrül-Farisi başa düşür ki, tələbə onun sözlərini anlamayıb. Buna görə bayaqkı sözlərinə izahat verir: “Sözümün mənası budur ki, əgər biz böyüklərimizdən sağ olanların sözünə qulaq assaq, nəsihətlərinə əməl etsək, rəhmətə gedənlərin ruhunu dua ilə yad etsək, onlara sahib çıxmış olarıq. Əgər biz indi onlara sahib çıxsaq, bu əməllərimiz də Qiyamətdə mütləq bizim dadımıza yetişər, bizə sahib çıxarlar”. Dəlinin vəliyə tövsiyəsi Bir gün böyük sufi Bayezid Bəstami xəstəxananın qabağından keçirmiş. Görür ki, xəstəxana xidmətçisi qapıda oturub, əlindəki toxmaqla nə isə döyəcləyir. Bayezid yaxın gəlib soruşur: “Nə edirsən?” Xəstəxana işçisi cavab verir: “Bura ağlını itirmiş adamların xəstəxanasıdır. Dərman içmək vaxtları çatıb, onlar üçün dərman hazırlayıram”. Bayezid deyir: “Mənim xəstəliyim üçün də dərmanın varmı?” Xəstəxana işçisi soruşur: “Sənin xəstəliyin nədir?” Bayezid: “Günaha aludə olmaq, Allahı unudub nəfsimin dalınca düşmək”. Xəstəxana işçisi Bayezidi təpədən-dırnağa heyrətlə süzüb cavab verir: “Mən dediyin xəstəlikdən baş çıxarmadım. Bunun dərmanı məndə yoxdur”. Ümidi üzülmüş Bayezid çıxıb getmək istərkən, xəstəxananın dəmir barmaqlıqla qapanmış pəncərələrindən birinin arxasından səs eşidir: “Yaxın gəl, mən sənin xəstəliyinin əlacını bilirəm”. Bayezid səs gələn tərəfə baxıb görür ki, onunla danışan ruhi xəstələrdən biridir. Pəncərəyə yaxınlaşıb deyir: “Eşidirəm, dərmanımı de”. Qarşı tərəf söyləyir: “Tövbə otunun kökünü istiğfar ağacının yarpağı ilə qarışdır. Bunları qəlb həvəngində tövhid toxmağı ilə döyəcləyib əz. Sonra bunu insaf ələyinin gözündən keçir, göz yaşı ilə yoğur, eşq ocağında bişir. Bu dərmanı hər səhər-axşam bol-bol ye. Bir müddət sonra xəstəliyindən əsər-əlamət qalmaz”. Bayezid heyrət içində donub qalmışdı. Özünə gəlincə yalnız bunu söyləyə bildi: “Əgər bu sözləri söyləyən adama dəli deyib bura gətiriblərsə, onda həqiqətən, bu dünyanın bir dəyəri yox imiş”. Mələkləri qova bilməzsən Bir cavan oğlan məşhur sufi İbrahim Ədhəmin yanına gəlib nəsihət istəyir. İbrahim sözünə belə başlayır: “Sən istədiyin kimi yaşa. Cənab Əzrayil canını almağa gələndə, qov getsin”. Cavan heyrət içində soruşur: “Nə danışırsınız? Əzrayili qovmaq olarmı?” İbrahim sözünə davam edir: “Bağışla, səhv etdim, Əzrayili qovmaq olmaz. Sən qəbirdəki sorğu-sual mələklərini qovarsan. Öləndən sonra səni qəbrə qoyacaqlar. İnkirlə Nəkir qəbrin içinə girib səni suala tutmaq istəyəndə onları qov getsinlər”. Cavan etiraz edir: “Axı onları da qova bilmərəm! Mələkləri necə qovmaq olar?” İbrahim bu cavabı gözləyirmiş kimi dərhal söyləyir: “Əgər Əzraili qova bilməyəcəksənsə, bəri başdan ölümə hazırlaş. Əgər sorğu-sual mələklərini qovmağa gücün yoxdursa, onda bəri başdan onların suallarına cavab hazırla”.

Please publish modules in offcanvas position.