Alimlərin kəraməti

/ Bazar ertəsi, 27 May 2013 10:21
Alimlərin kəraməti
XIX əsrin əvvəllərində yaşamış məşhur müctəhid Şeyx Cəfər Kaşifül-qitanın oğlu Şeyx Həsən xatırlayırdı ki, atası hər gecə azacıq yatandan sonra yuxudan oyanar, gecə namazının vaxtı çatana kimi mütaliə edər, kitab yazar, dərsə hazırlaşardı. Gecə namazını qılandan sonra isə sübh namazına kimi dua edib minacat oxuyardı. Bir gecə övladları Şeyx Cəfərin ağlamaq səsinə yuxudan ayılırlar. Görürlər ki, Şeyx hönkürtü ilə ağlayır və Allahdan əfv olunmasını istəyir. Səbəbini soruşanda deyir ki, bu gecə günah etmişəm, indi onun tövbəsini edirəm. Övladları onun nə günah etdiyini soruşanda Şeyx Cəfər danışmağa başlayır: “Axşam bir fiqh məsələsinin haqqında düşünürdüm. Keçmiş alimlər onun həllini öz kitablarında veriblər. Amma mən bu məsələnin sübutunu tapmaq istəyirdim. Hədis kitablarını nə qədər axtardımsa, bu barədə bir sübut tapa bilmədim. Axırda yorulub öz-özümə dedim ki, yəqin bu alimlər heç bir sübutsuz özlərindən fətva veriblər. Onların ruhundan bədgüman oldum. Sonra uzanıb yatdım. Yuxuda gördüm ki, İmam Əlinin (ə) hərəminə ziyarətə getmişəm. Başmaqlarımı çıxarıb ayaqqabı qoyulan yerə verdim, qapıdan boylanıb gördüm ki, hərəmin içərisi adamla doludur. Nurani simalı bir şəxs vüqarla minbərdə oturub dərs deyir, hamı diqqətlə ona qulaq asırdı. Ayaqqabılara nəzarət edən adamdan soruşdum ki, bu adamlar kimlərdir, minbərdə dərs verən adam kimdir? Cavab verdi ki, minbərdə oturan adam “Şərayeül-İslam” kitabının müəllifi Mühəqqiq Hillidir. Yerdə oturub onu dinləyənlər isə alimlərdir. Mən sevincək özümü hərəmin içərisinə saldım. Fikirləşdim, madam ki, burada alimlər toplaşıblar, deməli, mən də burada olmalıyam, bu məclis elə mənim yerimdir. İçəri keçib ədəblə salam verdim, amma salamımı çox etinasız aldılar, oturmağa yer də göstərmədilər. Pərt oldum. Üzümü Mühəqqiq Hilliyə tutub dedim: “Mən də fiqh alimiyəm, müctəhidəm, sizlərdən biriyəm. Niyə mənə hörmət etmədiniz?” Mühəqqiq Hilli hiddət duyulan bir səslə mənə cavab verdi: “Ey Cəfər, alim bu şəxslərdir. Onlar zəhmət çəkib məsumların hədislərini toplamaq üçün müxtəlif ölkələrə səfər ediblər, ravilərin dilindən hədisləri qeydə alıb kitablarda cəm ediblər. Hər hədisi öz mövzusuna uyğun olaraq bablarda, fəsillərdə yerləşdiriblər. Hədisin səhih ya zəif olduğunu, hər bir ravinin mötəbərliyini araşdırablar. Bu işləri görüblər ki, sənin kimilər zəhmət çəkmədən asanlıqla istədikləri hədisi tapıb oxusunlar, hər hökmün dəlilini öyrənsinlər. Amma sən xalçanın üstündə rahat oturub kitabları vərəqləməyin zəhmətinə dözmədin, heç əlinin altında olan kitabların hamısını da oxumadan alimlərin haqqında bədgüman oldun. Fikirləşdin ki, bizlər hər hansı hökmü sənəd-sübutsuz vermişik”. Sonra Mühəqqiq əli ilə qabaq cərgədə oturmuş bir nəfəri göstərib sözünə davam etdi: “Halbuki, sənin axtardığın məsələnin sübutunu bax bu adam öz filan kitabının bir neçə yerində dəfələrlə qeyd edib”. Mən baxıb gördüm ki, Mühəqqiqin göstərdiyi adam Molla Feyz Kaşanidir. Yuxudan qorxu və dəhşət içində ayıldım. Feyz Kaşaninin həmin kitabını diqqətlə axtarıb hədisi tapdım. Yuxunun həqiqət olması bir daha mənə sübut oldu. Bu üzdən böyük səhv etdiyimi anlayıb peşman oldum. Buna görə tövbə edib Allahdan bağışlanmaq diləyirəm”. Alimlərin bu cür kəramətləri çox olub. “Tənqihül-məqal” adlı irihəcmli rical kitabının müəllifi mərhum Şeyx Abdullah Maməqani danışırmış ki, bu kitabı yazarkən bir çox mənbələrə dəfələrlə müraciət etməli olurdum. Oturduğum yerdən əlimi uzadıb kitabı götürür və açırdım. Həmişə əlimə istədiyim kitab gəlirdi və həmişə mənə lazım olan səhifə açılırdı. Beləliklə, qalın-qalın kitabları axtarmağa vaxt sərf etmirdim və işim xeyli yüngülləşirdi. Mərhum Ayətullahül-üzma Əraki rəvayət edirmiş ki, bir gün Ayətullahül-üzma Seyyid Hüseyn Birucerdinin yanına getdim. Ayətullah Birucerdinin iştirak etdiyi demək olar ki bütün məclislər istiftaat şəklində olurdu. Dünyanın hər yerindən müqəllidlər öz suallarını yazıb göndərir və fətva istəyirdilər. Birucerdinin tələbələri bir-bir sualları ona oxuyurdular və o, sualların cavabını diqtə edib yazdırırdı. Bir sualın cavabı üçün “Cəvahirül-kəlam” kitabına müraciət etmək lazım gəldi. “Cəvahirül-kəlam” irihəcmli əsərdir, onun təzə nəşri 30 cilddən ibarətdir. O zamanlar isə kitabın daşbasma üsulu ilə çap edilmiş hədsiz qalın və iri cildlərdən ibarət nəşrindən istifadə edirdilər. Bu vərəqlərdə lazım olan məsələni tapmaq çox müşkül olurdu. Məclisdə iştirak edənlərin bir neçəsi lazım olan məsələni tapmağa səy göstərdilər. Hərə kitabı bir neçə dəqiqə səhifələyib axtardı, amma həmin yeri tapa bilmədilər. Axırda Ayətullah Birucerdi dedi ki, kitabı mənə verin. Kitabı əlinə alan kimi dərhal açdı və açılmış səhifəyə nəzər salıb dedi ki, bizə lazım olan məsələni tapdım. Baxıb gördük ki, həqiqətən, axtardığımız səhifədir. (Rəvayətlər Rza Muxtarinin “Simaye-fərzanegan” (səh. 255-256) və Seyyid Nemətullah Hüseyninin “Mərdane-elm dər meydane-əməl” (cild 1, səh. 706-707) kitablarındandır).

Please publish modules in offcanvas position.