Bəhlulla Harunun söhbəti

/ Bazar ertəsi, 03 İyun 2013 10:23
Bəhlulla Harunun söhbəti
Bir gün Harun ər-Rəşid Bəhlulu saraya çağırır. Harun eşitmişdi ki, Bəhlul onun hakimiyyətini daim tənqid edir, camaatı onun əleyhinə qaldırır. Buna görə söhbətə başlayan kimi Bəhluldan soruşur: “Sən mənim aqibətim haqqında nə fikirləşirsən? Qiyamət günündə vəziyyətim necə olacaq?” Bəhlul cavab verir: “Qoy Allahın kitabı Quran bizim aramızda hakim olsun. Öz hərəkətlərini Quranda yazılanlarla yoxla, onda öz aqibətinin necə olacağını bilərsən. Quranda buyurulur ki, “Həqiqətən, yaxşı əməl sahibləri cənnətdə qərar tutacaqlar. Pis əməl sahibləri isə cəhənnəmdə olacaqlar” (İnfitar, 13-14). Əgər əməllərin yaxşıdırsa, aqibətin də yaxşı olacaq. Əks halda, pis sonluqla qarşı-qarşıya gələcəksən”. Harun onun sözlərindəki eyhamı başa düşüb soruşur: “Deyəsən, düşünürsən ki, pis əməllərimə görə məni cəhənnəmə salacaqlar. Bəs etdiyim yaxı işlər nə olacaq? Axı mənim savablarım da var”. Bəhlul cavab verir: “Allah yalnız təqvalıların əməlini qəbul edər (Maidə, 27)”. Harun başa düşür ki, Bəhlul onun yaxşı əməllərinin təqvaya görə yox, bəzi maraqlara görə edildiyini nəzərdə tutur. Soruşur: “Yaxşı, bəs Allahın mərhəməti harada qalacaq?” Bəhlul bu ayə ilə ona cavab verir: “Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır” (Əraf, 56). Bəhlul bununla Allahın Qiyamət günündə yalnız yaxşılıq edənlərə mərhəmət göstərəcəyinə və zalım xəlifənin bu mərhəmətdən uzaq olacağına işarə vururdu. Harun əlacsız qalıb bu sualı verir: “Bəs, mənim Peyğəmbərlə qohumluğum kömək etməyəcək?” (Harun Abbasilər soyundan, yəni Həzrət Mühəmməd Peyğəmbərin (s) əmisi Abbasın nəslindən idi). Bəhlul yenə onun bəhanəsini kəsib bu ayəni oxuyur: “Sur (qiyamət şeypuru) çalınacağı gün artıq aralarında nə qohumluq əlaqəsi olar, nə də onlar bir-birindən soruşub hal-əhval tutarlar” (Möminun, 101). Harun suda boğulub saman çöpündən yapışan adam kimi son bəhanəyə əl atır: “Bəs, Peyğəmbərin şəfaəti?” Bəhlul deyir: “Şəfaət də Allahın icazəsinə bağlıdır”. Sonra bu ayəni oxuyur: “O gün Rəhmanın izn verdiyi və söz danışmağına razı olduğu kəslərdən başqa heç kimin şəfaəti fayda verməz!” (Ta-Ha, 109). Harun Bəhlulun tutarlı sübutlarının qarşısında aciz qalır, başa düşür ki, bu mübahisəni davam etdirmək mənasızdır. Bəhlulun könlünü almaq üçün axırda soruşur: “Bir istəyin varsa de, həyata keçirim”. Bəhlul gülümsəyib deyir: “Xahişim odur ki, günahlarımı bağışlayıb məni cənnətə salasan”. Harun təəccüblə söyləyir: “Bu, mənim imkanım həddində deyil. Özün də bilirsən ki, bunu yalnız Allah bacarar. Amma eşitmişəm ki, çoxlu borcun var. Icazə versən, sənin əvəzinə borclarını ödəyərəm”. Bəhlul qorxmadan cavab verir: “Sən özün camaatın malını qəsb etmisən, xalqa borclusan. Bu qədər borcun olduğu halda mənim borcumu necə verəcəksən? Niyyətin doğrudursa, camaatın malını özünə qaytar”. Harun Bəhlulu sakitləşdirməkdən ümidini üzməmişdi. Bir daha buna cəhd edib soruşur: “İstəyirsən əmr verim ki, ömrünün sonuna kimi sənin üçün xəzinədən məvacib ayırsınlar?” Bəhlul yenə özünü sındırmadan cavab verir: “Ey Harun! Sən də, mən də, hər ikimiz Allahın bəndəsiyik. İkimizin də ruzisini O yetirir. Əgər O sənin ruzini verəcəksə, yəqin ki məni də unutmaz və sənə möhtac etməz”. Bəhlul bunu deyib xəlifə ilə sağollaşır və sarayı tərk edir.

Please publish modules in offcanvas position.