Hazırcavablar

/ Bazar ertəsi, 20 May 2013 12:21
Hazırcavablar
Gərək çayın suyu ilə təbərrük edəydin Öz zəmanəsinin ən böyük müctəhidi sayılan Şeyx Mürtəza Ənsarinin müasirlərindən biri dini məzmunlu bir kitab yazıb, rəy almaq üçün əlyazmanı ona təqdim edir. O zamanlar müəlliflər öz kitablarının əlyazma nüsxəsini məşhur müctəhidlərə verib xahiş edirdilər ki, oxuduqdan sonra bəyənsələr, ona müsbət rəy yazsınlar. Buna “təqriz” deyilirdi (İndi də kitablara görkəmli alimlərin rəy və ön söz yazmaları adətdir). Şeyx Ənsari kitabı ayaqüstü vərəqləyib görür ki, həm məna baxımından, həm də ədəbi cəhətdən çox aşağı səviyyədədir. Bu arada müəllif yorulmadan öz əsərini tərifləməkdə davam edir: “Mən bu kitabı çox zəhmət bahasına yazmışam. Əlinizdəki nüsxəni imamların müqəddəs hərəmlərinə aparmışam, mübarək zərihlərə (imamların məzarları üzərindəki qızıl məhəccərlərə) sürtüb təbərrük etmişəm. Indi də sizin xidmətinizə gətirmişəm ki, ona təqriz yazasınız”. Şeyx Ənsari kitabı büküb müəllifə qaytarır və söyləyir: “Kaş ki, bu kitabı imamların zərihi ilə təbərrük etmək əvəzinə Fürat çayı ilə təbərrük edəydin”. (Yəni kitabı Fürat çayına salıb çıxaraydın, bütün yazının mürəkkəbi yuyulub gedəydi). Əgər onun elminin səviyyəsini bilsəydin... Mədrəsə tələbələrindən biri dövlət idarəsinə ərizə yazır. İdarədə işləyən məmur ərizəni alanda görür ki, çox pis xətlə yazılıb. Məmur nə qədər çalışırsa, tələbənin xəttini oxuya bilmir. Təsadüfən, bu zaman həmin tələbənin müəllimi də məmurun yanında imiş. Məmur hirslə ərizəni bir tərəfə atıb deyir: “Bu nədir? Tələbələr bütün ömürlərini sərf-nəhv (ərəb qrammatkası) oxumağa həsr edirlər, amma hüsni-xətti öyrənməyə vaxtları çatmır”. Öz şagirdini yaxşı tanıyan müəllim cavab verir: “Əgər bu tələbənin sərf-nəhvdəki səviyyəsini bilsəydiniz, deyərdiniz ki, yəqin ömrünü hüsni-xəttə sərf edib, sərf-nəhv oxumağa vaxtı çatmayıb”. Məni özünüzdən ötrü saxlayın Xacə Nəsirəddin Tusi Elxani hökmdarı Hülaku xanın ən yaxın vəziri və müşaviri idi. Saraya yaxın olan bəzi alimlər həmişə Tusinin paxıllığını çəkirdilər. Ona görə də bu alimlər Tusini hər mümkün vasitə ilə aradan götürməyə çalışırdılar. Hülaku və ailə üzvləri İslam dinini qəbul etməmişdilər, buna görə də İslamın qayda-qanunlarını yaxşı bilmirdilər. Xanın anası vəfat edəndə Tusiyə paxıllıq edən alimlərdən biri fürsəti qənimət bilib, öz məqsədini həyata keçirməyi qərara alır. Hülakunun yanına gəlib deyir: “Bizim dinimizdə deyilir ki, adam öləndən sonra sorğu-sual mələkləri onun qəbrinə daxil olub, din haqqında sual verirlər. Suala düzgün cavab verə bilməyənlərə əzab verilir. Sizin ananız İslam dinini yaxşı bilmir. Qorxuram ki, mələklərin suallarına cavab verə bilməsin. Tusi böyük alimdir, dini yaxşı bilir. Əmr verin, onu da ananızla birlikdə qəbirdə dəfn etsinlər ki, sorğu-sual mələklərinə cavab verməkdə ananıza kömək etsin”. Söz Hülakunun ağlına batır, Xacə Tusini dərhal yanına çağırtdırır. Tusi gələndə Hülaku həmin alimin məsləhətini ona danışıb fikrini soruşur. Tusi işin nə yerdə olduğunu dərhal anlayır və hazırcavablıqla söyləyir: “Hökmdar sağ olsun, ölüm hər kəsin qapısını döyəcək. Mən çox sevindim ki, bu adam məni hamıdan savadlı sayıb, ananıza kömək etməyimi sizə məsləhət görüb. Amma mən təklif edirəm ki, ananızın qəbrində bu adamın özünü dəfn etdirəsiniz, qoy onun əvəzinə suallara cavab versin. Məni isə özünüzdən ötrü saxlayın, çünki mən bu alimdən daha savadlıyam. Siz vəfat edəndə məni də sizinlə birlikdə qəbirə qoyarlar, o zaman sizin əvəzinizə sorğu-sual mələklərinə mən cavab verərəm”. Hülaku həmin paxıl adamı öz anasının cənazəsi ilə birlikdə diri-diri torpağa basdırmağı əmr edir. Necə deyərlər, “özgəsinə quyu qazan özü düşər”. (Seyyid Nemətullah Hüseyninin «Mərdane-elm dər meydane-əməl» kitabının I cildindən).

Please publish modules in offcanvas position.